Tarixi qərar

9 Yanvar 2013 15:49 (UTC+04:00)

İqtisadi inkişaf tempinə görə regionun lider dövlətinə, nüfuzlu söz sahibinə çevrilən Azərbaycan artıq dünyada idman ölkəsi kimi də imic qazanıb. Son illərdə respublikada idmanın inkişafına göstərilən diqqət və qayğı, paytaxt Bakının, eləcə də digər şəhər və rayonlarımızın çoxsaylı beynəlxalq turnirlərə ev sahibliyi etməsi, yeniyetmə və gənclərimizin qazandıqları saysız-hesabsız medallar bunun bariz nümunəsidir. Məhz Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2012-ci ilin ölkəmizdə "İdman ili" elan olunması bu sahənin daha sürətli inkişafına təkan verib. Ötən ilin idman sahəsində qazanılan uğurları da bunu bir daha təsdiqləyir.

Azərbaycanda idman uğurla, sürətlə inkişaf edir

Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycan bu gün dünyada və Avropada idman dövləti kimi tanınır: "Bizim uğurlarımız həm beynəlxalq yarışlarda əldə etdiyimiz medallarla ölçülür, eyni zamanda, Azərbaycanda, Bakıda yaradılmış müasir idman infrastrukturu da uğurlarımızı tamamlayır. Buna Azərbaycanda və Bakıda keçirilmiş dünya, Avropa çempionatlarını əlavə etsək, görərik ki, doğrudan da Azərbaycanda idman uğurla, sürətlə inkişaf edir. İdmanın kütləviliyi təmin edilir və Azərbaycanda Olimpiya hərəkatı çox yüksək səviyyədədir".

2012-ci il ölkəmizin idman həyatındakı böyük uğurları sadalamalı olsaq, təkcə XXX London Yay Olimpiya Oyunlarında idmançılarımızın böyük tarixi qələbələrini xatırlamaq kifayətdir. 200-dən çox ölkənin iştirak etdiyi Olimpiya Oyunlarında Azərbaycan 30-cu yerdə qərar tutub. Medalların sayına görə 24-cü yerdə mövqeyini möhkəmlədən respublikamız müsəlman dövlətləri arasında 3-cü, Avropa ölkələri arasında isə 15-ci olub. İki qızıl, iki gümüş, altı bürünc aktivinə yazan idmançılarımız bütövlükdə 10 medal əldə ediblər. London Paralimpiya Oyunlarında 21 idmançı ilə təmsil olunan komandamız 12 medal qazanıb. Paralimpiyaçılarımız 4 qızıl, 5 gümüş, 3 bürünc medalla 27-ci yeri öz adlarına yazdırmağı bacarıblar.

Olimpiada başa çatdıqdan sonra Bakıda avqust ayında yeniyetmələr arasında sərbəst yunan-Roma qadın və çimərlik güləşi üzrə keçirilən dünya çempionatı ilə növbəti olimpiya oyunlarına hazırlıq məqsədilə tədbirlərə start verilib. 16 ölkənin futbol komandalarının iştirakı ilə keçirilən FİFA U-17 qadınlararası dünya çempionatı isə artıq Azərbaycanın çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ənənəsinə sadiq olmasından xəbər verirdi.

"İdman ili"ndəki uğurlarımız

"İdman ili"ndə Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirində idmançılarımız 3 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar. Güləş üzrə gənclər arasında Taillandın Pattaya şəhərində keçirilən dünya çempionatı da Azərbaycan pəhləvanlarının möhtəşəm uğuru ilə yadda qalıb. Çempionatın II və III yerlərini bölüşən Rusiya və Türkiyə millilərini geridə qoyan yığmamız 40 xalla komanda hesabında birinci olub. Bakıda keçirilən boks üzrə tələbələr arasında dünya çempionatında da gənclərimiz uğurla çıxış edərək 5 qızıl medalın sahibi olublar. 2012-ci ilin son 9 ayının statistikasına görə, ölkəmizdə 145 respublika, 33 beynəlxalq yarış keçirilib, 248 beynəlxalq yarışda və 83 təlim-məşq toplantısında idmançılarımızın iştirakı təmin olunub. Gənc və yeniyetmələrimiz dünya, qitə çempionat və birinciliklərində 83 qızıl, 125 gümüş və 182 bürünc medal əldə ediblər.

Azərbaycan üçün 2012-ci ilin yadda qalan böyük uğurlarından biri isə Avropa Olimpiya Komitəsinin qərarı ilə 2015-ci ildə keçiriləcək I Avropa Olimpiya Oyunlarının təşkilatçılığının Bakıya həvalə edilməsi ilə bağlı olub. Ötən ilin dekabrın 8-də Romada keçirilən Avropa Olimpiya Komitəsinin (AOK) 41-ci Baş Assambleyasında tarixdə ilk dəfə olaraq Avropa Oyunlarının keçirilməsi və səsvermə nəticəsində Avropa Oyunlarının Bakıda təşkil olunması ilə bağlı qərar qəbul edib.

Bu, doğrudan da tarixi hadisədir

Prezident İlham Əliyev Avropa Olimpiya Komitəsinin 2015-ci ildə birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarı münasibətilə Azərbaycan xalqını təbrikində bildirib ki, Bu, doğrudan da tarixi hadisədir: "Çünki bu vaxta qədər Avropa Olimpiya Oyunları keçirilməmişdir və ilk oyunların Bakıda keçirilməsi böyük tarixi hadisədir, ölkəmizin böyük uğurudur".

Dövlət başçısı haqlı olaraq qeyd edib ki, bu qərarın qəbul edilməsində bir neçə amil öz rolunu oynamışdır: "İlk növbədə, ölkəmizin beynəlxalq nüfuzu öz rolunu oynamışdır. Azərbaycan bu gün dünyada böyük hörmətə malik olan bir ölkədir. Dünya birliyində bizim rolumuz, təsir imkanlarımız artır və dünya birliyi Azərbaycana böyük hörmətlə və etimadla yanaşır".

Ölkəmizin tarixində böyük hadisə kimi qiymətləndirilən Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv qəbul edilməsi, beynəlxalq əlaqələrimiz genişlənməsi, dostlarımızın sayının çoxalması ölkəmizin beynəlxalq imicini, gücünü daha da artırıb. Respublikada uzun illər ictimai-siyasi sabitliyin hökm sürməsi, dinamik, uğurlu inkişafı da Azərbaycan bu baxımdan nümunəvi ölkə kimi dünyada tanıdıb.

Bütün imkanlar mövcuddur

Dövlət başçısı İlham Əliyev qeyd edib ki, Bakıda və bütövlükdə Azərbaycanda idman infrastrukturunun yaradılması istiqamətində böyük işlər görülmüşdür: "Vaxtilə başlanmış layihələrin bir çoxu başa çatmışdır. Hazırda tikilməkdə olan idman obyektləri yaxın iki il ərzində istifadəyə veriləcəkdir. Yəni, biz Avropa Olimpiya Oyunlarını keçirmək üçün bütün imkanlara malikik. Həm idman infrastrukturu, eyni zamanda, inkişaf etmiş şəhərimiz vardır".

2015-ci ildə Bakıda keçiriləcək Avropa Olimpiya oyunlarında Bakıdakı mövcud idman zalları və qurğulardan istifadə ediləcək. Olimpiya oyunları ilə əlaqədar Olimpiya şəhərciyi kimi "Koroğlu" metro stansiyasının yaxınlığında tikilib istifadəyə verilmiş yaşayış binalarından istifadə ediləcək. Şəhərciyin ərazisində məşqlər üçün meydançaların və tibb məntəqələrinin tikilməsi planlaşdırılır.

Bakının mövcud idman infrastrukturu bu oyunları keçirməyə imkan verir. Bəzi idman növləri üçün müvəqqəti idman qurğuları inşa ediləcək. Bundan başqa, həmin vaxtadək oyunların açılış mərasiminin təşkili üçün 65 min nəfərlik Olimpiya stadionu hazır olacaq. Su idmanı Mərkəzi və Gimnastika Kompleksi də 2015-ci ilədək istifadəyə verilməsi gözlənilir. Bundan başqa Heydər Əliyev adına İdman-Konsert Kompleksi, T. Bəhramov adına Respublika stadionu, şəhərdəki digər idman mərkəzləri müxtəlif idman növləri üzrə yarışların təşkilində istifadə olunacaq.

Oyunlar ölkəyə milyonlar qazandıracaq

Oyunlar, həmçinin Azərbaycanda turizmin, nəqliyyat infrastrukturunun və digər sahələrin də inkişafına böyük təkan verəcək. Oyunların yayım hüququ da Azərbaycana aiddir. Efir vaxtının bir hissəsinin Avropa yayım şirkətinə satılması planlaşdırılır. Təxmini qiymət 43-50 milyon avro təşkil edəcək. Beş istiqamət mövcuddur ki, bunlara əsasən Azərbaycan öz xərclərini örtə bilər. Əsasən də yayım və dünyada tanınmış idman brendlərinin reklamı bu xərcləri örtəcək. Oyunların keçirilməsi nəticəsində Azərbaycanın gəlirləri təxminən 100 milyon avro təşkil edəcək.

Prezident İlham Əliyevin söylədiyi kimi, birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi barədə qərar böyük tarixi hadisədir: "Bu, bizə göstərilən böyük inamdır, böyük etimaddır, böyük hörmətdir, eyni zamanda, üzərimizə düşən böyük məsuliyyətdir. Mən şübhə etmirəm ki, biz bu sınaqdan da uğurla və şərəflə çıxacağıq, bu oyunları yüksək səviyyədə keçirəcəyik".