Ordu qürurumuzdur

16 Yanvar 2013 16:22 (UTC+04:00)

Güclü ordu elə güclü dövlət deməkdir. Bu gün sürətlə inkişaf edən Azərbaycanın silahlı qüvvələri də ölkənin bu inkişaf tempinə uyğun şəkildə formalaşır, daha da güclənir və qüdrətlənir. Ulu öndər Heydər Əliyev orduya qayğını, hörməti cəmiyyətin, xalqın şərəfli vəzifəsi hesab edirdi: "Müstəqil dövlətin özünün qüdrətli ordusu olmalıdır. Bu qüdrətin əsasını xalq və onun bir hissəsi olan ordu təşkil edir!".

Biz bu gün qürur hissi ilə deyə bilərik ki, Azərbaycan Respublikasının Milli Ordusu-respublikamızın təhlükəsizliyini, əhalimizin əmin-amanlığını və müdafiəsini təmin etmək, ölkəmizin sərhədlərinin qorunması, ərazi bütövlüyünün, torpaqlarının müdafiə edilməsi üçün Azərbaycanın layiqli Silahlı Qüvvələri vardır.

Bu gün Heydər Əliyev ideyalarını uğurla həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə xalqımız sabaha böyük inamla baxır.
Həyatımızın bütün sahələrində, o cümlədən ordu quruculuğunda əldə olunan nailiyyətlər göz qabağındadır.

Ötən il ümumi hərbi xərclər üç milyard dollardan çox olub

Yanvarın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan prezidenti İlham Əliyev ordu quruculuğu istiqamətində 2012-ci ildə də böyük işlər görüldüyünü deyib: "Ordumuzun gücləndirilməsi üçün böyük tədbirlər görülüb, böyük sayda texnika, silah-sursat alınıb, infrastruktur yaradılıb".

Prezident qeyd edib ki, ötən il ümumi hərbi xərclər üç milyard dollardan çox olub: "Bu il büdcəmizdə hərbi sahəyə ayrılan ümumi xərclər 3,7 milyard dollar səviyyəsindədir. Müqayisə üçün deyim ki, Ermənistanın ümumi büdcəsi iki milyard dollardan azdır. Əlbəttə, bu, bizə yeni imkanlar yaradır. Biz bu imkanlardan da istifadə edəcəyik".

Gündən-günə güclənən Azərbaycan ordusunun müasir texnika ilə təminatı, tədrisin NATO standartları səviyyəsinə çatdırılması artıq öz bəhrəsini verir. Zaman-zaman Azərbaycan və Ermənistan ordularının müqayisəli təhlili aparılır.

SİPRİ, Dünya Silah Ticarətinin Analizi Mərkəzi (SAMTO) kimi təşkilatların hesabatları, silah ixracatçısı olan ölkələr tərəfindən BMT Adi Silahlar Registrinə təqdim edilmiş məlumatların analizlərinə əsasən, Azərbaycan 2001-2011-ci illərdə müxtəlif ölkələrdən 450-dən artıq müxtəlif çaplı raket-artilleriya sistemləri satın alıb. Bunun 120-yə yaxınını iri çaplı minaatanlar, 70-ə qədərini reaktiv artilleriya sistemləri, 3 kompleks "yer-yer" tipli "Toçka-U" sistemi, 100-dən çoxu özüyeriyən artilleriya sistemidir.

Üstünlüyü Ukrayna və İsrail tutub

Azərbaycanın artilleriya silahlanmasında fərqli coğrafiyalara yer verilməsinə baxmayaraq, ötən onillikdə bu sahədə üstünlüyü Ukrayna və İsrail tutub. Hesabat dövründə Azərbaycan Ukraynadan 310 ədəd, İsraildən isə 50-yə yaxın müxtəlif çaplı artilleriya sistemləri satın alıb. Hər iki ölkədən verilmiş sifarişlər 2012-ci ildə də davam edib.

Hesabat dövründə Azərbaycan Ukraynadan 24 ədəd 9A52 "Smerç" (2004-2011), 4 ədəd 9P129-1M "Toçka-U" kompleksi (2008), 54 ədəd 2S1 "Qvozdika", 16 ədəd 2S3 "Akatsiya" sistemi (2008-2010), 127 ədəd D-30 (2002-2007), 85 ədəd 120 mm-lik PM-38 tipli minaatan (2005-2006), Belarusdan 30 ədəd 120 mm-lik D-30 haubitsası (2010), 12 ədəd 2S7 "Pion" (2008-2009) özüyeriyən artilleriya sistemi, Bolqarıstandan 36 ədəd M-46 tipli haubitsa (2002), Bosniya və Herseqovinadan 10 ədəd 128 mm çaplı RAK-12 reaktiv atəş sistemi (2010), İsraildən LAR-160, Lynx Qrad tipli reaktiv atəş sistemi, Atmos-2000 tipli haubitsa, Cardom tipli avtomatik minaatan, Rusiyadan 20-dən artıq 2S9 "Nona-S" tipli özüyeriyən minaatan (2004) alıb.

Azərbaycan 2012-ci ildə tərəflər arasında imzalanmış müqavilələr üzrə İsraildən böyük həcmdə atıcı silahlar, rabitə vasitələri, raket və pilotsuz sistemlər idxal edib. Ötən il İsraildən alınmış atıcı silahlar arasında UZİ markalı tapança-pulemyotlar, TAR-21 "Tavor" hücum tüfənginin müxtəlif modifikasiyaları, "Negev" tipli əl pulemyotları, snayper tüfəngləri, raket kompleksləri, müxtəlif çaplı artilleriya sistemləri, komanda-kontrol sistemləri yer alıb.

2012-ci ildə Azərbaycan İsrailin "Aeronautics" firması ilə ölkə daxilində "Orbiter 2M" və "Aerostar" tipli pilotsuz uçuş aparatlarının istehsalını reallaşdırmaqla yanaşı, İsrailin "Elbit Systems" firmasından "Heron" və "Hermes-900" tipli yeni pilotsuz aparatlar əldə edib. Sifarişlərin bir qisminin çatdırılması 2013-cü il ərzində davam edəcək.

Türkiyədən 107 və 122 mm çaplı reaktiv atəş sistemləri, müxtəlif artilleriya sistemləri alıb. Yaxın illərdə Türkiyəyə sifariş verilmiş T-155 "Fırtına" özüyeriyən artilleriya sisteminin də silahlanmaya qəbulu gözlənilir. Azərbaycan Türkiyədək 36 ədəd T-155 "Fırtına" sistemi almağı planlaşdırır.

İşğal altındakı ərazilər Ordumuzu artilleriya sistemlərinin mənzili daxilindədir

Hesabat dövründə Azərbaycanın əldə etdiyi artilleriya sistemlərinin 55 faizə qədərini 40-150 km hədəf uzaqlığı, 22 faizini atış uzaqlığı 20-40 km, qalan hissəsini isə atış uzaqlığı 20 km-dək olan raket-artilleriya silahları təşkil edib.

Bu müddətdə dövrdə Belarusdan alınmış 12 ədəd 203 mm-lik 2S7 "Pion" özüyeriyən artilleriya sistemi düşmənin 50 km uzaqlıqda möhkəmləndirilmiş hədəflərini, bazalarını, canlı qüvvəsini məhv etmək imkanına malikdir. Ukraynadan satın alınmış 24 ədəd "Smerç" kompleksi Azərbaycan Silahlı Qüvvələrinə uzaq məsafədəki hədəfləri məhv etmək üçün əlavə güc qazandırıb. Hazırda postsovet məkanında 7 ölkənin silahlanmasında yer alan "Smerç" sistemləri düşmənin 80 km məsafədə bütün infrastrukturunu məhv etməyə, böyük dağıdıcı gücə malikdir. 12 raket buraxıcı lülədən ibarət olan bir "Smerç" yaylım atəşində 72 hektar sahəni məhv edir.

Hazırda Azərbaycan Ordusunun uzaq məsafəli atəş dəstəyi 120 km məsafəyə malik "Toçka-U" raket kompleksi və İsrail istehsalı olan 150 km-lik LAR-160 sistemləri hesabına təmin olunur.

İşğal altındakı ərazilər, o cümlədən Dağlıq Qarabağda Ermənistan Ordusunun bütün obyektləri Azərbaycan Ordusunun artilleriya sistemlərinin mənzili daxilindədir. Ermənilərin Xocalı hava limanına uçuşları bərpa etmək cəhdlərinə mane olan əsas amillərdən biri də məhz Azərbaycan Ordusunun bir reaktiv atəş sistemi vasitəsi ilə aeroportu sıradan çıxaracağı ehtimalıdır.

Əsas yeri raket-artilleriya silahları tutur

Prezident İlham Əliyevin Sərəncamı ilə 2005-ci ilin 16 dekabrında yaradılan Müdafiə Sənayesi Nazirliyi tərəfindən qısa müddət ərzində ölkədə 42 istehsal sahəsi yaradılıb. İstehsal olunan müdafiə təyinatlı məhsulların çeşidləri 665-ə çatdırılıb. Bundan başqa Azərbaycanda silah və texnikaları sınaqdan keçirmək üçün Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda ən müasir Sınaq Mərkəzi yaradılır.

Azərbaycanın 2001-2011-ci illərdə satın aldığı silah və hərbi texnikanın tərkibində əsas yeri raket-artilleriya silahları tutub. Təhlillər göstərir ki, bu dövrdə Azərbaycan uzaq mənzilli artilleriya sistemlərinin sayına görə Ermənistanı ən azı 2 dəfə qabaqlayıb. Hansı ki, rəsmi Bakının son illərdə sahib olduğu və nümayiş etdirdiyi yeni sistemlər hərbi əməliyyatlar başlayacağı təqdirdə düşmənin cəbhənin dərinliklərindəki strateji obyektlərini dəqiq zərbələrlə məhv etməyə imkan verəcək.

Müdafiə Sənayesi Nazirliyi tərəfindən də yaxın perspektivdə bu sahədə müəyyən addımların atılması nəzərdə tutulur. Hazırda 60 və 82 mm-lik minaatanların, 107 mm-lik reaktiv atəş sistemlərinin, onların mərmilərinin istehsalını reallaşdıran nazirlik tərəfindən 120 mm-lik minaatanların, 105 mm-lik haubitsaların, 57 və 122 mm-lik reaktiv atəş sistemlərinin və onların döyüş sursatlarının istehsalı ilə bağlı layihələr üzərində işlər aparılır.

Həm peşəkarlıq, həm nizam-intizam artmalıdır

Ölkə başçısı İlham Əliyev ordu quruculuğu işində təkcə maddi-texniki təchizatın rol oynamadığını, eyni zamanda, peşəkarlıq və nizam-intizamın da əhəmiyyətli olduğunu vurğulayıb: "Həm peşəkarlıq, həm nizam-intizam artmalıdır. Ordu cəmiyyətin bir parçasıdır. Orduda xidmət edən vətəndaşlar cəmiyyətin üzvləridir. Hər bir sahədə olduğu kimi, orduda da qüsurlar, nöqsanlar ola bilər. Ən önəmli məsələ ondan ibarətdir ki, bu nöqsanlar və qüsurlar vaxtında aşkarlanır və dövlət tərəfindən ciddi ölçülər götürülür. Biz gələcəkdə də ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi, peşəkarlığın, nizam-intizamın artırılması istiqamətində siyasətimizi aparacağıq".

Azərbaycanda hərbi kadrların hazırlanmasına böyük diqqət göstərilir. Hərbçilərimizin peşəkarlığı, döyüş qabiliyyəti ildən-ilə artır, ruh yüksəkliyi yüksək səviyyədədir.

Azərbaycan Silahlı Qüvvələri 1994-cü ildən NATO ilə Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlıq edir, bundan başqa Azərbaycan Silahlı Qüvvələrinin bir sıra xarici dövlətlərlə də əlaqələri var. Bu əlaqələr Azərbaycan ordusunu daha gücləndirir. Azərbaycan Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri tam şəkildə NATO standartlarına uyğunlaşdırılıb. NATO çərçivəsində Azərbaycanın hərbi qulluqçuları treninqlər keçirir və xarici dil kurslarında iştirak edirlər. Sülh Naminə Tərəfdaşlığın ən işlək mexanizmi olan Fərdi tərəfdaşlıq Fəaliyyəti Proqramı geniş sahəli tədris və təlim işlərini əhatə edir. Hər il NATO-Azərbaycan arasında olan Fərdi Tərəfdaşlıq Proqramı çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin 1000-dən çox şəxsi heyəti müxtəlif hərbi sahələr üzrə tədris tədbirləri və təlimlərdə iştirak edir. 1997-ci ildən etibarən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin, 2000-ci ildən etibarən Silahlı Qüvvələrin Hərbi Akademiyasında, 2001-ci ildən isə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO hərbi təhsil sistemi tətbiq olunur. Azərbaycanın NATO-ya inteqrasiyası ilə bağlı yeni ikitərəfli plan hazırlanır.

Xalqımız orduya kölgə salmaq istəyənlərə layiqli cavabını verəcək

Orduya diqqət təkcə bu amillərlə məhdudlaşmır. Azərbaycan dövləti hərbçilərin məişət problemlərinin həlli üçün də lazımi addımlar atır. 2011-ci ildə hərbçilərin əmək haqları 25 faiz artırılıb. Ötən il onlarla yeni yaşayış binası tikilərək hərbçilərin sərəncamına verilib və hazırda yeni mənzillərin tikintisi davam etdirilir. Dövlət başçısının sərəncamı ilə orduda 20 il qüsursuz xidmət etmiş hərbçilərə dövlət vəsaiti hesabına mənzillərin verilməsi də nəzərdə tutulub. Bu da Azərbaycan dövlətinin öz ordusuna, hərbçisinə olan diqqətinin təzahürüdür.

Bir sözlə, Prezidentin söylədiyi kimi orduya diqqət Azərbaycan dövlətinin prioritetidir.

Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycan Ordusu Cənubi Qafqazda aparıcı hərbi qüvvədir: " Bizim ordumuz böyük nailiyyətlərə çatıb. Biz heç vaxt imkan verə bilmərik ki, antimilli ünsürlər ordumuzu qaralasınlar, ləkələsinlər, ordumuza kölgə salsınlar. Biz buna heç vaxt imkan vermərik. Mən də Ali Baş Komandan kimi buna heç vaxt imkan verməyəcəyəm. Azərbaycan xalqı da buna imkan verməyəcək, ordumuza kölgə salmaq istəyən ünsürlərə öz layiqli cavabını verəcək və verir".

Dövlət başçısı İlham Əliyevin sözləri ilə desək, "Bizim ordumuz bizim qürurumuzdur. Bizim ordumuz müstəqilliyimizi şərtləndirən amildir. Biz bundan sonra da orduya, ordu quruculuğuna, hərbçilərə olan diqqəti artıracağıq, bu diqqəti göstərəcəyik".