Vüqar Rəhimzadə: “Bütün hallarda vətəndaş amili öndə dayanmalıdır”

12 Yanvar 2013 12:24 (UTC+04:00)

"Hesab edirəm ki, Rüstəm İbrahimbəyovun bu cür çıxışı anti-demokratiyaya, qərəzliliyə hesablanıb". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Ziyalılar forumunun üzvü Rüstəm İbrahimbəyovun Azərbaycan dövləti əleyhinə söylədiyi pessimist fikirlərə münasibət bildirərkən deyib.

Baş redaktorun sözlərinə görə, bu gün Azərbaycan dövləti və cəmiyyəti dünya birliyində öz demokratik prinsiplərinə, ədalətli yanaşma tərzinə, inkişafına görə ən nüfuzlu ölkələrdən birinə çevrilməkdədir: "Dövlətimizin bütün sahələrdə (siyasi, iqtisadi və s.) gördüyü işlər demokratik prinsiplərə söykənərək inkişaf etdirilir. Azərbaycan dövləti, iqtidarı, cənab prezident İlham Əliyev və onun komandası ölkəmizdə gedən bütün seçki proseslərinin demokratik şəkildə həyata keçirilməsində maraqlıdır. Təbii ki, bunun üçün də ölkəmizdə kifayət qədər qanunvercilik bazası yaradılıb və seçki məcəlləsinə bir neçə dəfə müsbət dəyişikliklər edilib. Bunların hər biri (insan hüquqlarının qorunması, vətəndaşların azad fikirlərini ifadə etməsi və s.) 2009-cu ildə keçirilən referendumda öz əksini tapıb. Zaman-zaman isə bu dəyişikliklər və qanunvericilik bazası daha da zənginləşdirilir. Bu danılmaz faktdır ki, bu gün Azərbaycan dünyanın ən demokratik ölkələrindən birinə çevrilib. O insanlar ki bu kimi sözləri, ifadələri işlədirlər, hesab edirəm ki, həmin insanlar bununla bir növ siyasi savadsızlığını göstərirlər və səriştəsizliklərini ortaya qoyurlar. Hər birimiz radikal, dağıdıcı müxalifət düşərgəsində hansı oyunların aparıldığının şahidiyik. Bu insanların xisləti anti-Azərbaycan qüvvələri ilə üst-üstə düşən xislətdir k, bu kimi ifadələri özlərinin əsas meyarı seçiblər. Bütün hallarda vətəndaş amili öndə dayanmalıdır".

Prezident seçkiləri öncəsi müxalifətin atdığı kortəbii addımlara da toxunan V.Rəhimzadə bildirib ki, Müsavat Partiyasının başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli nəinki seçkilər öncəsi ölüm savaşına atılıblar, heç bu insanların izi-tozu belə həyatda yoxdur: "Dağıdıcı, radikal müxalifət əməli fəaliyyətləri, xarakterləri ilə öz siyasi sonluqlarını artıq təsdiq ediblər. Həmin insanlar bir illik hakimiyyətləri dövründə belə bir-birlərinə qarşı aqressiv münasibətləri ilə seçilib. Bu adamlar hələ də köhnə təfəkkür prinsipi ilə işlərini həyata keçirməyə cəhd göstərirlər. Birmənalı olaraq vurğulayıram ki, bu gün müxalifətin sosial bazası sıfıra bərabərdir. Axı olmayan şeydən ötrü biz necə deyə bilərik ki, prezident seçkiləri bu insanlar üçün ölüm-dirim mübarizəsi olacaq? Heç şübhəm yoxdur ki, bu gün Azərbaycan vətəndaşları həqiqəti öz əsas amalları olaraq qiymətləndirir, reallığa, Ulu Öndər Heydər Əliyev siyasətinə və bu siyasəti uğurla davam etdirən cənab prezident İlham Əliyevə səs verirlər".

YAP Siyasi şurasının üzvü hesab edir ki, bu gün Azərbaycan konstitusiyası imkan verir ki, cənab İlham Əliyev xalqın istək və arzusuna uyğun olaraq bir neçə dəfə prezident seçilsin: "Əgər prezident İlham Əliyev mənim üçün, vətənim üçün, dostlarım, vətəndaşlarımız eləcə də bütün ölkə üçün faydalı, uğurlu işlər görürsə, nəyə görə mən ona prezident seçkilərində bir daha səs verməyim? Hesab edirəm ki, ölkəsini, dövlətini düşünənlər bundan sonra da qüdrətli Azərbaycana öz səslərini verəcəklər".