Münaqişənin həllində 2013-cü il nə vəd edir?

28 Dekabr 2012 16:31 (UTC+04:00)

2012-ci il Dağlıq Qarabağ münaqişəsinin həllinə yenilik gətirmədi. Münaqişənin həlli baxımından ili necə başlamışdıqsa, eləcə də yekunlaşdırdıq. ATƏT-in Minsk Qrupu bu il də münaqişənin həllində çarəsiz qaldı. Azərbaycan və Ermənistan prezidentləri isə cəmi bir dəfə görüşdülər. Rusiya prezidenti Dmitri Medvedyevin təşəbbüsü ilə Soçidə keçirilən görüş və sonda verilən bəyanat da bu il münaqişənin nizamlanmasında hər hansı ciddi nəticə vermədi. Vladimir Putin Rusiya prezidenti seçildikdən sonra Kremlin təşəbbüsü ilə üçtərəfli görüşlərə ümumiyyətlə fasilə verildi.

Münaqişənin həllindəki qeyri-aktivliyin səbəbləri

Münaqişənin həllindəki qeyri-aktivliyi Rusiyadakı prezident seçkilərinin nəticələrinə bağlayanlar da oldu, eyni zamanda Ramil Səfərovun Azərbaycana təhvil verilməsi ilə əlaqədar iki ölkə arasında artan gərginlik, ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi də prosesi ləngidən səbəblər kimi dəyərləndirildi. İki ölkənin xarici işlər nazirlərinin cəmi iki görüşünün keçirilməsi də prosesin həllinin "qızıl orta"dan nə qədər uzaq olduğunu göstərdi. Onların Parisdə iyunun 18-də keçirilən ilk görüşündən sonra həmsədrlərin verdiyi bəyanatda əsas diqqət atəşkəs rejiminin qorunmasının vacibliyinə ayrıldı. XİN başçılarının oktyabrın 27-də Parisdə baş tutan ikinci görüşü də uğursuzluğa düçar oldu. Xarici işlər nazirlərinin ATƏT XİN Şurasının Dublin sammiti çərçivəsində görüşü isə ümumiyyətlə alınmadı.

Beynəlxalq qurumlar gücsüzdür

Həmsədrlərin builki səfərləri də nəticəsiz qaldı. Onların regiona mart, iyul və noyabr aylarında gerçəkləşən səfərləri tərəflərin mövqelərinin yaxınlaşdırılmasında heç bir ciddi rol oynamadı. ATƏT-in İrlandiyanın paytaxtı Dublin şəhərində 6-7 dekabr tarixlərində Xarici İşlər Nazirləri Şurasının 19-cu iclasında da Dağlıq Qarabağla bağlı yenə nəticə əldə olunmadı. ATƏT-ə sədrlik isə İrlandiyadan Ukraynaya keçdi. Ukrayna Azərbaycanın strateji tərəfdaş olmasına baxmayaraq bu ölkənin sədrliyi dövründə ATƏT-in münaqişənin həllində hər hansı ciddi nəticə əldə etmə ehtimalı çox azdır. Çünki vaxtilə Qazaxıstan da quruma sədr olanda ilk növbədə regional, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş əldə edəcəyi inandırıcı görünürdü. Ancaq İrlandiya kimi Qazaxıstanın da sədrliyi heç nə ilə yadda qalmadı. Əksinə, ATƏT-in Astanada keçirilən zirvə toplantısı Qarabağ mövzusuna ümumiyyətlə toxunmadı.

Politoloqlar artıq Dağlıq Qarabağ məsələsinin ATƏT və yaxud BMT çərçivəsində həllinin ümidsiz olduğu qənaətindədirlər. Çünki dünyada gedən proseslər sübut etdi ki, bu qurumlar heç bir münaqişənin həllində yekun rolu oynaya bilmirlər. Onların səmərəsiz fəaliyyətləri göz qabağındadır. BMT, ATƏT, AŞPA çərçivəsində heç bir problem öz həllini tapmayıb. Bundan sonra, gələcəkdə münaqişələrin həlli təşkilatlar yox, dövlətlərin bloklaşması yolu ilə həll oluna bilər. Məsələn, ABŞ və Rusiya, yaxud Rusiya və Türkiyə bu məsələdə bloklaşıb razılığa gəlsələr məsələ sülh yolu ilə öz həllini tapar.

Sarkisyanın "Qarabağ kartı"

Azərbaycan bu il ərzində Rusiya ilə Qəbələ RLS-i və Avrasiya Birliyinə qoşulmama ilə bağlı müəyyən gərginlik yaşadı. RLS fəaliyyətini dayandırdı və Azərbaycan Avrasiya Birliyinə üzv olmaqdan imtina etdi. Ermənistan isə Rəsmi Moskva ilə 2012-ci ildə hərbi əməkdaşlığını daha da gücləndirdi. İki ölkə hava sahəsinin birgə qorunması ilə bağlı razılığa gəlib. Rusiya mətbuatında yayılan xəbərlərə görə Gorusda quraşdırılan hava hücumundan müdafiə sistemi Dağlıq Qarabağın da hava sahəsini əhatə edir. Bu isə Rusiyanın siyasi və hərbi dairələrindən Azərbaycana mesajdır. Deməli müharibə ehtimalı reallaşarsa, Moskva Ermənistanla yanaşı Dağlıq Qarabağın da hava sahəsini qoruyacaq.

Ekspertlərin sözlərinə görə, 2013-cü ildə Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə hər hansı bir irəliləyiş əldə olunacağı inandırıcı görünmür. Gələn il həm Ermənistanda, həm də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Təcrübə göstərir ki, seçkilər keçirilən ili hər hansı qərar vermək çətindir.

Ekspertlərin fikrincə, Ermənistanda böyüyən sosial problemlər, əhalinin onsuz da aşağı həddə olan yaşayış səviyyəsinin payız-qış mövsümündə ağırlaşması, kütləvi narazılıqların qarşısını almaq üçün hakimiyyətin repressiv metodlara əl atması xalqda dövlətə, onun rəhbərliyində dayanan insanlara nifrətini, inamsızlığını daha da artırır. Məhz belə bir şəraitdə Sarkisyan iqtidarının daxili problemlərdən diqqəti yayındırmaq üçün yeganə vasitə "Qarabağ kartı"ndan istifadədir. Ona görə də münaqişənin mövcud vəziyyəti Sarkisyan üçün daha sərfəlidir.

Münaqişəyə nə qədər tez son qoyulsa...

Prezident İlham Əliyev dekabrın 27-də Bakının Müşfiqabad qəsəbəsində məcburi köçkün ailələri üçün yeni salınmış məhəllənin açılışındakı çıxışında deyib ki, Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmayacaq: "Biz bütün imkanlardan istifadə edib ərazi bütövlüyümüzü bərpa edəcəyik. Münaqişəyə nə qədər tez son qoyulsa, hər kəs üçün də o qədər yaxşı olar. Biz öz siyasətimizi davam etdirəcəyik. Öz prinsipial mövqeyimizdən bir addım belə geri çəkilməyəcəyik. Çünki həm beynəlxalq hüquq, həm tarixi ədalət bizim mövqeyimizi dəstəkləyir. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, bundan sonra da Azərbaycan torpağı kimi qalacaq. Dünya birliyi qondarma Dağlıq Qarabağı müstəqil qurum kimi tanımır və tanımayacaq. Dağlıq Qarabağda keçirilən bütün saxta seçkilər beynəlxalq birlik tərəfindən tənqid edilir. O saxta seçkilərin nəticələri tanınmayıb".