Ölkə rəhbəri İlham Əliyev indiyənədək milli maraqlarımıza söykənən siyasət irəli sürüb. Hər bir halda hansısa ölkənin hərbi bazalarının birbaşa bizim ölkədə iştirakı daha çox çoxtərəfli formatda müəyyən əməkdaşlıq xəttinə hesablanıb. Bunu SİA-ya millət vəkili Zahid Oruc Rusiyanın Cənubi Qafqazada güc sahibinə malik olaraq özünəməxsus siyasət yürütməsinə münasibət bildirərkən deyib.
Deputatın sözlərinə görə, ölkəmiz bu şəkildə beynəlxalq əlaqələrini gücləndirməyə çalışır: "Bu formatda Azərbaycanı Cənubi Qafqaz arealında ən müstəqil ölkə hesab etmək olar. Belə ki, Gürcüstanı Qərb xristian adası, Ermənistanı isə Rusiyanın ələ keçirdiyi başqa bir xristian dövləti kimi nəzərdən keçirənlər bilirlər ki, Azərbaycanın müstəqillik meydanı kifayət qədər böyükdür. Hesab edirəm ki, bu mənada Xəzər dənizini hərbiləşdirmək yanlışdır. Hətta keçmiş zamanlarda belə Azərbaycan dəfələrlə o təşəbbüslərlə çıxış edib ki, Xəzər ümumiyyətlə, delimitarizasiya zonası elan olunsun və burada silahsızlaşdırma siyasəti yeridilsin. Ümumiyyətlə, Rusiyanın bu regionda silah kütləsini artırdığı faktdır. Ölkəmiz özünün heç bir halda Xəzərdə həyata keçirdiyi bu qədər böyük enerji, karbohidrogen ehtiyyatlarının xaricə çıxması siyasəti üzərində Rusiya hərbi donanmalarının növbə salmağını qətiyyən istəməz. Hesab edirəm ki, bu Qərbin Xəzər dənizi uğrunda savaşını bir qədər də dərinləşdirərdi. Sadəcə olaraq bu dəniz əməkdaşlıq formatına çevrilməlidir, nəinki savaş meydanına".