Erməni ekspert niyə təşvişə düşüb?

9 Yanvar 2013 14:54 (UTC+04:00)

Fransadakı erməni diasporunun vəsaiti hesabına fransız dilində nəşr edilən gündəlik "Ermənistan xəbərləri" ("Les Nouvelles d’ Armenie") qəzetinin 21 dekabr tarixli nömrəsində "Erməni eksperti xarici investisiyanın kəskin azalmasından narahat olmuşdur" sərlövhəli məqalə dərc edilmişdir. Məqalədə Ermənistanda xarici investisiya sahəsində yaranmış böhranlı və acınacaqlı vəziyyətdən bəhs edilir.

Yazıda Yerevandakı "Alternativ" analitik mərkəzinin rəhbəri Tatul Manaseryana istinadən 2013-cü ilin fevral ayında Ermənistanda keçirilməsi planlaşdırılan prezident seçkiləri ərəfəsində ölkəyə xarici investisiya qoyuluşunun kəskin şəkildə azaldığı bildirilir. Qeyd edilir ki, hətta erməni iş adamları belə öz ölkələrinə sərmayə yatırmaqdan boyun qaçırmağa başlamışlar.

Diqqətə çatdırılır ki, Ermənistan hökumətinin mövqeyindən çıxış edən dövlət statistika idarəsi yenə ənənəsinə sadiq qalaraq guya Ermənistanda real iqtisadi sahəyə qoyulan xarici investisiyanın ümumilikdə 2011-ci illə müqayisədə 2012-ci ildə 35, 5 faiz azaldığını bildirmişdir. Əslində isə ölkəyə qoyulan investisiyanın həcminin 390 milyona düşdüyünü bildirən statistika idarəsinin məlumatında göstərilən rəqəmlər daha aşağıdır. Çünki Ermənistanda investisiya qoyuluşu sahəsində böhranlı vəziyyət yaranmasaydı, erməni eksperti belə ciddi təşvişə düşməzdi.

Jurnaldakı məqalə ilə tanış olarkən istər-istəməz belə bir sual yaranır: Nəyə görə məhz seçkilər ərəfəsində Ermənistanda xarici investisiya ilə bağlı kəskin azalma müşahidə olunur? Görünür ölkəni ağır məhrumiyyətlərə düçar edən Serj Sarkisyanın prezident seçkilərində yenidən namizədliyini irəli sürməsi həm xarici investorları, həm də yerli iş adamlarını xofa salmışdır. Çünki Serj Sarkisyanın prezidentliyi dövründə ölkədə korrupsiya, məmur özbaşınalığı daha da artmışdır. Bu vəziyyət investisiya sahəsinə də təsirsiz ötüşməmişdir. Serj Sarkisyanın yenidən prezident seçiləcəyi təqdirdə onsuz da böhran içində olan investisiya mühitinin daha məşəqqətli vəziyyətlə üzləşəcəyindən ehtiyatlanan xarici sərmayədarlar seçkilərə qədər ölkəni tərk etməyi qərara almışlar.

Ermənistan rəsmlərinin korrupsiyaya qurşanmaları, ölkə iqtisadiyyatında yaranmış böhranlı vəziyyət, əhalinin əksəriyyətinin yoxsulluğun son həddində yaşaması, işsizliyin tüğyan etməsi, ailəsini dolandırmaq xatirinə ölkəni tərk edənlərin sayının artması, iş adamlarına açıq-aşkar təzyiqlər göstərilməsi və onlardan haqq tələb olunması, istər xarici, istərsə də yerli investorların Ermənistana sərmayə yatırmaqdan boyun qaçırmaları investisiya qoyuluşunun kəskin şəkildə azalmasına təsir edən başlıca amildir.

Xarici investorlar iqtisadi inkişafı sual altında olan və məmurların öz səlahiyyətlərini aşaraq özbaşınalıq etdikləri bir ölkənin iqtisadiyyatına sərmayə qoymaqda çəkinirlər. Dövlət rəsmlərinin vədlərinə inanaraq onların toruna düşən erməni mənşəli xarici iş adamları da Ermənistanda qarşılaşdıqları korrupsiya hallarından, hərc-mərclikdən cana doyaraq bu ölkəni tərk etməyi qərara almışlar.

Xarici investorların başına gətirilən xoşagəlməz hadisələri etiraf etməyə məcbur olan jurnalın 5 noyabr tarixli nömrəsində "Erməni mənşəli amerikalı iş adamı Ermənistanda korrupsiyanın qurbanı olduğunu bəyan edir" sərlövhəli yazırda bildirilir ki, Yerevanda fəliyyət göstərən Arin Capital et İnvestiment Corp şirkətinin prezidenti erməni əsilli amerikalı iş adamı Edmond Kudyan Ermənistanda üzləşdiyi korrupsiya ilə bağlı bu ölkədəki Amerika səfiri Con Heffernə məktub ünvanlamışdır.

Məktubda iş admı Ermənistanda investisiya yatırdığı vaxtdan keçən dövr ərzində korrupsiyaya qurşanan yerli məmurların özbaşınalığı nəticəsində şirkətinə 4 milyon dollar zərər dəydiyini qeyd etmişdir. Bununla əlaqədar ölkə prezidenti Serj Sərkisyana, hüquq-mühafizə orqanlarına dəfələrlə müraciət etsə də, şikayətinə baxan olmamışdır. Prokurorluq orqanları şikayəti araşdırmaq əvəzinə cinayətkarları müdafiə etmək yolu tutmuşdur.

Ermənistandakı korrupsiya nəticəsində dövlət məmurlarının özbaşınalığı nəticəsində şirkətinə dəyən 4 milyon dollar zərərin ödənilməsi üçün Beynəlxalq Məhkəməyə şikayət edəcəyini diqqətə çatdıran həmin erməni mənşəli amerikalı iş adamı xarici sərmayədarları Ermənistana investisiya yatırmamağa, bu ölkədən uzaq durmağa çağırmışdır.

Xarici investorların Ermənistanı tərk etmələrindən duyuq düşən yerli erməni iş adamları də ölkələrinə investisiya yatırmaqdan çəkinməyə başlamışlar. Onlar yaxşı başa düşürlər ki, iqtisadiyyatı uçuruma yuvarlanmaqda olan Ermənistana investisiya yatırmaq mənasızdır və bu hal iş adamlarının gec-tez müflis olmalarına gətirib çıxara bilər.

Analitik mərkəzin rəhbəri T.Manaseryan etiraf etməyə məcbur olmuşdur ki, xarici və yerli sərmayədarların inamsızlığı nəticəsində investisiya qoyuluşunun kəskin azalması iqtisadiyyatı getdikcə tənəzzülə uğramaqda olan Ermənistanı daha ağır vəziyyətdə qoyacaqdır. Buradan Ermənistanda xarici investisiyanın kəskin surətdə azalmasınını nəyə görə erməni ekspertini narahat etdiyi aydın olur.

Əsgər Əliyev, Paris