Böyük güclərin Gürcüstan savaşı - TƏHLİL

24 Dekabr 2012 15:02 (UTC+04:00)

Bir ay öncə Gürcüstanda keçirilən parlament seçkilərində Bidzina İvanişvilinin rəhbəri olduğu "Gürcü arzusu" koalisiyası qələbə qazandıqdan sonra ölkədə siyasi durum gərginləşib. Ölkənin daxili, eyni zamanda xarici siyasətində də artıq ciddi dəyişikliklər baş verir. Hazırda isə yeni hökumət əlindəki bütün imkanlardan istifadə edərək prezident Mixail Saakaşvilinin səlahiyyətlərini əlindən almağa və onu vaxtından əvvəl istefaya göndərmək istəyir.

Saakaşvili cavab versin

Yeni hökumət ilk növbədə güc strukturlarını hökumətə tabe etdirmək istəyir. Parlamentə Xüsusi Dövlət Mühafizə Xidmətinin prezidentin tabeçiliyindən çıxarılması ilə bağlı qanun layihəsi təqdim edilib. Həmçinin Saakaşvilinin hörmətdən salınması üçün proseslərə start verilib. Prezidenti gülünc vəziyyətinə salmaq üçün ona məxsus təyyarədən istifadə belə mürəkkəbləşdirilir və prezident sarayının işıqları işıq puluna görə kəsilir. Həmçinin əhali arasında onun istefaya göndərilməsi ilə bağlı kompaniyalar təşkil edilir. Ötən həftə Kutaisidə səfərdə olan və Vahid Milli Hərəkat partiyasının ofisinin ətrafına toplaşan insanlar içəridə partiya üzvləri ilə görüş keçirən Gürcüstan prezidenti Mixail Saakaşvilini bayıra çıxmağa qoymayıblar. Sonradan prezidentin cangüdənləri onu ofisdən çıxarmağa nail olublar. Saakaşvili komandasının birdəfəlik siyasi proseslərdən kənarlaşdırılması hədəfə alınıb. Bir neçə gün öncə böyük məbləğdə rüşvət, sənəd saxtalaşdırması, korrupsiya sxemlərinin yaradılması və başqa cinayətlərə görə keçmiş energetika və maliyyə naziri Aleksandr Xetaquri, keçmiş ədliyyə naziri Nikoloz Qvaramiya, iqtisadiyyat nazirinin müavini Kaxa Dameniya və başqaları həbs edilib. Ümumilikdə isə, "Gürcü arzusu" koalisiyası parlament seçkilərində qalib gəldikdən sonra keçmiş müdafiə naziri Baço Axalaya, Tbilisi merinin müavini Şota Xizanişvili və digər şəxslər həbs olunublar, Birləşmiş qərargahın rəisi Georgi Kalandadzeyə qarşı isə istintaq davam edir.

M. Saakaşvilinin tərəfdarları son addımları siyasi təqib kimi dəyərləndirir, "Gürcü arzusu" isə bu ittihamları rədd edir. Hətta Bidzina İvanişvili prezidentdən hesab verməyi tələb edib: "Saakaşvili cavab versin ki, niyə yeddi iqamətgahı var və bağ evlərinin tikintisi ilə kimi təqlid edir".

ABŞ-la Rusiya üz-üzə gəlir

Bir sözlə Gürcüstanda sözün həqiqi mənasında hakimiyyət böhranı yaşanır. Ekspertlər bütün bu baş verənləri Saakaşvili ilə İvanaşvilinin toqquşması yox, ABŞ-la Rusiyanın üz-üzə gəlməsi kimi qiymətləndirirlər.

İvanaşvilinin seçkilərdəki qələbəsini Qərb mediası Rusiyanı uğuru kimi qələmə vermişdi. Baxmayaraq ki, seçkilərdən dərhal sonra yeni baş nazir Gürcüstanın yenə də NATO-ya üzv olmağa çalışacağını bəyan etdi. Çoxları isə bunun siyasi blef olduğunu yaxşı dərk edirdilər. Çünki İvanaşvili baş nazir kürsüsünə əyləşən kimi Rusiyanın maraqlarına cavab verən bir neçə istiqamətdə işlərə başladı. İlk növbədə Gürcüstanın enerji problemini Rusiya vasitəsi ilə həll etmək məsələsini gündəmə gətirdi. Eyni zamanda Rusiya-Gürcüstan-Ermənistan işbirliyinin yaradılması cəhdlərinin cücərtiləri özünü göstərməyə başladı. Əvvəllər Gürcüstanın imtina etdiyi Vahid Gömürük İttifaqına qoşulma ilə bağlı yeni hökumətdə artıq müsbət fikirlər səsləndirilir.

İvanaşvilinin xarici siyasətindəki Rusiyapərəst mövqeyini və ölkədə gedən siyasi proseslərin qarşısını almağa isə ABŞ və ya Avropanın hazırkı imkanları məhduddur. Ekspertlər düşünür ki, yaxın iki ay ərzində Saakaşviliyə Qərbdən lazımı dəstək gəlməzsə, o, vaxtından əvvəl istefaya gedəcək. Bu isə ABŞ-in Gürcüstanı itirməsi deməkdir.

İvanişvili niyə narahatdır?

Gürcüstanın baş naziri Bidzina İvanişvili Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu layihəsi ilə bağlı narahat olduğu məqamların olduğunu deyib. Baş nazir bildirib ki, Qars-Axalkalaki dəmir yol magistralının tikintisi "bir sıra suallar" doğurur. Baş nazir yerli mətbuata müsahibəsində bir qədər də konkretləşdirərək deyib ki, "hansısa mərhələdə bu magistral bizə sərf etməyə bilər".

Baş nazir bildirib ki, layihə çox maraqlı olsa da, ilk mərhələdə iqtisadi xarakterli məsələlər açıq qalır. "O cümlədən BTQ-nin istismara verilməsindən sonra ölkənin "köhnə" dəmiryollarında və limanlarında yükdaşımanın həcmi azala bilər" – deyə B.İvanişvili qeyd edib. O, problemlərin sonda həll olunacağına inandığını vurğulayıb.

Bununla belə, baş nazir dekabrın 26-da Azərbaycana edəcəyi səfər zamanı BTQ layihəsini müzakirə etmək niyyətində olmadığını da diqqətə çatdırıb: "Çünki bu məsələlər üzərində işçi qruplar işləyir".

Ölkə vassala çevrilə bilər

Bəzi fikirlərə görə, baş nazirin bəyanatı Rusiyanın artan təzyiqləri ilə bağlıdır.

Ancaq Gürcüstan hökumətinin bu layihədən imtina etməsi inandırıcı görünmür. Çünki İvanişvili Rusiyanın təzyiqi ilə Gürcüstanın milli maraqlarına cavab verən, onu Avropa ilə bağlayan bir layihədən imtina etməsi ölkəyə milyonlarla dollar ziyan vura, həmçinin dövlət haqqında qeyri-ciddi imic yarada bilər.
M.Saakaşvilinin təbiri ilə desək, baş nazirin fikirləri təhlükəlidir: "Baş nazirin və hökumətin bu cür təşəbbüsləri ölkəni Avropadan ayırır və onu Rusiya ilə vassal münasibətlərə cəlb edir".

Digər iddialara görə, B.İvanişvili bu bəyanatı ilə Rusiyaya da mesaj göndərir. Ancaq hazırkı şərtlərdə Rusiyanın Gürcüstanın dövlət maraqlarını dəstəkləyəcəyi ehtimalı sıfıra bərabərdir. Çünki Rusiya prezidenti Vladimir Putin Gürcüstan hökumətinin bu "fəallığını" "yeni, amma ürkək" dəyişikliklər adlandırıb: "Gürcüstanın hazırkı prezidenti Mixail Saakaşvili vəziyyəti dalana gətirib çıxarıb. Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyinin tanınması haqqında qərarını dəyişə bilməz, Gürcüstan isə onların müstəqilliyini tanıya bilməz. Ona görə də deyə bilmirəm ki, bu şəraitdə nə etmək olar".

Putinin vurğuladığı kimi Kreml İvanişvliyə görə Abxaziya və Cənubi Osetiyadan imtina edə bilməz. Rusiya ilə kifayət qədər ziddiyyətli problemlər olan Gürcüstanın yeni hökuməti bu siyasətlə Azərbaycan və Türkiyənin də etibarını itirəcək. İvanşvilinin xarici siyasətində yalnız Rusiyaya ümid bağlaması, onun özü və ölkə üçün böyük təhlükədir.

Saakaşvili artıq ölkədə baş verənlərlə bağlı həyəcan siqnalı çalmağa başlayıb: "Düşünürsünüz ki, xalq bütün bunları görmür və bunun ardınca heç nə baş verməyəcək? Nəticə artıq var – Rustavi yolunun tikintisi dayandırılıb, eyni zamanda yeni park və İdman Sarayının inşası dayanıb".

Onun ofisində işləyənlərin yarısı ermənidir

İvanişvili hakimiyyətini sərt tənqid edən Gürcüstan parlamentinin azərbaycanlı üzvü Azər Süleymanov bildirib ki, yeni hakimiyyətin azərbaycanlılara verdiyi vədlərə xilaf çıxıb: "Gürcüstandakı soydaşlarımız İvanişvilidən narazıdır. Saakaşvili dönəmində hakimiyyət insanların problemlərinin həllinə cəhd göstərsə də, yeni rejim azərbaycanlılara qarşı çox laqeyd münasibət sərgiləyir. O,

iki aydan çox hakimiyyətə gəlməsinə baxmayaraq, azərbaycanlılara yönəlik heç bir müsbət addım atılmayıb. İnsanların pensiyalarının artırılacağı bildirilirdi, bu da vəd olaraq qaldı. İvananaşvilinin Moskvadakı ofisində işləyənlərin yarısı ermənidir, onun heç bir zaman nə azərbaycanlılara, nə də Azərbaycan xalqına faydası olmaz".