Ermənistanın növbəti iflası

19 Dekabr 2012 16:00 (UTC+04:00)

Dekabrın 17-də BMT Baş Assambleyasında qurumla GUAM arasında əməkdaşlığın dərinləşdirilməsinə dair qətnamə layihəsi qəbul edilib. Sənəddə bu mötəbər təşkilatla GUAM arasında əməkdaşlıq və dialoqun gücləndirilməsinin vacibliyi bildirilir. Qətnamə GUAM-ın ticarət, enerji, iqtisadi inkişaf, nəqliyyat, elm, təhsil, mədəniyyət, idman, gənclər, səhiyyə, eləcə də terrorçuluğa, insan alverinə, qanunsuz miqrasiyaya, narkotiklərə, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə kimi sahələrdə regional əməkdaşlığın təşviq olunması istiqamətində həyata keçirdiyi fəaliyyəti qeyd edir, BMT sistemi ilə GUAM arasında əməkdaşlıq və dialoqun gücləndirilməsinin vacibliyini vurğulayır və BMT-nin ixtisaslaşmış təşkilatlarını, proqram və fondlarını birgə layihələr həyata keçirmək məqsədilə GUAM-la əməkdaşlığa dəvət edir.

Ermənilər Azərbaycanın uğurlarını həzm edə bilmir

Həmişə olduğu kimi bu dəfə də erməni tərəfi öz ampulasında idi. Qətnamə layihəsinin qəbulundan sonra çıxış edən Ermənistanın BMT yanında daimi nümayəndəsi layihə ilə bağlı danışıqların guya şəffaf surətdə keçirilmədiyini bildirib. O, eyni zamanda mövzuya heç bir aidiyyəti olmadan Azərbaycanın Ermənistana qarşı iqtisadi təcrid siyasəti apardığını qeyd edib. Lakin, Baş Assambleyada Ermənistan tərəfinin məsələni lüzumsuz yerə siyasiləşdirməsi cəhdi bu dəfə də iflasa uğrayıb. Ermənistana cavab hüququ ilə çıxış edən Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev layihə ilə danışıqların əksinə şəffaf şəkildə aparıldığını, Ermənistan diplomatlarının da orada iştirak etdiyini, lakin heç bir qeyd və təkliflə çıxış etmədiklərini vurğulayıb, Ermənistanın Azərbaycanla bağlı səsləndirdiyi fikirlərin yalan və iftira olduğunu, onun Azərbaycan ərazilərini işğal etdiyini, həmin ərazilərdə etnik təmizləmə siyasəti apardığını qeyd edib.

A. Mehdiyev 2004-cü ildə GUAM-ın BMT-də müşahidəçi status əldə etməsindən sonra təşkilatla BMT katibliyi arasında əməkdaşlığın inkişaf etdiyini, qətnamə layihəsinin qəbul edilməsinin bu əməkdaşlığı daha da gücləndirəcəyini və region ölkələrində sülh, sabitlik və inkişafa töhfə verəcəyini qeyd edib.

Avropanın təhlükəsizliyi ciddi zərbə altındadır

GUAM-ın BMT ilə əməkdaşlığı sözsüz ki, qurumun beynəlxalq arenada nüfuzunu daha da artırır. Təşkilatda Azərbaycanla yanaşı, qonşu Gürcüstanın da təmsil olunması, beynəlxalq səviyyədə əməkdaşlığın dərinləşdirilməsi Ermənistanı narahat etməyə bilməz. Qafqazda, eləcə də ümumilikdə Qafqaz regionunda gedən proseslər Azərbaycan və Gürcüstanı eyni istiqamətdə addım atmağa təhrik edə bilər. Həmçinin təşkilatın üzvü Ukraynanın 2013-cü ildə ATƏT-ə sədrlik etməsi də bu ölkənin GUAM platformasına həmin müddət dövründə daha çox diqqət ayırmaq imkanı yaradır.

Artıq Ukrayna ATƏT-ə sədrlik etdiyi müddət ərzində təşkilatın siyasətində prioritet olacaq istiqamətləri açıqlayıb. Dublində keçirilən ATƏT-in XİN rəhbərləri Şurasının 19-cu iclasında çıxış edən Ukraynanın xarici işlər naziri Konstantin Qrişenko bildirib ki, 2013-cü ildə bu təşkilata sədrliyi dövrdə Ukrayna təhlükəsizliyin, iqtisadiyyatın, humanitar sahənin inkişafına öz töhfəsini verməyə çalışacaq. Təhlükəsizlik sahəsindən danışan Qrişenko regionda olan münaqişələrin nizamlamasının vacibliyini vurğulayıb. Bununla bərabər Ukrayna regionda enerjidən səmərəli istifadə, nəqliyyat sisteminin inkişafına, yeni ticarət dəhlizlərin yaradılmasına, insan haqlarının təmin olması istiqamətində çalışacaq.

Dekabrın 19-da Bakıda keçirilən GUAM Parlament Assambleyasının (PA) 5-ci iclasına sədrlik edən azərbaycanlı deputat Elton Məmmədov açılış nitqində bildirib ki, sön dövrlər təşkilatın beynəlxalq aləmdə çəkisi artıb: "Təşkilata üzv ölkələrdə Dağlıq Qarabağ, Cənubi Osetiya, Abxaziya və Dnetsryanı münaqişələrinin hələ də həll olunmaması Avropanın təhlükəsizliyinə ciddi zərbə vurur və iqtisadi əməkdaşlığın genişləndirilməsinə əngəl yaradır. Yalnız beynəlxalq hüququn tanıdığı ərazi bütövlüyü çərçivəsində regionda sabitlik bərqərar ola bilər".

Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov iclasda çıxışı zamanı deyib ki, bu gün regional inteqrasiya proseslərinin geniş vüsət aldığı dövrdə GUAM təşkilatı regional təhlükəsizliyin təmin edilməsində getdikcə daha güclü rol oynamağa başlayır.

Münaqişələrin həlli məsələsi vacibdir

İclasda çıxışı zamanı Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov GUAM-ın öz fəaliyyətində konkret nəticələrə gəlməsinin vacibliyinə diqqət çəkib: "Əməkdaşlıq zamanı siyasi məsələlər nəzərə alınmalıdır. Üzv ölkələrin çoxunda münaqişələr mövcuddur və birgə fəaliyyət zamanı münaqişələrin həlli məsələsi vacib olmalıdır".

Nazir müavini deyib ki, Azərbaycan GUAM-a üzvlüyü dövründə bir neçə vacib təşəbbüslərlə çıxış edib, beynəlxalq aləmdə qurumun əlaqələrinin genişlənməsinə çalışıb. A. Əzimov ATƏT-in Minsk Qrupunun münaqişənin həll olunmasında nəzərəçarpan uğurlara imza atmadığını da deyib. O 2013-cü ildə Ukraynanın ATƏT-ə sədrlik edəcəyini xatırladaq bu ölkənin GUAM platformasını həmin sədrlik dövründə daima diqqətdə saxlayacağına ümidvar olduğunu bildirib.

"Azərbaycanın sədrliyini çox uğurlu qiymətləndirirəm"

GUAM Parlament Assambleyasının 5-ci iclasında iştirak etmək üçün Azərbaycanda səfərdə olan GUAM-ın baş katibi Valeri Çeçelaşvili jurnalistlərə açıqlamasında Azərbaycanın təşkilatdakı sədrliyinin nəticələrini şərh edrkən bildirib ki, ötən müddət ərzində bir çox mühüm tədbirlər keçirilib: "Onlardan biri dekabrın əvvəlində Dublində keçirilən GUAM Xarici İşlər Nazirləri Şurasının iclası olub. Azərbaycanın sədrliyinin akkordu isə dünən Nyu-Yorkda GUAM və BMT arasında əməkdaşlıq üzrə qətnamənin konsensus yolu ilə qəbul olunmasıdır ki, bu da təşkilatın beynəlxalq münasibətlər sistemindəki nüfuzunu və mövqeyini möhkəmləndirir. Ona görə də Azərbaycanın GUAM-dakı sədrliyini çox uğurlu qiymətləndirirəm. GUAM Parlament Assambleyasının iclasında bu ilin yekunlarını və gələcək əməkdaşlıq perspektivlərini müzakirə edəcəyik".