Cənub-Aqro - ilboyu faraş tərəvəzin ünvanı FOTO

14 Yanvar 2013 12:15 (UTC+04:00)

Cənub - aqro haqqında çox eşitmişdik. Məhsullarından az dadmamışdıq. Lakin, necə deyərlər, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır, deyiblər atalar. Bu səbəbdən SİA-nın Cənub bürosunun əməkdaşı Lənkəranın baxımlı yerində təşkil olunan, təkcə Lənkəranı deyil, ətraf rayonları da xüsusən də payız-qış aylarında təzə-tər tərəvəz məhsulları ilə təmin edən müəssisəyə baş çəkməyi qərara alıb.

Qeyd edək ki, qısa zaman kəsiyində şöhrət qazanan Cənub-Agro MMC istixanalarda və açıq şəraitdə faraş tərəvəz məhsulları yetişdirilməsi üzrə ixrtisaslaşmış bir müəssisədir. 2004-cü ildə fəaliyyətə başlamış bu müəssisə Lənkəran rayonunun Haftoni qəsəbəsində yerləşir. Buradakı istixanalarda ilin bütün fəsillərində müxtəlif növ tərəvəz bitkiləri yetişdirilməsi üçün tam şərait yaradılıb. Müəssisənin yerləşdiyi 6 hektar ərazinin 3 hektarında müasir istixanalar, qalan ərazidə isə ofis binası, anbar, yeməkxana və təchizat otaqları yerləşir. İstixanalarda Türkiyənin və Rusiyanını tanınmış şirkətlərinin avadanlıqları quraşdırılmışdır.

Artıq şöhrəti bütün respublikaya yayılan müəssisədə bizi direktor Mirnazim Bəşirov qarşıladı. Gəlişimizin məqsədini öyrənən Mirnazim müəllim rəhbərlik etdiyi təsərrüfat barədə bizə ətraflı məlumat verdi. Bildirdi ki, ilboyu parniklərdə pomidor, xiyar, kələm, kahı, badımcan, bibər, lobya və s yetişdirilir. Hazırda istilikxanada 3 növ - çeri, kumito, katel pomidor və 5 növ kahı becərilir. Qış mövsümü ilə əlaqədar olaraq digər tərəvəz növlərinin yetişdirilməsi müvəqqəti dayandırılıb. Təsərrüfatda pomidor yığımı ilə yanaşı, gələcək məhsulun əsası üçün tədbirlər görülür. Biz məhsul yığımı gedən sahələrə baş çəkdik. Qızlar xüsusi nərdivanlar vasitəsi ilə yetişmiş məhsulları yığır, digər dəstə isə hazır məhsulları xüsusi qablara yerləşdrirdilər. Qablaşdırılmış hazır məhsul isə müəssisənin saxlanc yerlərinə aparılır, burada növlərə ayrılır, çəkilir, alıcıllara təqdim olunur. Mirnazim müəllim əlavə etdi ki, müəssisədə bütün prosesslər avtomatlaşdırılıb. İstilikxananın qızdırılmasından tutmuş bitkilərin suvarılmasınadək hər şey sinxron şəkildə aparılır. Gələcəkdə isə təlabata uyğun olaraq rəngli bibər və çiyələk də yetişdirilməsi planlaşdırılır. Müəssisədə iş prinsipı İsrail texnologiyası əsasında qurulmuşdur. İnnovasiya yönümlü olan Cənub-Agro MMC-də texnologiyalar yenidir. Qurulan istixana kompleksi tam avtomatlaşdırılmışdır. Əsas üstünlük ondan ibarətdir ki, tərəvəz bitkiləri yeni məhsuldar sortlar və müasir əkin materiallarında becərilir.

İstixanalarda damcılama suvarma sistemi quruluşdur. Bu sistem şitili lazımi miqdarda su, qida və hava ilə təmin edir. İstixananın hündürlüyü 6 metrdir. İstixanaların örtüyü ultrabənövşəyi şua vermək qabiliyyətindədir. Mövsümdən asılı olaraq pəncərələrin açılıb bağlanması avtomatik idarə olunur. Yüksək boylu pomidor kollarından məhsullar təkərli nərdivanlar vasitəsilə yığılır. İstilikxanalarda avtomatik isitmə sistemi vasitəsilə optimal tempratur əldə edilir. Bitkilərin herbisidlənməsi və qida normativləri avtomatik olaraq tənzimlənir. Burada məhsullar tam orqanik şəraitdə yetişdirilir. İstixanalarda il ərzində 1000 ton məhsul götürülməsi mümkündür. 1 kv.m ərazidən 40-45 kq və 1 şitildən isə 13-14 kq məhsul götürürülür. Hazırda gün ərzində burada 3-4 ton məhsul satışa çıxarılır.

Qeyd edək ki, müəssisə fəaliyyətə başlamamışdan qabaq Lənkəran bazarında pomidorun 1 kq qiyməti 3-4 manat arasında dəyişirdisə, müəssisə fəaliyyətə başlayandan sonra qiymətlər, demək olar ki, 1,5-2 dəfə aşağı düşüb. Hazırda bazarda təzə pomidorun qiyməti 2 manatdan yuxarı qalxmır. Mirnazim müəllimin sözlərinə görə, qiymətləri daha da aşağı salmaq mümkündür. Bununçün ilk növbədə istixananın qızdırılmasından ötrü

istifadə edilən təbii qazın qiymətində güzəştli qiymətlərin tətbiqi vacibdir, yəni tariflərdə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi nəzərə alınmalıdır. Belə olan halda tərəvəz istehsalını artırmaqla yanaşı, istehsal olunan məhsulun maya dəyərini də əhəmiyyətli dərəcədə aşağı salmaq mümkündür.

Müəssisədə yaxın gələcəkdə bir sıra yeniləmə işləri də həyata keçiriləcəkdir. Belə ki, yer səthi ağ palazlarla və ya asfaltla örtüləcək; 80-100 ton saxlama həcmi olan soyuducu kameralar da quraşdırılacaqdır. Bu avadanlıqların köməyi ilə də məhsulu 3 aydan artıq saxlamaq mümkün olacaqdır. Bundan əlavə Cənub Agro-MMC-nin bağ-bostan səhəsi də mövcuddur. Müəssisə geniş çeşidli məhsulları ilə daxili bazarda öz mövqeyini tutmaqla yanaşı, bir sıra ölkələrə də məhsullarını ixrac edir. Yüksək texnologiya əsasında yetişdirilmiş ekoloji cəhətdən təmiz məhsulları respublikanın hər hansı bir nöqtəsinə çatdırılması mümkündür. Təsərrüfatda digər inkişaf etdirilən sahə bağçılıqdır. Artıq müəssiənin ərazisində 0,5 hektarda İtaliyadan gətirilmiş alça, armud, ərik, şaftalı tingləri əkilib. Müəssisə meyvə yetişdirilməsində də yenilik tətbiq edib. Belə ki, yeni əkilmiş tinglər qış aylarında süni örtük altında becərilir ki, bu da onların vaxtından əvvəl məhsula düşməsinə səbəb olur.

Qeyd edək ki, Cənub-Aqroda 17 nəfər çalışır. Onların vaxtında isti yeməklə təmin olunması , istirahəti üçün hər cür şərait yaradılıb.

Təsərrüfatda olanda pomidor yığımı ilə yanaşı, yeni hazırlanmış sahələrdə toxumu Hollandiyadan gətirilmiş 5 növdə kahı əkini keçirilirdi. Həmçinin bir aya yaxın öncə əkilmiş pomidor əkinlərində qayğı ilə becərmə aparılırdı. Mirnazim Bəşirov bildirdi ki, kahı əkinlərindən bir aydan sonra, Novruz bayramı üçün isə yeni əkilmiş pomidorlardan yüksək keyfiyyətli vitaminlə zəngin məhsul əldə etmək mümkün olacaqdır.

Hər bir tərəvəz koluna böyük məhəbbətlə yanaşan Mirnazim müəllim və onun əməksevər mehriban kollektivi ilə xudahafizləşib ayrılırıq. Qışın hər tərəfi boz rəngə bürüdüyü bu günlərdə Lənkəranın keçmiş şöhrətini yaşadan Cənub-Aqroda gördüyümüz yamyaşıl kollar üstündə sıralanan yaşıl, sarı, qıpqırmızı pomidor məhsulları uzun müddət gözümüzün önündən getmir. Ürəyimizdə isə deyirik: İşiniz avand, məhsulunuz həmişə bol olsun, Mirnazim müəllim!

Sərraf MİRSƏFƏROĞLU