Ermənistanda növbəti prezident seçkiləri yaxınlaşdıqca Serj Sarkisyan rəqiblərini yavaş-yavaş təmizləməyə başlayıb. Bir müddət bundan öncə Ermənistanın ən iri oliqarxı, bu ilin mayındakı parlament seçkilərinə qədər hakimiyyətin əsas ortaqlarından biri olan, ancaq sonra yolları ayrılan, prezidentliyə iddialı namizəd sayılan Qaqik Tsarukyan prezident seçkilərində namizədliyini irəli sürməyəcəyini bəyan etmişdi.
Hakimiyyət cinayətkarların əlində mərkəzləşdirilib
Ekspertlər iddialı namizədlər arasında ilk olaraq Levon Ter-Petrosyanın adını hallandırsalar da Erməni Milli Konqresi müxalifət blokunun lideri də seçkilərdə namizəd kimi iştirakdan imtina edib. Erməni Milli Konqresinin rəhbəri Levon Ter-Petrosyan deyib ki, mənim namizədliyimə qarşı çıxanlar onlarla arqument gətirirlər, amma əsas arqumentə nədənsə toxunmurlar: "Bildiyim qədər, hələlik heç kəs bu məsələni qaldırmayıb - xalqına hörmət edən 68 yaşlı insan prezident postuna necə iddia edə bilər? Demokratik ölkələrdə adətən belə şeylər baş vermir".
O bildirib ki, xarici təhlükə və ya daxili xaos olarsa, siyasi elita bəzən Konstitusiyanı nəzərə almayaraq, böyük nüfuzu olan siyasi xadimləri hakimiyyətə dəvət edirlər: "Ermənistanda isə xaos yoxdur, idarəetmə problemləri yoxdur. Əksinə hər şey hakimiyyəti ələ keçirmiş cinayətkarların əlində mərkəzləşdirilib. Deməli, hazırda xaosdan yaxa qurtarmağa və ölkəni idarə olunan dövlətə çevirməyə tələbat yoxdur".
Məmurlar böyük sərvət toplayıblar
Ermənistanın müxalif "İrs" partiyasının lideri Raffi Ovannisyan da rəhbərlikdə təmsil olunan oliqarxları xalqı dilənçi kökünə salmaqda ittiham edib: "Ermənistan yoxsulluq və ümidsizliyə yuvarlandıqca, yüksək rütbəli məmurlar böyük sərvət toplamağa nail olublar".
Onun sözlərinə görə, son vaxtlar ölkədə dövlət maraqları adı altında kobud pozuntulara, tarixi abidələrin və ekosistemin məhvinə yönəlmiş addımlara yol verilir: "Bizim vətənimiz zəhərlənir. Ermənistanda dağ-mədən sənayesinin inkişafı dövlət maraqları ilə üst-üstə düşmədi və yüksək rütbəli məmurların maraqlarına xidmət etdi".
R.Ovannisyan mədən sənayesinin istismarı lisenziyalarına yenidən baxılmasını, lisenziya verilməsinin dayandırılmasını və bununla bağlı parlament təhqiqatının aparılmasını tələb edib.
Borclar artır
Ermənistanın xarici burcu isə dövlət büdcəsini üstələyib. Ölkənin maliyyə naziri Vaçe Qabrielyan illik hesabatında qeyd olunub ki, yanvar-noyabr aylarında xarici kreditlər və qrantlar nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 841 milyard dram, xərcləri isə 831,5 milyard dram təşkil edib. Vergi daxilolmaları, eləcə də dövlət rüsumları və məcburi sosial sığorta üzrə gəlirlər 792,1 milyard dram olub.
Parlamentdə təsdiqlənən 2013-cü ilin büdcəsində gəlirlər 1032,8 milyard dram, xərclər 1152,6 milyard dram, büdcə kəsiri isə 119,8 milyard dram məbləğində proqnozlaşdırılıb.
İlkin proqnozlara əsasən cari ilin sonunda Ermənistanın dövlət borcu 1,782,4 milyard dram (4 milyard 379 milyon 900 min dollar) təşkil edəcək.
Hökumət boş vədlər verir
Xarici borcu hər ilbəil artan Ermənistanda sürətli bahalaşma gedir. Yeni il ərəfəsində isə qiymətlər ikiqat artıb. Yerli sakinlər deyir ki, hökumətin "bahalaşma olmayacaq" vədi boş sözdən baş bir şey deyil. Respublikanın mağazalarında demək olar ki, hər gün qiymətlər dəyişir. Biz əvvəllər də bildirmişik ki, ən vacib ərzaq məhsullarının qiyməti qalxıb: un, makaron, toyuq budları, qənnadı məhsullar, marqarin və s. bahalaşıb. Tibbi xidmətin də qiyməti önəmli şəkildə artıb.
Süni Yeni il yolkası və yolka oyuncaqları 20 faiz bahalaşıb. Mətbuat artıq süd və süd məhsullarının da qiyməti qalxdığını yazıb.
Əhalinin həyat səviyyəsinin pisləşməsi iqtisadi azalma ilə izah edilir və gələn il də bu azalma davam edəcəksə, onda ölkəni yaxşı həyat axtarışı üçün tərk edənlərin sayı ən yüksək səviyyəyə çatacaq.
Ermənisiz Ermənistan
"Alternativ" Tədqiqat Mərkəzinin rəhbəri Tatul Manaseryan bildirib ki, son illər gənclər arasında işsizlik səviyyəsinin yüksək olması ciddi narahatlıq doğurur. Onun sözlərinə görə, ölkədə ayrı-ayrı yaş qruplarında işsizlik 60 faizə çatıb.
Sarkisyanın "çiçəklənən" respublikası bu gedişlə xarabalığa çevriləcək, Ermənistan isə ermənisiz qalacaq
İşsizlik, yoxsulluq, səfalət erməniləri başqa ölkələrə üz tutmağa məcbur edir. Hökumət özü etiraf edir ki, bütün bu problemlər doğumun da aşağı düşməsinə səbəb olub. Son 23 ildə Ermənistanda doğum səviyyəsi iki dəfə aşağı düşüb. 1990-cı ildə ölkədə 79822 doğuş faktı qeydə alınıbsa, 2010-cu ildə bu rəqəm 44825 təşkil edib. Bu problemin kökündə duran əsas səbəb kimi miqrasiya ilə yanaşı, nikahların sayının da azalması göstərilir. Əgər 1990-cı ildə ölkə üzrə 28233 nikah bağlanıbsa, 2000-ci ildə bu rəqəm 10986 olub, daha sonra artaraq 2011-ci ildə 19706-ya çatıb.