Əli Abbasov: “İlk telekommunikasiya peykimiz fevral ayında orbitə çıxarılacaq”

16 Yanvar 2013 02:41 (UTC+04:00)

İKT sektoru 2004–2013-cü illər üzrə hər üç ildə təxminən iki dəfə genişlənib, 2012-ci ildə isə sektorun artım tempi təxminən 18 faiz olub. Bu isə ümumdünya orta artım tempindən təxminən 2,5 dəfə yüksəkdir. SİA-nın məlumatına görə, bunu Azərbaycan prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.

Ə.Abbasovun sözlərinə görə, MDB ölkələri sırasında ilk dəfə 2008-ci ildə Azərbaycanda bütün yaşayış məntəqələri telefonlaşdırılıb, 2010-cu ildə isə tam elektronlaşdırılıb: "Keçən il şəbəkəyə, təxminən 20 min nömrə də əlavə olunaraq, "yeni nəsil şəbəkəsi" texnologiyaları tətbiq olunub. Hesabat ilində sektora 400 milyon ABŞ dollarından çox investisiya qoyulub. Son üç ildə Azərbaycan MDB ölkələri arasında geniş regionda İnternet istifadəçilərinin sıxlığına görə liderdir. 2012-ci ildə bu rəqəm 65 faizdən təxminən 70 faizə yaxınlaşıb. Keçən ildə İnternet xidmətlərinin keyfiyyəti yüksəlib, 2011-ci illə müqayisədə xaricə çıxış tutumu 2,2 dəfə artıb, qiymətlər isə təxminən 35 faiz azalıb".

Nazir deyib ki, Azərbaycanın ilk telekommunikasiya peykinin istehsalı başa çatıb və fevral ayının birinci ongünlüyündə orbitə çıxarılması planlaşdırılır: "Peyk orta çəkilidir - 3,2 ton, ABŞ-ın "Orbital" şirkəti tərəfindən istehsal olunub və Fransanın "Arian" şirkəti tərəfindən orbitə çıxarılacaq. Peyk resurslarının 20 faizi ölkəmizin yerli tələbatını ödəmək üçün istifadə olunacaq, qalan 80 faizi isə dünya bazarlarına ixrac ediləcəkdir. Təxminən 40 faizinin satışı üçün şərti müqavilələr imzalanıb".