Bu gün Sloveniya Respublikasının baş naziri Yanez Yanşanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə Azərbaycan-Sloveniya biznes forumu keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan və Sloveniya tərəfindən rəsmi şəxslərlə yanaşı, turizm, enerji, İKT, tikinti, qida sənayesi, əczaçılıq, təhsil, mədəniyyət və idman, konsaltinq sahələrində fəaliyyət göstərən 200-dən çox iş adamı iştirak edib. Forumda İİN-i Şahin Mustafayev Azərbaycanın Avropa İttifaqına üzv ölkələr, o cümlədən Sloveniya ilə ikitərəfli əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb: "Hazırda Azərbaycan və Sloveniya siyasi münasibətləri yüksək səviyyədədir, bu münasibətlər hörmət və dostluq, qarşılıqlı maraq prinsiplərinə əsaslanır. Dövlət başçılarının qarşılıqlı səfərləri, imzalanan sənədlər iki ölkə arasında əlaqələrin inkişafına təkan verib. İndiyənədək Azərbaycan və Sloveniya arasında 10 sənəd imzalanıb. İki ölkə arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri də ticarət əlaqələridir və ölkələrimizin mövcud potensialından səmərəli istifadə etməklə qarşılıqlı ticarətin inkişafı və diversifikasiyası istiqamətində işlər davam etdirilməlidir. Bundan başqa, Azərbaycanda mövcud siyasi və makroiqtisadi sabitlik, iqtisadiyyatın davamlı inkişafı, əlverişli biznes mühiti, iş adamları arasında əməkdaşlığın inkişafı üçün geniş imkanlar yaradır".
Sloveniya respublikasının baş naziri Yanez Yanşa Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, iki ölkənin böyük iqtisadi potensiala malik olduğunu və mövcud imkanlardan səmərəli istifadənin, eləcə də iş adamları arasında əçəkdaşlığın genişləndirilməsinin Sloveniya və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında əhəmiyyətli olacağını qeyd edib: "Azərbaycan və Sloveniya İKT, tikinti və əczaçılıq kimi sahələrdə əməkdaşlıq edir. Biz Azərbaycanla emal sənayesi, logistika, elm, texnologiya və təhsil kimi sahələr üzrə əməkdaşlıqda maraqlıyıq. 2011-ci ildə Sloveniyaya Azərbaycandan 13 min turist gəlib, bu isə 2010-cu ilə nisbətən 70% çoxdur. Biz Azərbaycan turistlərini Sloveniyaya dəvət edirik.
Tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya mühitinə, Sloveniyanın sahibkarlıq, İnnovasiya, İnkişaf, İnvestisiya və Turizm üzrə Dövlət Agentliyinin ("SPİRİT Slovenia") rəhbəri Boştyan Skalar ölkəsinin iqitsadi imkanlarına dair təqdimatlarla çıxış edib.
Biznes forumu çərçivəsində AZPROMO və "SPİRİT Slovenia", Bakı Dövlət Univeristeti ilə Lyublyana Universiteti, AZərbaycan Texniki Universiteti ilə Sloveniyanın "İskratel" şirkəti, Oğuz rayonu və Sloveniyanın Nova Qoritsa şəhərinin icra hakimiyyətləri, Azərbaycanın "Azərinşaatservis" və Sloveniyanın "Duol" şirkətləri arasında əməkdaşlıq haqqında anlaşma memarandumları imzalanıb.
Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.

.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)