22 yaşlı "Səs" REPORTAJ

11 Yanvar 2013 11:10 (UTC+04:00)

1991-ci il yanvarın 11-də nəşrə başlayan "Səs" qəzeti bu gün də ictimai-siyasi qəzet kimi öz fəaliyyətini davam etdirir və həftənin 5 günü nəşr olunur. SİA-nın məlumatına görə, bu gün "Səs" qəzetinin ad günüdür, 22 yaşı tamam olur. Agentliyimiz də bunu nəzərə alaraq qəzetin baş redaktoru Bəhruz Quliyev və mətbu orqanın bir neçə işçisindən müsahibə götürüb. Həmin müsahibələri təqdim edirik:

"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev rəhbərlik etdiyi mətbu orqanın dövlətçiliyimiz üçün çətin sınaqların başladığı bir dövrdə ərsəyə gəldiyini və qarşısına qoyduğu vəzifələri layiqincə yerinə yetirdiyini söylədi.

- 1990-1993-cü illərdə ölkəmizdə ictimai-siyasi durum olduqca gərgin idi, hakimiyyət uğrunda amansız mübarizələr gedirdi, ölkəmiz Ermənistanın işğal və soyqırım təcavüzünə məruz qalmışdı, yüz minlərlə qaçqın-köçkün öz doğma torpaqlarından didərgin düşmüşdü. Ağır sosial-iqtisadi durum fonunda mətbuata qarşı da güclü senzura var idi. Etiraf olunmalıdır ki, belə bir çətin dövrdə müstəqil qəzetin fəaliyyətə başlaması ağlagəlməz dərəcədə inanılmaz bir iş idi. Bu, həm də böyük cəsarət və risk tələb edirdi. Lakin qəzetin yaradıcıları bu məsuliyyəti üzərlərinə götürdülər. Beləliklə, "Səs" ictimai-siyasi qəzeti 1990-cı ilin noyabrında "Əlincə" Xeyriyyə Cəmiyyətinin orqanı olaraq qeydiyyatdan keçdi, 1991-ci il yanvarın 11-də dərc olunmağa başladı. Həmin vaxt sırf siyasi-ideloji qəzet kimi fəaliyyətə başlamaq çətin idi. Çünki o dövrdə həm o dövrkü hakimiyyət tərəfindən, həm də AXC-Müsavat cütlüyünün siyasi sifarişi əsasında respublikanın bir sıra mətbu orqanlarında Ulu Öndər Heydər Əliyevə qarşı iftira və qarayaxma kampaniyası aparılırdı. Qəzetimiz həmin dövrdə mövcud olan hakimiyyətə qarşı müxalif mövqedə idi və haqlı olaraq bu mətbu orqanın qurucuları bütün Azərbaycan vətəndaşları kimi xalqımızın gələcək taleyini böyük tarixi şəxsiyyət Heydər Əliyevlə birgə görürdülər. O dövrdə Ulu Öndərə rəğbətin ifadə edilməsi olduqca təhlükəli idi. Həmin dövrdə xalqımız və dövlətçiliyimiz qarşısında öz tarixi məsuliyyətini dərk edən qəzetimizin qurucuları belə bir məsuliyyətli və dövlətçiliyimiz üçün həlledici mərhələdə Heydər Əliyev ideyalarını ictimai rəyə çatdırmaq kimi şərəfli bir missiyanı öz üzərilərinə götürdülər. "Səs" qəzeti 1991-1993-cü il saylarında həm Ulu Öndər Heydər Əliyevin müsahibələrini və Onun haqqında məqalələri, həmçinin, ölkə parlamentindəki çıxışlarını oxucularına təqdim edirdi, həm də Ulu Öndərin xarici mətbuata verdiyi müsahibələri tərcümə edərək ölkə ictimaiyyətinə çatdırırdı. Ən əsası isə, 1992-ci ilin oktyabrında ziyalıların Ulu Öndərə müraciətini və Ümummilli liderimiz Heydər Əliyevin həmin müraciətə cavabını dərc etməklə qəzet öz tarixi missiyasını uğurla həyata keçirmişdi.

Baş redaktorun müavini Valeh Məhərrəmli üçün bu qəzetin tarixçəsi çox böyükdür, çünki o, hələ qəzet nəşrə başlamamışdan əvvəl burada olub.

- Hələ "Səs" qəzeti nəşr olunmamışdan əvvəl bu mətbu orqanda çalışırdım. Bu da təxminən 90-cı illərin sonuna təsadüf edirdi. Qəzet yaranandan sonra 1 il tərcüməçi kimi fəaliyyət göstərmişəm. Çünki bir sıra partiya rəhbərləri öz proqramlarını Azərbaycan dilinə tərcümə edə bilmirdilər. Bir müddətdən sonra, yəni 1992-ci ilin aprel ayından məsul katib vəzifəsində çalışmışam. "Səs" qəzeti elə o zamandan rəvan sürətdə çıxırdı. Qəzetimiz elə o vaxtdan hakimiyyətdə olan nöqsanları olduğu kimi təqdim edirdi. Əsas fəaliyyətlərimizdən biri də Ümummilli Liderimizin gördüyü işləri layiqincə işıqlandırmaq idi. Təbii ki, bu da bir sıra problemlərə gətirib çıxarırdı. Çünki bəzi müxalif yönlü qurumlar bunu qəbul edə bilmirdi.

Qəzetin Mədəniyyət şöbəsinin müdiri Zümrüd Bayramovanın da uğurları az olmayıb. Belə ki, qəzetdə çalışdığı müddətdə o, əməkdar mədəniyyət işçisi adına layiq görülüb.

- 1991-ci il yanvarın 11-dən Səs qəzeti öz fəaliyyətinə başlayıb. Elə həmin dövrdən də qəzetin əməkdaşı olaraq burada çalışıram. Artıq 22 ildir ki, bu sahədəyəm. Qəzetimiz "Əlincə" Xeyriyyə Cəmiyyətinin orqanı kimi çıxırdı. Müstəqil qəzetdə həmçinin siyasi yazılar da dərc olunurdu. Bu səbəbdən o zaman Sovet hakimiyyətini pislədiyinə görə qəzetin yayımı 2-ci nömrədən sonra 1 ay müddətinə dayandırıldı. Lakin az müddətdən sonra yenidən çap olunmağa başladı. "Səs" ideoloji qəzet olaraq bu günə qədər də öz fəaliyyətini davam etdirir. Bununla yanaşı, qəzetimiz 22 illik dövrü ərzində öz siyasi xəttini qoruyub saxlaya bilib. Qəzetimizə hər zaman dövlət qayğısı göstərilib. Çalışdığım müddət ərzində mənim də əməyim diqqətdən kənarda qalmayıb. 2006-cı ildə tərəqqi medalı ilə təltif olunmuşam. Bununla yanaşı, "Səs" qəzetinin 20 illiyində əməkdar mədəniyyət işçisi elan olundum. İnanıram ki, bundan sonra da qəzetimiz öz siyasi mövqeyini qoruyaraq ölkəmizin inkişafı üçün əlindən gələni edəcək.

Qəzetin digər əməkdaşı Rövşən Rəsulov bura gəlməyinin önəmli siyasi hadisə ilə üst- üstə düşdüyünü vurğulayıb.

- "Səs" qəzetinə gəlməyim müxtəlif siyasi hadisələrlə üst- üstə düşüb. 2000-ci ildə "Səs" qəzetinə yazılarımı gətirdiyim zaman ölkədə parlament seçkiləri keçirilirdi. Biz də Yeni Azərbaycan Partiyasının mövqeyini nümayiş etdirmək üçün qəzetdə müxtəlif məqalələrlə çıxış edirdik. Həmin zaman da qəzetimizin baş redaktoru Ağabəy Əsgərov idi. Jurnalist sahəsində ilk qələm tutmağıma kömək edən də məhz o olub. Hazırda baş redaktorumuz olan Bəhruz Quliyevin də "Səs" qəzetinin inkişafında müstəsna rolu var və biz bugünkü inkişafa görə də ona öz təşəkkürümüzü bildiririk. Eyni zamanda, mətbuata göstərilən diqqətə görə başlıca olaraq cənab prezidentimiz İlham Əliyeva minnətdarıq. Bundan sonra da Azərbaycanın mətbuat sahəsində inkişafı istiqamətində əlimizdən gələni əsirgəməyəcəyik.

Mətbu orqanın digər gənc yazarı isə Samir Feyruzovdur. O isə "Səs" qəzetində çalışmağı özünə qürur mənbəyi hesab edir. Onun da fikirləri çox maraqlıdır.

- "Səs" qəzetinə gəlib çalışmaq normal Azərbaycan gəncləri, xüsusilə də jurnalist fəaliyyəti olan yaradıcı insanlar üçün ən mühüm məqsədlərdən biri olmalıdır. Çünki "Səs" qəzetinin yaradılmasının özü müasir Azərbaycan tarixinin yaradılması kimi dəyərləndirilməlidir. Ölkəmizin ən çətin dövrlərində bu qəzet yaradılaraq Azərbaycan cəmiyyətinin güzgüsünə çevrilə bildi. Eləcə də Azərbaycanın bütün problemlərini və parçalanmaq təhlükəsində qalan ölkəmizin ağrı- acılarını "Səs" qəzeti vaxtı ilə öz səhifələrində işıqlandırdı. Bununla da adıçəkilən mətbu orqan cəmiyyətdə əsas qüvvəyə çevrilə bildi. Həmçinin xalqımızın ən ağır zamanda Ulu öndərimiz Heydər Əliyevə müraciəti məhz bizim qəzetimizdə çap olundu. Azərbaycan hazırda dünyanın ən qabaqcıl ölkələrindən biri kimi qiymətləndirilir. Təbii ki, dövlət bu qədər inkişaf edirsə, deməli həmin ölkənin KİV-i də xeyli inkişaf edib. "Səs" qəzeti Azərbaycan mətbuatında xüsusi nüfuza malikdir. Bu qəzetə ali məktəbi bitirdikdən sonra gəlmişəm. Bunu da özüm üçün böyük qürur mənbəyi hesab edirəm. Çünki bu qəzet ümummilli liderimiz Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyevin ideyalarını təbliğ və təşviq edir. Bu siyasətin içərisində olmağı da özümə şərəf sayıram.

Qeyd edək ki, "Əlincə" Xeyriyyə Cəmiyyətinin rəsmi orqanı kimi fəaliyyətə başlayan qəzet Yeni Azərbaycan Partiyasının ideyalarını təbliğ edir. Nəşrinin ilk illərində qəzet bır sıra tarixi missiyanı da yerinə yetirib. 1992-ci ildə 91 ziyalının mərhum dövlət başçısı Heydər Əliyevə müraciəti və Heydər Əliyevin ziyalıların müraciətinə cavabı məhz "Səs" qəzetində dərc edilmişdi. "Səs" qəzetinin ilk baş redaktoru Ağabəy Əsgərov olub. Sabiq deputat A.Əsgərov hazırda "Azərbaycan" Nəşriyyatının baş direktorudur. 2005-ci il mayın 1-dən "Səs" qəzeti Bəhruz Quliyevin baş redaktorluğu ilə nəşr olunur. 2008-ci ilin avqustunda bu nəşrə aidiyyatı olan digər bir KİV- "Səs" İnformasiya Agentliyi də təsis olunub. Qəzetin bazasında həm də iki ildir ki, "Səs" internet televiziyası (sestv.az) fəaliyyətə başlayıb, istifadəçilərinə vizual xəbərləri və müxtəlif verilişləri canlı olaraq təqdim edir. Şübhəmiz yoxdur ki, "Səs"in kollektivi bundan sonra da yeni informasiya texnologiyalarını mənimsəmək sahəsində qarşıya çıxan həlli vacib çoxsaylı vəzifələrin də öhdəsindən bacarıqla gələcək.