İsmayıllıda zühr edən müxalifətçilər əslində kim olub?

25 Yanvar 2013 14:55 (UTC+04:00)

İsmayıllıda baş verən olaylarla bağlı SİA-ya maraqlı məlumatlar daxil olub. Rayon sakini Ağayar Məmmədov redaksiyamıza zəng edərək rayonda vəziyyətin sakit olduğunu, lakin tanımadığımız şəxslərin arabir qarşıqlıq yaratdığını deyib. O bildirib ki, "bütün İsmayıllı camaatı ya işlərində-güclərində, ya da evlərindədirlər. Ancaq bir də görürsən ki, 5-6 nəfər qəfil hansısa küçədən çıxıb insanları daşa basırlar, insanları məcbur edirlər ki, polislərlə toqquşsunlar".

Rayon sakini 25 yaşlı Vüqar Abışov adlı gənc isə deyir ki, rayonda iğtişaşlar tamamilə səngiyib, ancaq Bakıdan gələn, özlərini müxalifətçi kimi təqdim edən şəxslər dava-dalaş salırlar, insanlara hücum edirlər. Küçə ilə tək gedən adamları bir-bir saxlayıb hədə-qorxu gələrək tələb edirlər ki, dövlətin əleyhinə yığışıb mitinq edək. Polislər də elə bilir ki, bunlar rayon sakinləridir. Ancaq elə deyil".

Məsələ ilə bağlı araşdırma apardıq. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının I müavini Rafael Əhmədov bildirdi ki, burda başqa rayonlardan, Bakıdan gələn müxalifətçilər gərgin vəziyyət, iğtişaş yaratmaq istəyirdilər və bunu da etdilər. Ona görə də saxlanılıblar".

Əldə etdiyimiz başqa bir məlumata görə, İsa Qəmbər və Əli Kərimli dünən gecə saatlarında gizli görüş keçiriblər. Məqsəd də bu olub ki, partiya fəallarından 20-30 nəfəri İsmayıllıya göndərsinlər. Onların bəziləri jurnalist adı altında rayona daxil olaraq sonradan vəziyyəti çətinləşdirməyə cəhd ediblər, bir qismi isə getməkdən imtina edib.

Müsavatdan əldə etdiyimiz məlumata əsasən, bir neçə şəxsin İsmayıllıya getməkdən imtina etməsinə səbəb İsa Qəmbərin onlara təxribat törətmək tapşırığı verməsidir.