Çox gülməli

18 Dekabr 2012 11:23 (UTC+04:00)

Kor-kor, gör-gör, "İctimai Palata" dağılır, parçalanır, tarixin arxivinə yuvarlanır. Ancaq məsələ təkcə "İP"-in qırılmağından, yaxud da qırılan nöqtəsində qurum üzvləri tərəfindən vurulmağa cəhd edilən düyünlərdən getmir. Söhbət ondan gedir ki, "palata" göz görə-görə fəaliyyətini dayandırmaq üzrə olarkən, orada təmsil olunan "ağıllı siyasətçilər" hələ də nala-mıxa döyəcləməkdə davam edirlər. Yəni ortaya müxtəlif məcralara yönəlmiş "sarsılmaz birlik-bərabərlik" tezislərini qoymaqla, ətraflarına qalan beş-on nəfərlik elektoratlarını qoruyub-saxlamağa çalışırlar. Amma bunu da elə etmək lazımdır ki, bişmiş toyuğun gülməyi gəlməsin.

Məsələn, "İctimai Palata"nın koordinasiya şurasının üzvü Rafiq Manaflı mətbuata verdiyi müsahibələrinin birində elə danışıb ki, əslində onun danışığı həm gülməlidir, həm də ağlamalı. Lap kinolarda olduğu kimi. Gülməlidir ona görə ki, bu qurum qarşıdan gələn 2013-cü il prezident seçkilərinə dair vahid mövqedən çıxış etməyi bacarmasa da tamamilə fərqli mövqedən çıxış edir. Ağlamalısı da odur ki, belələrinin Azərbaycanın siyasi mühitində qalması ciddi siyasət faktorunu tamamilə iflic edir. Bəs nə deyib "İP" təmsilçisi? Bu "siyasətçi" etiraf edib ki, fikir ayrılıqları mövcuddur. Ancaq nəticədə namizəd məsələsi müzakirə edilib, qərar verilə bilər. İndi gəl bu sözdən baş aç görüm, necə açacaqsan?!

Bir halda ki, fikir ayrılıqları mövcuddursa, vahid namizəd məsələsi necə həll oluna bilər? Əlbəttə ki, sözügedən müsahibəni aparan jurnalist həmkarım belə bir sualı verməyə məcbur olub: - Bu fikir ayrılıqları Koordinasiya Şurasının üzvləri arasında yaranıb, yoxsa AXCP ilə Müsavatın arasında?

Gülməlisən, bəs nə edəsən?

Bax elə gülməlisi də buradan başlayıb. Koordinasiya şurasının üzvü cavab olaraq deyib ki, "Bu fikir ayrılıqlarını AXCP və Müsavatın arasındakı mövqe fərqləri kimi təqdim etmək doğru deyil. Burada iki fikir var və hər fikrin tərəfdarları var".

Yaxşı, tutaq ki, ortada AXCP-Müsavat arasında fərqli mövqelər yoxdur, bəs onda dediyin "fikir tərəfdarları" haradan peyda olub? Yoxsa bu da siyasətin yeni möcüzələrindən-filanındandır? Yəni iki fikir varsa, demək parşalanma da mövcuddur. Qradaş, burada gülməyəsən, bəs nə edəsən?

İndi ndə gəlin jurnalist həmkarımın növbəti ifadəsinə və R.Manaflının həmin ifadəyə verdiyi cavabına baxaq: - Fakt budur ki, fikir ayrılıqlarının daha çox bu iki partiyanın firqə maraqlarına üstünlük verməsindən yarandığı söylənilir...

R.Manaflı: - Mətbuat axtarışdadır və çalışır ki, bu iki partiya arasında problem yaratsın, onları qarşı-qarşıya qoysun. Amma mən Koordinasiya Şurasının üzvü və proseslərdə iştirak edən şəxs olaraq deyirəm ki, bu partiyalar arasındakı fikir ayrılıqları deyil (?-M.)

Mətbuatın gümanı nədir ki?

Qardaş, bəs nədir iki partiya arasında bölünə bilinməyən məsələ? Nədir ortaya gəlinməyən məxrəc? Axı mətbuatın burada nə günahı var ki, olan-qalan günahlarınızı da atırsınız jurnalist babaların üstünə? Jurnalist gördüyü faktı yazır. Ancaq təəssüf ki, birləşə, vahid mövqeyə gələ bilməkdə acizlik çəkən müxalifət "liderləri" həmin faktları "göydəndüşmə" adlandırırlar. Unudurlar ki, elə sosial şəbəkələrdə də bir-birlərini qırıb-çatan məhz AXCP-Müsavat tərəfdarlarıdır. Amma kimə deyirsən ki? Görün R.Manaflı nə deyir! Deyir ki, jurnalist öz sualları ilə onu provokasiyaya çəkir (?-M.)

İndi gəl bunlarla dil tap görüm necə taparsan. Çünki ona "Siz ən layiqli namizəd kimi hesab edirsiniz?" verilmiş salını R.Manaflı belə cavablandırıb: "Xahiş edirəm ki, məni provokasiyaya çəkməyəsiniz". Bax, elə gülməlisi də budur daaa. Gülməlisi budur ki, bu adamlar vahid namizəd məsələsində ortaq çıxış etməməklə bərabər, şəxsi fikirlərini də ortaya qoya bilmirlər. Qorxurlar ki, birdən İ.Qəmbərin adını çəkərlər, Ə.Kərmli vahid namizəd olar, Ə.Kərimlinin adını çəkərlər, İ.Qəmbər vahid namizəd seçilər. Sonra da gəl bunların xəyanət davalarına vab ki, baxasan!

Əşşi, bəlkə birdəfəlik bu məsələlərdən əl çəkib, özünüzü camaat qarşısında bu qədər güldürməyəsiniz, ay Allah sizi güldürsün...