“Neft-kimya sənayesində risklərin idarə olunması”

21 Dekabr 2012 14:41 (UTC+04:00)

ARDNŞ-in "Azərikimya" İstehsalat Birliyi və Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin birgə təşkilatçılığı ilə "Neft-kimya sənayesində risklərin idarə olunması" mövzusunda geniş seminar-treninq keçirilib. Qurumdan SİA-ya verilən məlumata görə, nazirliyin idarə və müəssisə rəhbərlərinin, FHN-nin Sumqayıt Regional Mərkəzinin, şəhər Yanğından Mühafizə Xidmətinin və Regional Fövqəladə Hallar və Mülki müdafiə şöbəsinin məsul şəxslərinin iştirak etdiyi və maarifləndirmə məqsədi daşıyan seminarda Birlik strukturuna daxil olan istehsalat sahələrində təhlükə mənbələrinin, həmçinin mümkün təhlükə risklərinin aşkarlanması, təhlil edilərək qiymətləndirilməsi və aradan qaldırılması istqamətində həyata keçirilən tədbirlərlə bağlı çıxışlar dinlənilib və müzakirələr aparılıb.

"Azərikimya" İB-nin və FHN Sumqayıt Regional Mərkəzinin nümayəndələrinin çıxışlarında neft-kimya məhsullarının qəbulu, saxlanılması və nəqli zamanı qarşıya çıxan risklərin aradan qaldırılması, həmçinin kimyəvi maddələrin xassələri, təsir dərəcələri haqqında geniş məlumat verilib. Onların atmosferə yayılmasının qarşısının alınması ilə bağlı görülən işlər videosujetlərdə nümayiş etdirilib.

Qeyd olunub ki, Birlik müəssisələrində qaz və maye karbohidrogenlərin nəqli, qazlaşdırılması, sıxılması, saxlanılması və istifadəsi zamanı mürəkkəb texnoloji əməliyyatlar həyata keçirildiyindən, bütün növ risklərlə qarşılaşmaq ehtimalı yüksəkdir. Bu baxımdan FHN-nin müvafiq qurumları ilə əlaqəli işləyərək, onların aşkarladığı neqativ halların aradan qaldırılması əsas vəzifə kimi qarşıda durur və belə halların əksəriyyəti demək olar ki, artıq öz müsbət həllini tapıb.

Seminar-treninq zamanı Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin istiqamətlərini əks etdirən sənədli filmin, həmçinin noyabr ayında "Üzvi sintez" zavodu ərazisində keçirilmiş kompleks mülki-müdafiə təliminin video-çarxının nümayiş etdirilməsi əyanilik effektini daha da artırıb.

Tədbirin sonunda müştərək şəkildə analoji maarifləndirici tədbirlərin, elmi-praktik seminar və treninqlərin əhəmiyyəti qeyd edilib və onların vaxtaşırı keçirilməsi nəzərdə tutulub.