Rusiya Bəşər Əsədə qarşı satqınlığa hazırlaşır(mı?)

18 Dekabr 2012 12:24 (UTC+04:00)

Qərb mətbuatı yazır ki, rəsmi Moskva Suriyanın Bəşər Əsəd rejimini dəstəkləməkdən əl çəkəcək. Bu mənada başlıca olaraq Rusiyanın xarici işlər nazirinin müavini Mixail Boqdanovun fikirlərinə istinad edilir. Boqdanov bildirib: "Müxalifətin qələbə qazanmasına gəlincə, əlbəttə, bunu istisna etmək olmaz. Faktlara diri gözlə baxmaq lazımdır. Tendensiya ondan ibarətdir ki, hökumətin rejimi ölkənin bütün ərazisi üzərində nəzarəti itirməkdədir".

Məhz bu fikirlər Qərbdə Kremlin Əsədə dəstəkdən daşınacağı qənaətini formalaşdırır. Bildirilir ki, Suriyadakı hazırkı rejimin aqibəti həll olunub. Amma Boqdanovun dediklərinin növbəti hissəsinə diqqət yetirən analitiklər onu da hesab edirlər ki, hələlik bundan danışmaq tezdir. Rusiya Dəməşqə iqtisadi, siyasi və hərbi köməyini davam etdirməkdədir. Elə Rusiya XİN rəhbərinin müavini də ölkəsinin mövqeyinin möhkəmliyinə eyham vuran mətləblərə toxunarkən, Qərbin Ərəb Dövlətləri Liqasının əli ilə Moskvanın Suriya ilə bağlı siyasətinə, ümumən bölgədəki mövqeyinə təsir göstərmək niyyətində olduğunu diqqətə çatdırıb, belə bir ssenarinin uğur qazanmayacağını vurğulayıb.

Uğuru şərtləndirməyən daha bir reallıq Rusiya və Suriya hərbçiləri arasında onilliklər ərzində formalaşmış kəşfiyyat münasibətləri sisteminin hələ də işləkliliyini saxlamasıdır. Məhz bu səbəbdən Moskvanın bu Yaxın Şərq məmləkətində inanılmaz dirənişinin olması labüddür və məsələdən Qərb dairələrinin də yaxş məlumatı var.

Qərbdə eyni zamanda hesab edirlər ki, Rusiya bir çaya iki dəfə düşülməsi hərəkətinə bənzər siyasət yürütməyə çalışır. Bu nəticəyə gələrkən ölkənin xarici işlər naziri Sergey Lavrovun ötən həftə ABŞ-ın dövlət katibi Hillari Klintonla və BMT-nin və Ərəb Dövlətləri Liqasının Suriya probleminin həlli üzrə xüsusi nümayəndəsi Lahdar Brahmi ilə görüşünə istinad edilir. Bildirildiyinə görə, Lavrov konfliktin həlli prosesinə yeni həyat gətirməyə, böhranın diplomatik həllinə ideya verməyə çalışır.

Kremli Qərbin Liviyada olduğu kimi, Suriyada da ölkələrin daxili işlərinə humanitar müdaxilə xəttinin getdikcə güclənməsi narahat edir. Xarici siyasi təhlilçilər eyni zamanda vurğulayırlar: hazırkı situasiyada Moskvanı Qərbin, o cümlədən ABŞ-ın məsələyə bu cür yanaşma tərzi həm də ona görə narahat edir ki, Suriya müasir humanitar müdaxilə siyasətinin tətbiqi üçün yaxşı poliqon və bir növ, təcrübə meydanı rolunu oynaya bilər. Bu təcrübənin isə gələcəkdə keçmiş SSRİ ərazisindəki respublikalara tətbiqi ilə onların Rusiya təsirindən qurtarılmasını həyata keçirmək mümkündür. Ən əsası is mövcud siyasətin ölkənin daxili bölgələrindəki muxtar qurumların Kremldən ayırmaq kimi qlobal planda istifadə ehtimalı narahat doğurucudur.

Rusiyanın daxilinə hesablanmış oyun həm də ona görə aktualdır ki, əgər Suriya parçalansa, Qərb xaos şəraitində ölkədə sünni qruplaşmasının təmərküzləşməsini həyata keçirəcək. Bu isə məsələn, Dağıstandakı cihadçıların silahla təminatı baxımından mühüm rol oynayacaq məntəqənin formalaşdırılması anlamına gələ bilər.

Qlobal planda yanaşsaq, məlumdur ki, Suriya məğlubiyyəti İrana qarşı təcavüz üçün real imkanların yaranması baxımından təhlükəlidir. Yenə də məzhəb məsələsinə diqqət yetirdikdə, sunni dövlətləri olan Səudiyyə Ərəbistanının və Qətərin şiə İranına qarşı ambisiyalarını gerçəkləşdirmək üçün plasdarm qismində özünü təklif edəcəyi, bölgəni və Rusiyanı təhlil edən yeni dini ekstremizm ocaqlarının yaranacağı proqnozlaşdırıla bilər ki, bu da Moskva üçün heç də heç də məqbul sayılmır.