TV-lər cinayətkarı necə təqdim etməli?

24 Dekabr 2012 16:34 (UTC+04:00)

Oturursan evdə, əlində də televizorun pultu. 60 saniyədə 60 dənə kanal dəyişməyə məcbur olursan. Xüsusilə də elə ki, saat 21:00-ı keçdi, milli kanallarımızda əməlli-başlı həngamələr başlayır. Televiziyalarımızın "şou cinahı" haqda yox (onsuz da danışmağa dəyməz, onlardan danışdıqca adam özü dəyərsiz olur), onların kriminal yönlərindən danışmaq yerinə düşərdi.

Başlayaq elə ATV-dən. Yəqin görənlər oldu ki, rayonların hansındasa ağır yol qəza hadisəsi baş vermişdi. ATV-nin xəbərlərində həmin bu hadisəni göstərirdilər. Aşağıda belə bir titr yazılmışdı: "2 NƏFƏR ÖLÜB, 5 NƏFƏR DÜNYASINI DƏYİŞİB." Bax, bu qədər də naşılıq olmaz. Söz yox ki, bu müxbirindən, redaktorundan, efir rəhbərindən tutmuş hər birinin səhvidir. Ya da ki, bir kişi 30 km sürətlə maşını idarə edir, bu vaxt arxadan başqa bir maşın gəlib özünü qəsdən çırpır bu maşına. İndi "Xəzər" TV-nin bu hadisə ilə bağlı şərhi təxminən belə məna verir: "Yolda 30 km/saat sürətlə hərəkət edən "Jiquli-2107" markalı maşının üstünə daş düşüb.

Tutaq ki, bir kişi öz arvadını namus üstündə öldürüb. Yəni araşdırmalardan da aydın olub ki, həqiqətən də öldürülən qadın yüngül əxlaqlı olub və əri də buna dözməyib qadını qətlə yetirib. İndi təsəvvür edin, "SPACE" telekanalında bu hadisəni göstərib müxbir belə danışır: "Kişi amansızcasına arvadını qətlə yetirib. İndi get canın çıxsın, cəzanə çək. Gərək biləydin ki, adam öldürəndə axırda adamı dəmir barmaqlıqlar gözləyir".

Şübhəsiz ki, həmin bu sözləri deyən adam namus üstündə baş verən qətil hadisələrinin mahiyyətini başa düşə bilməz. Buna baş da lazımdır desək, yanımarıq. Həmin müxbirə, redaktora, efirə məsul şəxsə demək lazımdır ki, "ay bala, kişinin arvadı pozğun idi, öldürüb və özü də gəlib təslim olub. Daha onu lağa qoymaq, ona türməni xatırlatmaq nəyə lazımdır!? Sən xəbər verənsən, xəbirini ver, otur yerində."

"İсtimai" TV-də kriminal verilişə baxanda mən dəqiq bilirəm ki, həmin cinayətkarlardan hansısa gec-tez azad olub gəlib həmin verilişin aparıcısını qətlə yetirəcək. Bu verilişdə bir ailə faciəsinə olduqca laqeyd, ironik, alçaldıcı bir formada yanaşılır. 30 il həbsdə yatan (özü də hamısı da başı dik tutan qətillər), "Oğru dünyası"nın tanınan siması haqqında elə danışırlar ki, elə bil hansısa uşaqdan danışır. Görün aparıcı həbs olunan avtoritet haqqda nə deyir: "O gərək başa düşəydi ki, 4 il həbs həyatı gözləyir onu." Ona demək lazımdır ki, "Ay bala, o həbsdə yatanda, həbs həyatının nə olduğun biləndə sən əmzik əmirdin, ya da ki, 40 qəpiklik taxta tapança alıb məhlənizdə "dava-dava" oynayırdın.

ANS-in kriminalı barədə də danışanda isə adamın öz həya hissi gəlib yapışır yaxasından ki, aman, məni əldən vermə. "Marşruta çevrilən" qadınları təmiz və qeyrətli, anasını satan kişiləri əsl "anabaz" kimi təqdim edən ANS bu millətin alın ləkəsidir ki, min illərdən sonra gəlib ortaya çıxdı.

"Xəzər" Tv-nin kriminal verilişi isə elə bil iki sərçə balasının suda islanmasına həsr olunub. Tutaq ki, bir kişi baltanı götürüb başqasını tikə-tikə edib. İndi bu kanal bu hadisə haqqında elə danışır ki, elə bil, qatil baltanı götürüb öldürüdüyü adamın ayağının altını yüngülvari qıdıqlayıb gedib. Ya da ki, ekranda meyitlə, ölümlə bağlı sujet göstərirlər, ancaq sujetin musiqisi ya "can-cana" mahnısıdır, ya da "dam-dumb, dırş-mırş" təxmini belə səslər.

Təqsirləndirilən şəxsi günahkar kimi təqdim etmək olmaz. Çünki elə hallar da olur ki, bir müddət sonra istintaq müəyyən edir ki, həmin şəxs günahkar deyil.Elə ki, birini tutdular, kanallar əlləkdən su süzülən kimi doluşurlar polis idarələrinə. Düşürlər təqsirləndirilən adamın üstünə ki, bu qatildir, cəladdır, Hitlerin bacısı nəvəsidir, nə bilim o vaxt Stalin bunun nənəsinin ilk nişanlısı olub və daha nələr...

Heç yadımdan çıxmaz, namus üstündə arvadını və onun aşnasını öldürən adama "SPACE"-nin, ANS-in, "Xəzər" TV-nin müxbirləri belə sual vermişdi:

- arvadınızı niyə öldürdünüz?

- istintaqda aydınlaşar (susur, deməkdən utanır )

- əlinizə bıçaq görəndə hansı hissləri keçirirdiniz?

- (yenə də susur), sonra təkid edir ki, çəkməsinlər.

- siz heç bilirsiz qadın öldürmüsüz, sizə elə gəlmirmi ki, onu bağışlaya bilərdiz?

- bəlkə susasınız.

Sonra müxbirlər başlayırlar ənənəvi qadın tərifinə.. Dodaqlarının altında kişinin nəsil-kökünü qatırlar birinə. Bax, bu qədər savadsız, səviyyəsiz, məsuliyyətsiz suallar insanda ikrah hissi oyadır. Digər tərəfdən çoxusu jurnalist olmağı "tumanını başına atmaq" kimi başa düşür. Təqsirləndirilən şəxs ekrana düşmək istəmirsə, çəkmə, bu onun hüququdur. Ancaq bu cür müxbircığazlar müxtəlif fırldaqlarla onu çəkib rüsvay edirlər.

Bəzən işləmədiyi bir cinayətə görə kimsə həbs olunub, kanallar da gəlib çəkib. Sonra istintaq müəyyən edib ki, həmin şəxsin təqsiri yoxdur. Ancaq nəticədə necə olur? Şahidi olmuşuq ki, həmin şəxsin ailəsi dağılıb, qohumları ondan üz çevririb, camaat yolda görəndə ona pis nəzərlərlə baxıblar. Ona görə də efirə verməyə material olsun deyə, camaatı istədi-istəmədi çəkib rüsvay etmək lazım deyil.