“Mərkəzi Asiya üçün yeni üfüqlər”

24 Yanvar 2013 09:39 (UTC+04:00)

Davosda Dünya İqtisadi Forumunun "Mərkəzi Asiya üçün yeni üfüqlər" mövzusunda sessiyası keçirilib. SİA-nın Prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev sessiyada iştirak edib.

Bir sıra ölkələrin rəsmilərinin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi sessiyada çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə gedən iqtisadi inkişaf prosesləri barədə danışıb. Dövlətimizin başçısı son illərdə Azərbaycanda yüksək dinamik inkişafın müşahidə olunduğunu, ümumi daxili məhsulun üç dəfə artdığını diqqətə çatdırıb.

Enerji sahəsində Azərbaycanın əldə etdiyi uğurlardan danışan Prezident İlham Əliyev bildirib ki, ölkəmizdə qeyri-enerji sektorunun da inkişafı diqqət mərkəzində saxlanılır və bununla bağlı bir çox layihələr həyata keçirilir. Dövlət bu sahədə dəstəyini hər zaman nümayiş etdirir.

Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə toxunan Prezident İlham Əliyev ölkəmizin qlobal iqtisadi və enerji layihələrində iştirakının əhəmiyyətindən danışıb.

Dövlətimizin başçısı regional əməkdaşlıq və digər məsələlərə də toxunub.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev sualları cavablandırıb.