1832-ci ilin bu günlərində, daha doğrusu dekabrın 15-də Fransanın Dijon şəhərində dünyaca məşhur mühəndis Aleksandr Qustav Eyfel dünyaya gəldi. Ona dünya məşhurluğunu gətirən təbii ki, adını daşıyan Parisdəki Eyfel qülləsi idi. Amma Aleksandr Qustavın ad-san qazanması ölkənin rəmzinə çevrilmiş qüllənin inşasından öncəki dövrə təsadüf etmişdi. Bu yerdə ortaya sual çıxır: Eyfel daha nələri tikmişdi? Yəni, onun qülləyə qədərki populyarlığı nə ilə bağlı idi?
Aleksandr təhsilini Parisdəki incəsənət və təsərrüfat məktəbində almışdı və hələ həmin vaxtdan müxtəlif polad konstruksiyaların layihələşdirilməsi istiqamətində öz istedadını ortaya qoymağı bacarmışdı. Sonradan dəmir yolu xətləri, vağzallar, körpülər tikmişdi. Eyfel Nitsada 100 min kiloqram ağırlığına baxmayaraq, bir nəfər tərəfindən hərəkətə gətirilməsi mümkün olan fırlanan günbəz hazırlamışdı. Parisdəki "Bon Marşe" universamının tikinti müəllifiliyi də ona məxsusdur. Universamı 1876-cı ildə layihələşdirmiş mühəndis onu çuqun körpücüklərlə və güzgülü dam örtüyü ilə təchiz etmişdi. Bununla da əslində memarlıqda yeni əsrin başlanğıcısını qoymuşdu. Qeyd edək ki, binaların funksional metal elementlərlə bəzədilməsi həmin vaxtadək keçilməyən yol idi.
Amma Eyfelin yaratdıqları içərisində Peruda "Dəmir ev" adlandırılmış iki mərtəbəli mülk xüsusi qeyd edilməlidir. Əlbəttə, ətrafdakı taxta binaların içərisində özünəməxsus görkəmi ilə seçilən tikili 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində əraziyə gəlmiş plantatorların diqqətini cəlb etsə də, orada yaşamaq mümkünsüz idi. Çünki ilin isti vaxtlarında günəş dəmiri inanılmaz dərəcədə qızdırırdı. Soyuqda da evdəki vəziyyət yaxşı olmurdu.
Müəyyən vaxtlarda Eyfel Panama kanalınının çəkilişində də iştirak edib. O, Paris yaxınlığındakı "Levalloe Perre" zavodundan tikinti yerinə dəzgahların gətirilməsinin təşkilatçısı olub. Amma Panama cəmiyyəti ətrafında münaqişə başlayanda fransız mühəndisi də diqqət mərkəzinə gəldi - onu saxta işlər müqabilində 19 milyon frank rüşvət almaqda günahlandırdılar. Eyfel və daha iki təqsirli bilinən şəxs 1883-cü ildə iki il müddətinə həbs cəzasına və cəriməyə məhkum olundu. Lakin bir müddətdən sonra kassasiya məhkəməsi hökmü qeyri-qanuni sayaraq ləğv etdi.
Şübhəsiz, Eyfelə dünya şöhrəti gətirən hadisə 1889-cu ilin dünya sərgisiydi. Mühəndis sərgidə Parisin mərkəzində yaratdığı qülləni təqdim etdi. Qüllənin tikintisi 1887-ci ildə başlamışdı. İki il davam etmiş işlər nəticəsində tikilinin hündürlüyü 317 metrə çatdırıldı. 1903-cü ilədək dünyada ondan hündürü yox idi. 1903-cü ildə isə Eyfel qülləsinin yerini Nyu-Yorkdakı "Empire-State-Building" göydələni tutdu.
1900-cü ildən başlayaraq Eyfel özünü aerodinamika sahəsindəki tədqiqatlarda sınadı və maraqlıdır ki, bir sıra təcrübələrin istifadəsində məhz Parisdəki qüllədən istifadə etdi. 1908-ci ildə Mars meydanında dünyada ilk müasir aerodinamik laboratoriyanı yaratdı. 1912-ci ildə isə həmin laboratoriyadan başqasını Paris yaxınlığındakı Otedə qurdu və müəssisəni lazımi texniki avadanlıqlarla təchiz etdi. Aleksandr Qustav eyni zamanda aerodinamika üzrə kitablar müəllifidir.
1920-ci ildə Otedəki laboratoriyasını Fransa dövlətinə bağışlamış Eyfel 1923-cü il dekabrın 28-də dünyasını dəyişdi.
Kifayət qədər dinamik həyat tərzi keçirmiş fransız mühəndislə bağlı maraqlı məqamlardan biri də ABŞ-dakı məşhur "Azadlıq" abidəsinin yaranmasında müstəsna rolunun olmasıdır. Belə ki, Eyfel 1881-ci ildə heykəlin çərçivə layihəsini hazırlamışdı.
Daha bir maraqlı məqama diqqət yetirək: "eyfel" sözünə məşhur mühəndislə bağlı olmayan sahələrdə də rast gəlinir. Məsələn, idmanın sinxrom üzgüçülük növündə bu söz termin kimi işlədilir və başlıca fiqurlardan birini göstərmək üçün istifadə edilir.