"Təəssüf edirəm ki, Gültəkin Hacıbəyli radikal müxalifətin əlində qara piar alətinə çevrilib". SİA-nın verdiyi məlumata görə bunu Milli Məclisin deputatı, YAP icra katibinin müavini Mübariz Qurbanlı deyib. Millət vəkili bildirib ki, biz demokratik ölkədə yaşayırıq, Gültəkin Hacıbəyli də başqaları kimi öz fikirlərini azad şəkildə ifadə edə bilər: "Amma o, deputat olarkən hakimiyyətin yürütdüyü siyasəti təbliğ edirdi, bu gün isə radikal müxalifətin qara piar alətinə çevrilib".
M.Qurbanlı bildirib ki, radikal müxalifətin hərəkətləri onu iflasa uğradacaq: "Azərbaycanın hazırkı dövlət başçısı cənab İlham Əliyevə rəqib olacaq şəxs yoxdur. Buna görə radikal müxalifətdən kimin seçkiyə qatılıb-qatılmayacağının heç bir əhəmiyyəti yoxdur. Onlar Eldar Namazovun, Əli Kərimlinin, İsa Qəmbərin, Rüstəm İbrahimbəyovun və yaxud başqa birisinin namizədliyini irəli sürürlər. Bu onların öz müstəqil fikirləridir. Hətta həmin insanlar birləşə də bilərlər. Bunun bizə heç bir aidiyyatı yoxdur. Cənab İlham Əliyev xalq arasında çox populyardır".