Gürcüstanın Baş naziri Bidzina İvanişvilinin Azərbaycana gözlənilən səfəri baş tutdu. Dekabrın 26-da Bakıya gələn Baş nazir ilk olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşüb.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin iqtisadi, energetika və digər sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub, əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edilib. Söhbət zamanı ikitərəfli münasibətlərimizin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Ehtiyatsız bəyanat
Azərbaycana səfər ərəfəsində Bakı-Tbilisi-Qars dəmiryolu xətti layihəsinin Gürcüstan üçün səmərəli olmasının onda şübhə doğurduğunu bəyan edən İvanişvilinin Bakıdakı danışıqlarından konkret nəticələr gözlənilirdi. Politoloqlar bu danışıqlarda Gürcüstan hökuməti başçısının geri addım atacağı proqnozunu vermişdilər. Bidzina İvanişvilinin Bakıda jurnalistlərə açıqlamasında etdiyi etiraflar ehtimalları doğrultdu: "Mən əvvəllər ehtiyatsızlıq etmişdim və bildirmişdim ki, Bakı-Tiflis-Qars dəmirolyu işə düşəndən sonra bizim köhnə dəmiryolunda ola bilsin ki, yükdaşımaları bir az azalsın. Lakin bu bir az ehtiyatsız edilmiş bəyanat idi". Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə bu məsələdə bir az tələsdiyini bildirdiyini deyən İvanişvili qeyd edib ki, əslində Bakı-Tbilisi-Qars dəmiryolunun çəkilməsi Gürcüstan üçün heç bir problem yaratmır.
Prezidentə və hökumətə təşəkkür
Baş nazirin etirafından əvvəl də Gürcüstan parlamentinin deputatı Georgi Vaşadze Bakı-Tiflis-Qars dəmiryolu xəttinin tikintisini Gürcüstan üçün strateji layihə olduğunu demişdi və xüsusilə Azərbaycana səfər ərəfəsində hökumət başçısının bununla bağlı tələm-tələsik bəyanatlar verməsini iki ölkə arasındakı strateji tərəfdaşlığı korlaya biləcəyi xəbərdarlığını etmişdi: "Bu məqamdan çıxış edərək, Bakı-Tiflis-Qars layihəsinin kimin maraqlarına cavab vermədiyi göz qabağındadır. Eyni zamanda demək istəyirəm ki, bu, Gürcüstana 700 milyon dollar sərmayə yatırmaq deməkdir. Bu, minlərlə yeni iş yeri, büdcəyə milyonlarla dollar gəlir deməkdir. Ümidvaram ki, gələcəkdə belə irimiqyaslı layihələrə problem yaratmamaq üçün bu kimi məsələlər dərindən öyrəniləcək".
Görünür İvanişviliyə Bakı səfəri öncəsi edilən xəbərdarlıqlar nəticəsiz qalmayıb. Baş nazirə xatırladıblar ki, rəsmi Bakı Gürcüstana verdiyi ucuz enerjini dayandırarsa, ya da qiymətini bahalaşdırarsa, bu ölkə Ermənistanın taleyini yaşaya bilər. Səfər əsnasında Gürcüstanın baş naziri jurnalistlərə açıqlamasında qaz tarifləri məsələsinə də toxunub və etiraf edib ki, qiymətlər çox əlverişlidir: "Biz qazı Azərbaycandan 145 dollara alırıq. Azərbaycana gələndən sonra belə məlum oldu ki, burada qaz 130 dollara satılır. Deməli, Azərbaycan bizim üçün çox əlverişli şərait yaradır. Ona görə mən prezidentə və hökumətə öz təşəkkürümü bildirdim".
Xatırlatmaq yerinə düşər ki, ancaq Rusiya öz əlaltısı olan Ermənistana qazı 220-280 dollar arası qiymətə satır və yeni ildən qiymətlərin artırılması xəbərləri artıq ermənilər narahat etməyə başlayıb.
Kremlə olan ümidlər özünü doğrultmur
İvanişvilinin diqqətinə o da çatdırılıb ki, Ermənistan kimi Gürcüstanın da daxili sərvəti yoxdur. Belə məqamda loyal, düşünülmüş siyasət aparmağa məcburdur. Düzdür Ermənistanda bunu anlamırlar və ağır nəticələri göz qabağındadır. Gürcüstanın keçmiş dövlət başçısı Şvarnadze, həm də hazırkı prezident Saakaşvili Azərbaycanla münasibətlərə həssas yanaşıblar. Çünki iqtisadiyyatın böyük hissəsi Azərbaycanın dəstəyi hesabına formalaşıb. Yeni hökumətin isə düşünülməmiş addımı Gürcüstanı Ermənistanın gününə sala bilər. Baxmayaraq ki, Ermənistan xaricdəki erməni lobbisindən maliyyə və digər dəstək alır, Gürcüstanın isə belə imkanları yoxdur. Bir sözlə hazırda Gürcüstana iqtisadi baxımdan, nə Rusiya, nə uzaq Qərb, nə də xaricdən yardım uman Ermənistan kömək edə bilər
Ümidlərini Kremlə bağlayan B.İvanişvili bir şeyi unutmamalıdır ki, Rusiya Abxaziya və Osetiyanı "müstəqillik" qazanmasında əmməli-başlı tər töküb və bu dəstək bu gün də davam edir. Gürcüstanın yeni hökuməti mahiyyətcə Saakaşvili hökumətindən fərqli addımlar atmağa, Rusiya ilə münasibətlərini yaxşılaşdırmağa çalışır. Lakin, bu tam olaraq mümkün deyil. Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb, orada silahlı qüvvələrini yerləşdirərək geri addım atmaq istəmir. Rusiya ilə münasibətləri normallaşdırmaq, Abxaziya və Cənubi Osetiyanın itirilməsi ilə barışmaq anlamına gəlir. B.İvanişvili Kreml ilə münasibətlərini düzəltsə belə, gürcülərin əksəriyyəti Abxaziya və Osetiyanı rusların işğal etdiyini düşünür. Belə çıxır ki, B.İvanişvili gürcülərin düşmən hesab etdikləri ölkəyə sığınır.
Böyük güzəştlər, genişmiqyaslı layihələr
Qərbin Gürcüstana dəstəyinə gəlincə, burada söhbət yalnız siyasi dəstək gedə bilər. Qərb dövlətləri iqtisadi baxımdan bu ölkəyə heç nə vermir. Gürcüstan rəhbərliyi anlamalıdır ki, Azərbaycanın əlində iqtisadi, siyasi və inteqrasiya istiqamətində təsir vasitələri var. Onlardan lazım gəlsə istifadə edilə bilər. Gürcüstan unutmamalıdır ki, onun əsas infrastrukturu Azərbaycan tərəfindən alınıb.
Azərbaycanın baş naziri Artur Rasizadə də Bidzina İvanişvili ilə görüşü zamanı qeyd edib ki, Azərbaycan və Gürcüstan genişmiqyaslı layihələr həyata keçirir, yeni birgə müəssisələr açılır: "Azərbaycanda Gürcüstan kapitalının iştirakı ilə 100 müəssisə, Gürcüstanda isə Azərbaycan kapitalının iştirakı ilə 300 şirkət fəaliyyət göstərir. Gürcüstanda inşa edilməsi planlaşdırılan gübrə zavodu və digər layihələr iqtisadi baxımdan hər iki ölkənin xeyrinə olacaq".
Xatırladaq ki, BTQ-nin tikintisi ilə bağlı Azərbaycan, Gürcüstan və Türkiyə arasında yekun sənəd 2007-ci il fevralın 8-də Tiflisdə imzalanıb. Yeni dəmir yolunun tikinti işlərinə 2007-ci il noyabrın 21-də start verilib. Azərbaycan yolun Gürcüstan ərazisinə düşən hissəsinin tikintisi üçün bu ölkənin "Marabda-Kartsaxi Dəmir Yolları" MMC-yə güzəştli şərtlərlə (illik 1%-lə 25 illiyə) 200 mln. dollar məbləğində kredit ayırıb. Bu vəsait hesabına Gürcüstan ərazisində 29 km uzunluğunda yeni yol, Türkiyə ilə sərhəddə təkərdəyişmə məntəqəsi tikiləcək, həmçinin köhnə yol rekonstruksiya olunacaq.
Bundan başqa, Axalkələkdən Türkiyə sərhədinə olan hissədə tikiləcək tunelin istiqamətinin dəyişdirilməsi və Marabda-Axalkələk sahəsində 160 km-lik mövcud dəmir yolunun reabilitasiya və rekonstruksiya olunması üçün Azərbaycan Gürcüstana 25 il müddətinə, illik 5%-lə 575 mln. dollar həcmində əlavə vəsait ayırıb. BTQ layihəsi Azərbaycan Dövlət Neft Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.
Azərbaycan Gürcüstanın yeni hökuməti ilə rahat işləyəcək
Azərbaycandakı səfərinin təəssüratlarını jurnalistlərlə bölüşən Gürcüstanın baş naziri Bidzina İvanişvili deyib ki, mən Azərbaycanda səmimi qarşılanacağımızı gözləyirdim. Lakin burada daha artıq – qardaşcasına münasibətin şahidi olduq.
Onun sözlərinə görə bizim dost ölkələr arasında münasibətlər başqa ölkələr üçün nümunə ola bilər: "Mən ilk səfərimi Azərbaycana etməyi qərara aldım, çünki bizim münasibətlərimiz tarixən dostluq münasibətləri olub. Məqsədimiz bu münasibətləri dərinləşdirmək, onu elə səviyyəyə çatdırmaqdır ki, beynəlxalq aləmdə bizim ümumi mövqeyimiz həmişə nəzərə alınsın".
Bidzina İvanişvili əmin olduğunu bildirib ki, Azərbaycan Gürcüstanın yeni hökuməti ilə rahat işləyəcəkdir. Gürcüstanın baş naziri vurğulayıb ki, biz münasibətlərimizin daha da möhkəm olması üçün əlimizdən gələni edəcəyik.