Ermənistandakı seçki “pıçıltıları”

17 Dekabr 2012 16:15 (UTC+04:00)

Artıq Ermənistanda keçiriləcək növbəti prezident seçkilərinin tarixi bəlli olub. Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçyanın sözlərinə görə, gələn il fevralın 18-də keçiriləcək seçkiyə hazırlıq prosesi ilə bağlı yolxəritəsi hazırlayacaq.

Ter-Petrosyanın "sevimli" namizədi

"İrades de facto" qəzetinin xəbərinə görə, növbəti prezidentlik seçkilərinin özəlliyi prezidentliyə namizədliyin qeydə alınma prosesinin başlamasına çox az bir müddət qalmasına baxmayaraq, hələ də namizədlərin olmamasıdır.

"Bu mərhələdə maraqlı olan, diqqət çəkən məqam radikal müxalifət düşərgəsindəki sükut və passivlikdir. Burada nə namizəd, nə də önümüzdəki seçkilərə bağlı "pıçıltılar" var. Heç bir prezident seçkiləri öncəsi durum bu qədər səssiz və passiv olmamışdı. Müxalifətin digər qütbündə vəziyyət daha ağır vəziyyətdədir. Erməni Milli Konqresi (EUK) Siyasi Şurasının son iclası zamanı iştirakçılar sürprizlə qarşılaşıb. Qaynaqlarımızdan əldə etdiyimiz məlumata görə, EUK lideri Levon Ter-Petrosyan prezidentliyə namizədliyini verməmək qərarına gəlib. Konqresdə bu günlərdə mövcud naməlumluğun daha da dərinləşdiyi söylənilir, çünki hamı, əgər Ter-Petrosyan deyilsə, kimin prezidentliyə namizəd olacağını eşitmək istəyir. Bu "kim"in axtarışı yönündəki "ziddiyyətlər yumağı"nı qarışdırıb. Ter-Petrosyanın "sevimli" namizədi tapılana qədər Konqresdən geriyə heç nə qalmayacaq. Görəsən EUK lideri bir 10 il daha, 2023 seçkilərinə qədər fasilə verib? "Mümkündür", deyə qəzet yazır.

Putinin əlaltısı

Son məlumatlara görə, Ermənistanın ən iri oliqarxı, bu ilin mayındakı parlament seçkilərinə qədər hakimiyyətin əsas ortaqlarından biri olan, ancaq sonra yolları ayrılan, prezidentliyə iddialı namizəd sayılan Qaqik Tsarukyan prezident seçkilərində namizədliyini irəli sürməyəcəyini bəyan edib. Keçmiş prezident Robert Köçəryana sadiqliyi ilə bilinən və güclü maliyyə resurslarına malik Tsarukyanın seçkilərə qatılmayacağı xəbəri Ermənistan siyasi çevrələrində ciddi sensasiya kimi qarşılanıb. İddialar görə, bunun əsas səbəbi Tsarukyanın Kremldən dəstək ala bilməməsidir.

Ermənistanın Xalq partiyasının sədri Tiqran Karapetyan isə keçirdiyi mətbuat konfransında ölkədəki vəziyyəti kəskin tənqid etməklə yanaşı, bəzi siyasi proqnozlar verib. O bildirib ki, "Serj Sarkisyan yenidən prezident seçilərsə, keçmiş prezident Robert Köçaryanı baş nazir təyin edə bilər".

Serj Sarkisyanın yenidən prezident seçiləcəyinə şübhə belə etmədiyini deyən Karapetyan bildirib ki, Serj Sarkisyan və komandasının hakimiyyətdə qalmaqdan başqa yolu yoxdur, çünki onlar seçilməsələr yerləri həbsxanadır. Ona görə də səsləri pulla alacaqlar. O həmçinin, Serj Sarkisyanı Putinin əlaltısı olmaqda da ittiham edib.

Siyasi və dövlət strukturlarında vəziyyət iyrəncdir

Sarkisyan-Köçəryan rejimi barədə Rusiya mətbuatına ifşaedici faktlar təqdim edən Moskvadakı "Birlik" erməni milli klubunun rəhbəri Smbat Qaraxanyan isə deyib ki, əslində Rusiya siyasi elitası Tsarukyanın namizəd olmayacağını onun bəyanatından bir neçə gün əvvəl bilirdi. Qaraxanyan bu barədə Rusiya siyasi elitasının Ermənistan xalqından əvvəl xəbər tutmasını mənfi qiymətləndirib. O hesab edir ki, bu vəziyyəti dəyişmək lazımdır, əgər bu mümkün olsa Ermənistanda da legitim hakimiyyət olacaq.

Ter-Petrosyanın səssiz qalmasına da münasibət bildirən erməni diasporunun lideri hesab edir ki, Ter-Petrosyan yaranmış vəziyyətdə mübarizəyə qatılmalıdır, çünki onun da kənara çəkilmək haqqı yoxdur: "Qoy o özü namizəd olmasa da başqasını irəli sürsün. Olduqca iyrəncdir ki, Ermənistanda siyasəti və dövlət strukturlarını kriminal elementlərlə doldurublar. Bunu ləğv etmək lazımdır, əks halda vəziyyət çətin olacaq".

Sarksyanın şansları niyə yüksək qiymətləndirilir?

İki ay sonra keçiriləcək səsvermədə hazırkı prezident Serj Sarksyanın şansları yüksək qiymətləndirilir. Buna onun yürütdüyü uğurlu siyasət yox, başda Rusiyanın dəstəyi olmaqla yanaşı, seçkilərin potensial saxtalaşdırılması və səslərin alınması təcrübəsi əsas verir.

"Qarabağ klanı"nı təmsil edən Sarkisyanın xalq arasında demək olar ki, nə nüfuzu, nə də etibarı qalmayıb. Ümumiyyətlə, Sarkisyan Ermənistanda o qədər də sevilən siyasətçilərdən olmayıb. Hətta 2008-ci ildə onun ilk dəfə prezident seçilməsi ilə yekunlaşan seçkilərdən sonra toqquşmalar baş vermiş, İrəvandakı qarşıdurmada azı 8 dinc etirazçı əsgərlər tərəfindən qətlə yetirilmişdi.

"Qarabağ klanı"nın apardığı siyasət nəticəsində ölkədə elə bir mühit yaranıb ki, biznesin bir sıra önəmli sahələrinə giriş praktik cəhətdən yerli ermənilər üçün əlçatmaz qalıb. Klana bağlı oliqarx strukturlar mühüm sahə sayılan ixracı əllərində saxlayırlar. Oliqarxlar Ermənistan üçün həyati önəm daşıyan yanacaq, ərzaq və qida sahələrini əllərində saxlayırlar. Bundan başqa ermənilər arasında ziddiyyət yaradan digər məsələ Qarabağla bağlı aparılan danışıqlarıdır. İrəvanda birmənalı olaraq deyirlər ki, Sarkisyanın Qarabağdan olması Azərbaycanla aparılan danışıqlarda Ermənistanın bütün siyasi elitasının mövqeyini bir kənara qoyur. Çünki Sarkisyan, o cümlədən Köçəryan bu danışıqlarda Ermənistan dövlətinin maraqlarını deyil, "qarabağlıların" siyasi əhvalını ortaya qoyublar. Bu isə İrəvandakı heç də bütün siyasi dairələrin ürəyincə deyil. Çünki "qarabağlı prezident" faktiki olaraq Ermənistanın bütün dövlət siyasətini məhz bu prioritetlərə tabe etdirib. Bu isə yeni Ermənistan üçün əlləşən siyasi elitada ciddi narazılıq yaradır.

Seçkilər formal olaraq keçirilir

Siyasi ekspertlər Ermənistanda prezident seçkisində hər hansı dəyişiklik olmayacağı qənaətindədirlər. Çünki Serj Sarkisyanın ikinci dəfə də seçilmək şansı böyükdür və hazırkı hakimiyyətin Rusiya ilə münasibətləri çox normaldır, bu da hakimiyyətdə qalmağın yeganə qarantı və ideal variantıdır. Burada əhalinin səsverməsi mühüm əhəmiyyətə malik deyil. Ona görə də demək olar ki, bu seçkilər formal olaraq keçirilir. Ölkədə yoxsulluq, səfillik, miqrasiya yenə də davam edəcək. Nəticə etibarı ilə Ermənistan yenə də ağır vəziyyətdə olacaq və Rusiyadan asılılığı hökm sürəcək. Bunları nəzərə alaraq Qarabağ probleminin həllində də irəliləyiş olacağın gözləmək sadəlövhlükdür.

Ermənistan hər bir şəkildə Azərbaycan torpaqlarının işğalını qanuniləşdirmək, bununla da Qarabağ münaqişəsi ətrafında yaranmış status-kvonu saxlamaq istəyir. Politoloqların fikrincə, bu status-kvo Ermənistanı tədricən məhvə aparır. Bu fakt son vaxtlar daha aydın şəkildə özünü büruzə verir. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın "Ermənistan sonu çatır" ifadəsi təsadüfi xarakter daşımır.

Sarkisyanın ötən beş illik hakimiyyətinin təcrübəsinə əsasən belə demək olar ki, onun ikinci prezidentlik müddətində də İrəvanın münaqişənin nizamlanması yönündə hansısa konstruktivlik nümayiş etdirəcəyi istisnadır. Ona görə də Ermənistandakı siyasi proseslər və Kremlin Sarkisyanı yenidən vəzifədə saxlamaq qərarı münaqişə baxımından heç bir müsbət perspektiv vəd etmir.
Əslində Rusiya üçün Ermənistanda kimin prezident olması elə də vacib deyil. Ermənistanda açıq şəkildə Rusiyameylli hesab edilən siyasətçi yoxdur, ancaq Moskva ilə mübahisə eləmək fikrində olan da yoxdur. Hamı bilir ki, Ermənistanın təhlükəsizliyinin təminatı Rusiyadan asılıdır. Ermənistanın mütləq müstəqilliyi mümkün deyil və İrəvanda bunu başa düşürlər. Birincisi, Ermənistan təbii resurslar sarıdan kasıbdır, onun qonşuları isə Azərbaycan və Türkiyədir. İkincisi, Ermənistan faktiki blokadadadır, onun dənizə çıxışı yoxdur. Beləliklə, Rusiyaya tabe olmaq İrəvana sərfəlidir: Ermənistan ondan enerji daşıyıcıları alır, Rusiya sərhədçiləri Türkiyə ilə sərhədləri qoruyur və Moskva Qarabağda yeni müharibənin başlamasına imkan vermir.