Hələ andiçmə ərəfəsində ABŞ prezidenti Barak Obama öz komandasında islahatlar aparmağa başlamışdı. Bir çox nazirlər Obamanın ikinci prezidentlik müddətinin başlanması ərəfəsində istefa verəcəklərini bəyan etmişdilər.
Yeni komanda, yeni münasibətlər
Dövlət katibi postunda xanım Klintonu senator Con Kerrinin əvəzləyəcəyi, müdafiə naziri vəzifəsində Leon Panettanın yerini isə keçmiş senator Çak Hegelin tutacağı gözlənilir. Bəs, yeni komandadakı dəyişikliklər Azərbaycanla münasibətlərə hansı təsir göstərəcək?
"Anspress" saytı yazır ki, Heritage fondunun təhlilçisi Ariel Koen Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Obamanın ikinci prezidentlik dövründə əsas prioritetlərdən olacağını gözləməsə də, Con Kerrinin ermənipərəst mövqeyinin Azərbaycan üçün mümkün neqativ nəticələri barədə xəbərdarlıq edir: "Con Kerrinin Dağlıq Qarabağ məsələsində mövqeyi ondan xəbər verir ki, ABŞ münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün Ermənistana təzyiq göstərməyəcək. Yaxud bu da ola bilər ki, ABŞ Azərbaycana təzyiq göstərəcək ki, Dağlıq Qarabağın tam azad olunmasını nəzərdə tutmayan plana razılıq versin. Hər iki halda bu, Azərbaycanı ABŞ tərəfdən daha çox təzyiqə məruz qoymuş ola bilər. Azərbaycanla ABŞ arasında əməkdaşlıq müəyyən mənada sual altına alına bilər".
Təzyiqlərin göstərilə biləcəyi real təsir bağışlamır
Bu da doğrudur ki, yeni nazirlər administrasiyaya siyasət yürütmək üçün deyil, prezidentin siyasətini icra etmək üçün qoşulurlar. Ariel Koenin sözlərinə görə, nəticə etibarilə dövlət katibi və digər katiblər prezidentin siyasətini icra edirlər: "Biz hələ baxıb görməliyik ki, Kerrinin Massaçusetsdəki güclü erməni icması qarşısında olan öhdəlikləri onun dövlət katibi kimi fəaliyyətini necə təsirləndirəcək. Bu, qətiyyən o demək deyil ki, dövlət katibi Con Kerri departamentdə senator Con Kerrinin siyasətini icra edəcək".
Dövlət İdarəçilik Akademiyası Siyasi Araşdırmalar İnstitutunun əməkdaşı, politoloq Ərəstun Baxşəliyev Ariel Koenun bəzi açıqlamaları ilə tam olaraq razılaşmadığını deyir: "Hərçənd ki, Ariel Koenin özü də təhlillərində bir sıra fikirlər səsləndirərək öncə söyləmiş olduğu fikrin nə dərəcədə real olub-olmayacağını aydınlaşdırmağa çalışır. O, özü də təsdiq edir ki, yeni nazirlər administrasiyaya öz siyasətlərini yürütmək üçün deyil, prezidentin siyasətini icra etmək üçün təyin olunurlar. Sözsüz ki, ABŞ-ın bölgə və bölgə dövləti olan Azərbaycan ilə bağlı özünün müəyyən maraqları var və ABŞ məhz bu maraqlar kontekstindən bölgədə baş verən proseslərə öz münasibətini bildirir. ABŞ-ın belə qərarlar qəbul etməsində Azərbaycanın balanslı siyasət yürütməsi də şübhəsiz az rol oynamır. Odur ki, dövlət katibi postunda xanım Klintonu əvəz edəcək ermənipərəst senator Con Kerri tərəfindən Azərbaycana qarşı hər hansı bir təzyiqlərin göstərilə biləcəyi o qədər də real təsir bağışlamır".
ABŞ siyasətində "erməni məsələsi"
Xatırlamaq yerinə düşər ki, Barak Obamanın ilk prezident seçkiləri öncəsi də, onun seçilə biləcəyi təqdirdə ABŞ siyasətində "erməni məsələsi"nin xüsusi önəm kəsb edəcəyi gözlənilirdi. Hətta, Obama seçkilərdən öncə qondarma "erməni soyqırımı"nı tanıyacağı vədini də vermişdir. Ancaq, seçkilərdən sonrakı hadisələr bunun heç də asan olmadığını ortaya qoydu. Doğrudur, Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə əlaqədar olaraq Türkiyəyə qarşı görünməmiş ciddi təzyiqlər baş qaldırdı. Ancaq, son nəticədə yenə də bu təzyiqlərin o qədər də səmərəsi olmadı.
Politoloq Ə. Baxşəliyevin sözlərinə görə, bu kimi təzyiqlər təəssüflər olsun ki, bu günün özündə belə davam edir: "Belə ki, Ağ Evin rəsmi saytında Türkiyə və Ermənistan sərhəd xəttinin açılmasına dair çağırışı əks etdirən petisiyanın yerləşdirilməsi bunu bir daha təsdiq edir. Lakin, bütün bunlara baxmayaraq, Türkiyənin məsələ ilə bağlı sərgiləmiş olduğu davranış tərzi, ABŞ-ın məsələyə münasibətdə həddən ziyadə ehtiyatlı olması fikrini ortaya çıxarmışdır.
Görünən odur ki, ABŞ-da ermənipərəst siyasətçilərin hər hansı bir vəzifəyə təyin olunması, nəticə etibarı ilə daha çox Türkiyəyə qarşı təzyiqlərin artmasına gətirib çıxarır. Ancaq yenə də, yuxarıda qeyd etdiyim kimi, bu hələ nə isə demək anlamına gəlmir. Çünki, Türkiyə ABŞ-ın strateji müttəfiqidir və ABŞ öz strateji müttəfiqi ilə hər hansı bir ciddi problem yaşamağı istəməz.
Son olaraq politoloq bildirir ki, Con Kerrinin erməni təəssübkeşliyi ABŞ-ın Azərbaycanla bağlı siyasətində hər hansı dəyişikliyin ola biləcəyi ehtimalını artırmasa da, ancaq onun bir çox zamanlarda Ermənistan tərəfindən çıxış edəcəyi və ya Ermənistanı müxtəlif səviyyələrdə himayə edəcəyi də istisna edilə bilməz. Çünki, Con Kerrinin Massaçusetsdəki güclü erməni icması qarşısında olan öhdəlikləri də yaddan çıxmayıb.