Nizami Qocayev: “İsmayıllıda vəziyyət stabildir”

25 Yanvar 2013 12:09 (UTC+04:00)

Məlum olduğu kimi yanvarın 23-də axşam saatlarında İsmayıllı şəhərində fəaliyyət göstərən "Çıraq" hotelinin və 4 ədəd müxtəlif markalı avtomobilin yandırılması ilə nəticələnən insident baş verib. Buna səbəb hoteldə işləyən Bakı şəhər sakini Emil Şəmsəddinovun şəhərin Nizami küçəsində sərxoş vəziyyətdə avtomobil idarə edərkən qəza törətməsi, bundan sonra avtomobildə olan dostu Bakı sakini Elməddin Məmmədovla birlikdə yaxınlıqdakı "VAZ - 2107"nin sahibi, rayon sakini Ramil Bəkirovu döyərək xəsarət yetirmələri olub.

Hadisə yerinə toplaşan bir qrup insan onların bu hərəkətinə etirazını bildirib. Emil Şəmsəddinovun rayon sakinlərini nalayiq söyüşlərlə təhqir etməsi isə münaqişənin daha da böyüməsinə, nəticədə vətəndaşların hoteli və hotelin həyətindəki 3 avtomobili yandırmasına səbəb olub. Sonra bəzi qüvvələrin təhriki ilə insident iştirakçıları İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovun oğlu Elxan Ələkbərova məxsus evə tərəf yürüş edərək oranı yandırmağa cəhd göstəriblər. Rayon polisinin tədbirləri sayəsində baş vermiş hadisənin qarşısı alınsa da, həyətdə olan bir avtomobil yandırılıb.

Gecə saatlarında baş verən olaylar səhərə yaxın sakitləşdirilib. Dünən isə günorta saatlarında vəziyyətin yenidən gərginləşməsinə cəhd edilib. Aksiya iştirakçıları polisə daş atıblar, nəticədə polis əməkdaşlarından xəsarət alanlar olub. Polis aksiyanı dağıdıb, saxlanılanlar var.

İsmayıllı rayon Polis Şöbəsinin rəisi Nizami Qocayev isə bildirib ki, rayonda vəziyyət stabildir. O, rayondakı vəziyyətlə bağlı Daxili İşlər Nazirliyinə mütəmadi məlumat verildiyini də bildirib.