“20 Yanvar – Şəhidlər unudulmur!” FOTO

18 Yanvar 2013 17:07 (UTC+04:00)

Gənclərimizdə, şagirdlərimizdə vətənpərvərlik ruhunun aşılanması, onlara 20 Yanvar həqiqətlərinin daha dərindən çatdırılması məqsədi ilə "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi "20 Yanvar – Şəhidlər unudulmur!" adlı tədbir keçirib. SİA-nın məlumatına görə, tədbirdə Kəlbəcər rayon orta məktəblərinin şagirdələri ilə birgə İctimai Birliyin nümayəndələri Şəhidlər Xiyabanını ziyarət edib, uşaqlara bu tarix haqqında məlumat verilib və şəhidlərin məzarına qərənfillər düzülüb. Ziyarət zamanı İctimai Birliyin hazırladığı informativ bukletlər məktəblilərə paylanılıb.

1990-cı il, yanvarın 19-dan 20-nə keçən gecə azğınlaşmış sovet ordusunun, erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı terror aktı həyata keçirdi. Azadlıq harayını boğmağa yönəlmiş bu insan qırğını öz canını vətən yolunda qurban verənləri cənnətə, Azərbaycanı isə müstəqilliyə qovuşdurdu.

Bir gün ərzində Bakıda 137 nəfər öldürüldü, 700-dək insan yaralandı, 800-dən çox adam qanunsuz həbs edildi. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş bu tarix Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

Vətən öz şəhidlərini heç vaxt unutmayacaq 20 Yanvar Azərbaycan xalqının hüzn və şərəf günüdür. Xalqımız bu faciədə həyatdan getmiş övladlarına matəm saxlamaqla bərabər, eyni zamanda onların şəhidlik zirvəsinə baxaraq başını dik tutmalıdır. Çünki Vətən və torpaq şəhidləri ilə ucalır.