Qafqaz yenidən savaşa sürüklənir?

8 Yanvar 2013 16:28 (UTC+04:00)

Son günlərdə Dağlıq Qarabağdakı separatçı rejimin "baş naziri" tərəfindən səsləndirilən "yaxın vaxtlarda hava limanında texniki uçuşlara başlanılacaqdır" kimi bəyanatları onsuzda dalana dirənən Qarabağ probleminin sülh yolu ilə həlli yoluna ümidləri tükədir.

Rusiya öz istəklərini həyata keçirmək niyyətindədir

Qondarma bir rejim tərəfindən bu kimi açıqlamaların verilməsi və bu bəyanatların rəsmi İrəvan tərəfindən dəstəklənməsi hər halda təsadüfdən baş vermir. Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin elmi əməkdaşı, siyasi şərhçi Ərəstun Baxşəliyevin sözlərinə görə, siyasi, iqtisadi və görünməmiş demoqrafik tənəzzül yaşayan bir dövlət tərəfindən belə bir addımın atılması sadəcə meydan oxumaqdan başqa bir anlam kəsb etmir: "İrəvanın bu addımı atmasının arxa fonunda isə Rusiyanın Cənubi Qafqazla bağlı hazırlamış olduğu planların mövcud olması şübhəsiz yox kimi görünə bilməz. Başlanılacaq müharibə zamanı Azərbaycanın daha da çıxılmaz bir duruma salınaraq, bunun fonunda rəsmi Bakıdan istəklərini qoparda biləcəyini düşünən Rusiya bu kimi addımlarla əslində öz istəklərini həyata keçirmək niyyətindədir deyə bilərik. Diqqəti çəkən məqam odur ki, uzun müddətli olaraq status-kvonun qorunub saxlanılmasında maraqlı olan Rusiya bu gün üçün bu prosesdə artıq o qədər də maraqlı görünmür. Çünki bölgədə və bu bölgəyə yaxın ərazilərdə cərəyan edən hadisələr Rusiyanı getdikcə daha çox qıcıq etməyə başlayıb".

Müharibə arxa planda deyil

Qondarma bir rejim tərəfindən belə bir açıqlamanın verilməsi və rəsmi İrəvan tərəfindən bu addımın dəstəklənməsi Ermənistanda prezident seçkilərinə hesablanmış addımların da ola biləcəyi fikirləri səsləndirilir.

Ə.Baxşəliyevin fikrincə isə, bölgədəki vəziyyət həddən ziyadə qarışıq bir məcrada davam edir ki, bu qarışıqlıqda da müharibənin başlanması reallığı o qədər də arxa plandadır kimi görünmür: "Artıq Azərbaycanın Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları demək olar ki, sözün həqiqi mənasında tam şəkildə hazır vəziyyətə gətirilib. Bu barədə mətbuata açıqlamasında Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının adının çəkilməsini istəməyən yüksək rütbəli əməkdaşı da məlumat verib. Bunun gerçək şahidi mən özüm də olmuşam. Qeyd edim ki, təmas xəttinə yaxın ərazilərdə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarələr yeni il qabağı və sonrası günün bütün saatlarında uçuşlar həyata keçiriblər. Belə bir müddət ərzində uçuşların həyata keçirilməsi isə heç zaman təlim xarakterli ola bilməz. Digər tərəfdən bölgə əhalisi tərəfindən də belə uçuşların keçirilməsi bu zamana kimi müşahidə edilməmişdir".

Qeyd edək ki, adının heç vəchlə çəkilməsini istəməyən Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının zabitinin sözlərinə görə, istifadədə olan radiolokasiya sistemləri vasitəsi ilə bütün hava məkanında baş verənlər fasiləsiz olaraq nəzarətdə saxlanılır. Qeyd olunan istiqamətdə Azərbaycan Ordusu qarşı tərəfin istənilən cəhdini önləmək üçün döyüşə hazır vəziyyətdədir: "Hətta Qarabağ səmasında ermənilərin havaya qaldırdıqları pilotsuz aparatları belə tərəfimizdən qeydə alınır. Ermənilərin bu ərazidə icazəsiz uçuşlar keçirmək cəhdlərinin qarşısı istənilən halda alınacaq. Biz bütün prosesləri nəzarətdə saxlayırıq və hər an önləməyə hazırıq. Bu müxtəlif vasitələrlə mümkündür, qarşı tərəf özü də bunu yaxşı bilir".

Zabitin sözlərinə görə, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar da ölkənin beynəlxalq səviyyədə tanınmış hava məkanının pozulması cəhdlərinə qarşı tədbirlər görülməsinə imkan verir: "Azərbaycanın öz addımlarını əsaslandırması üçün faktiki olaraq hüquqi baza mövcuddur".

Göydən düşmə hədiyyə

Siyasi ekspert qeyd edir ki, Ermənistan və qondarma rejim tərəfindən hava limanının açılması ilə bağlı bu günə qədər bir çox açıqlamalar vermiş olsa da, ancaq Azərbaycan tərəfi buna bugünkü qədər elə də əhəmiyyət verməmişdir: "Yəni, Ermənistanın belə bir addım ata biləcəyinə inanmamışdır. Bu gün isə vəziyyətin belə bir hal alması durumun həqiqətən də olduqca ciddi bir vəziyyətə gəlməsinə işarədir. Azərbaycanın hava məkanın pozulması müharibənin başlanması üçün qığılcım ola bilər. Ermənistan tərəfinin Azərbaycanın hava məkanında hər hansı bir icazəsiz uçuşlar həyata keçirməsi cəhdlərinin qarşısı istənilən halda alınacaq. Bunu bizim həm rəsmilər, həm də hərbi dairələrimiz qarşı tərəfə açıq şəkildə elan edib. Müharibənin başlanması üçün çoxdandır fürsət axtaran Azərbaycan üçün belə bir anın dəyərləndirilməsi isə sözün həqiqi mənasında göydən düşmə hədiyyə ola bilər. Çünki, bu müharibəyə rəsmi Bakı çoxdan hazırdır".