Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutu respublika ərazisindəki palçıq vulkanlarının püskürməsi ilə bağlı araşdırmalarını davam etdirir.
İnstitutdan AzərTAc-a verilən məlumata görə, tədqiqatlar zamanı cərəyan edən geoloji proseslər müəyyənləşdirilir, fəallıq daha dəqiq ölçülür, həmçinin seysmik fəallığın bu vulkanlara necə təsir etdiyi də öyrənilir. Tədqiqatlar Abşeron, Qobustan və Şamaxıda yerləşən palçıq vulkanlarını əhatə edir. Araşdırmaların nəticələri yanvarın ortalarında məlum olacaq.
Daha sonra Geologiya İnstitutu tərəfindən sönmüş vulkanların 3D modelinin yaradılması planlaşdırılır.
Bundan əlavə, Azərbaycanın palçıq vulkanlarının atlası da hazırlanır. Atlas 2013-cü ilin əvvəlində elektron formatda dərc olunacaqdır. Yeni atlasda tektonik və geoloji xəritələr, profillər, kosmik fotoşəkillər və digər məlumatlar öz əksini tapacaq.