Mogikanın özünü asma reallığı

24 Dekabr 2012 20:52 (UTC+04:00)

Sənətinə böyük dəyər verdiyimiz və elə buna görə xalq artisi adına layiq görülmüş sevimli müğənnimiz Yalçın Rzazadənin "Dədə Qorqud" filmində oxuduğu bu mahnını təsadüfən səsləndirmədim. Hazırda gözəl musiqi parçası ilə bağlı söz-söhbətlər yaranıb. Məsələ Yalçın müəllimin mahnının sözlərini dəyişərək onu hansısa reklam çarxında ifa etməsindən qaynaqlanır.

Y.Rzazadə bir çoxlarından fərqli olaraq səmimi şəkildə bildirir ki, ürəklərimizi riqqətə gətirmiş bu mahnını reklam çarxında oxumaq istəməsi maddi imkansızlıqla bağlıdır. Yəni, bəziləri kimi "əcəb edirəm" leksikomundan uzaqdır. Təklif gəlib və Yalçın müəllim mövcud səbəbdən ondan imtina edə bilməyib…

Müğənni imkansızlığını o qədər səlist təsvir edir ki, adamın həqiqətən də gözləri dolur. Təxminən belə: bu divarlar (evinin divarları nəzərdə tutulur) adama zənbildə heç nə vermir. Restorana, şadlıq saraylarına gedən deyiləm. Nə də biznesim var. Necə dolanım? Ən faciəlisi, Yalçın bəy onu səhnəmizin mogikanına oxşadanlara mesaj göndərməyi unutmur: günün birində o mogikan özünü asacaq.

Məncə, xüsusən də sonuncu fikrin səslənməsi olduqca ağırdır. Sevimli şairimiz Ramiz Rövşənin təbirincə desək, başından var-dövlət yağan ölkənin bəxtəvər günündə o bəxtəvərlikdən əsl sənət adamına pay düşməməsini bilmək, hiss etmək qorxuludur. Hər halda kimsə deyə bilməz ki, Yalçın müəllim Rüstəm İbrahimov kimi biznes şəbəkəsinə məxsusdur… Çox güman, balaca dükanı da yoxdur. Sözüm heç də onda deyil ki, bundan sonra kimlərsə müğənninin maddi ehtiyaclarını qarşılasınlar. Təpələrinə dəysin, təmənnalı münasibətləri.

Hələliksə bir daha deyim ki, cənab Rzazadə mogikanın özünü asacağını söyləməklə zənnimcə, həftəyə damğasını vurdu. "Dədə Qorqud" filmindəki mahnı və digər bənzərsiz nümunələrlə sənət aləminə damğasını necə vurmuşdusa, indi işlətdiyi bir ifadə ilə əslində eyni addımı atmağı bacardı. Əlbəttə, bunu anlamaq lazımdır.

Anlamaq lazımdır ki, ayrı-ayrı epizodik məqamları çıxsaq, ölkədə əsl sənət və sənətkara münasibətdə unutqanlıq var. Geridə qalan atların güllələndiyi reallığının ən bariz və təsirli ifadəsini tapdığı üçünsə Yalçın bəyə böyük təşəkkür düşür. Hər halda unudulmuşlar çoxdur. Nə də kimsə düşünməsin ki, onları televiziya ekranlarına çıxararaq dingilişlərlə eyni proqramı bölüşmələrini təmin etmək nəsə böyük işdir. Sabah Allah eləməmiş, müğənni Almaz Ələsgərli ANS telekanalının efirində dilinə gətirdiyini cənab Rzazadə kimi mogikanlardan biri ilə üzbəüz oturub ağzından çıxarsa, ikincilər özlərini studuyadaca asacaqlar. Çünki zamanın tərs gərdişi nəticəsində gerçək sənət adamlarının yerini tutmuş bu xanım müğənninin dolanmaq üçün daş daşımağa göndərdiyi professor elə haradasa Yalçın bəyin özünün ümumiləşdirilmiş obrazıdır. Cəmiyyət Yalçın Rzazadə kimilərinin normal yaşamasına lazım olan vasitələri gözdən, nəzərdən salıbsa, onları bir dəyərlər sistemi olaraq çıxdaş edib basdırıbsa, məsələyə nə ad vermək mümkündür?..

Gəlirəm, hələ yayılmamış məlum reklama reaksiyalara. Yenə də boğazdan yuxarı danışanlar ucuz populizmlərini işə salaraq başlayıblar ki, bəs, "Dədə Qorqud" filmində səslənmiş musiqinin hər hansı reklamda yer alması düzgün deyil, ay nə bilim, bəsitdir, milli nəyimizəsə ziddir və sair ilaxır. Gerçək sənət nümunəsinin bir növ, ilahiləşdirilməsinin, xalqın və millətin məhsulu kimi anılmasının və buna görə də bir növ, toxunulmazlıq qazanmasının tərəfdarıyam. Amma onu da nəzərə alıram ki, bu status göbələk kimi yerdən çıxmır. Onu qazandıran şəxslər var. Bu mənada Yalçın Rzazadənin indiki durumunu şərtləndirən vəziyyəti qəbul etmirəm. Anlamıram, nəyə görə xuramanlar, izzətlər, eltonlar, almazlar və başqaları maddi dəyəri Yalçın Rzazadənin çəkilib qazanc əldə edəcəyi reklam çarxının qiymətindən on dəfə artıq qiymətə malik avtomobillərdə gəzməlidirlər? Gəzsinlər e, buna da bir söz demirəm. Onsuz da ölkədə onlar və onların gündəlik əyləndirdiyi bir qrup şəxsdən başqa hamı ağaşı-yuxarı Yalçın bəyin günündədir. Ancaq gərəkdir ki, birincilər dinməsinlər, yarımçıq qavradıqları hansısa mənəviliklərə dalıb ağıl öyrətməyə qalxmasınlar! Başlarını restoranlara, şadlıq saraylarına, əyləncə mərkəzlərinə soxub pullarını qazanmaqla kifayətlənsinlər, danışmasınlar! Çünki söhbət mənəvi dəyərlərə hörmətdən gedirsə, onların etdikləri əslində bu dəyərləri diri-diri gömməkdən başqa bir şey deyildir!

Nəzərə alaq ki, böyük ölçüdə sənət əsərini ilahiləşdirmək, müqəddəsləşdirmək zəmanəsi geridə qalıb və kim nə istəyir, onu da edir. Bu halda Yalçın Rzazadə ifasına möhürünü vurduğu bu mahnıdan nəyə görə bəhrələnə bilməz və ya nəyə görə onun maddi gəlir əldə etmək niyyəti hansısa pis iş görmək istəməsi kimi qiymətləndirilməlidir? Bir halda ki bu musiqini xatırlamırıq, ona mənəvi haqqı çatan adam sənət əsərini reklamda səsləndirirsə, bu, niyə pis olsun ki? Əksinə musiqimiz tanıdılır, yada salınır da. Reklam telekanallarda yayımlanacaqsa, deməli, onu təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudları kənarında da görənlər olacaq. Nədi, bəlkə başqalarının mahnımıza üz tutmasından sonra gopa basmaq mərasimləri düzəltməyimiz xoşumuz gəlir!

Sonda bir fikrimi də deyim: indiki vəziyyətdə Y.Rzazadənin məşhur musiqini səsləndirəcəyi reklam çarxının daha peşəkar şəkildə hazırlanmasına diqqət yetirmək vacibdir. Reklamın aşağısında da sənət əsərinin müəllifinin kimliyi və ilk dəfə harada səsləndiyinə dair qeyd də gedə bilər. Hər halda bunu zəruri sayıram və güman edirəm ki, reklam sifarişçiləri də məsələyə etirazlarını bildirməzlər. Amma reaksiyaların təbiətindən görünən budur ki, bəziləri reklamın ümumiyyətlə çəkilməsinə qarşıdır. Qorxuram, məsələ bir qədər də böyüsə, sifarişçi şirkət fikrindən daşınar… və mogikan özünü asar.