90 sm-lik qar sürücüləri yolda qoydu

17 Dekabr 2012 10:33 (UTC+04:00)

Şimal bölgəsində dünən saat 10-dan etibarən hava şəraiti kəskin dəyişib. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, ən çox qar Qubaya yox, Siyəzən tərəfdən Xızının Giləzi istiqamətindəki massivə düşüb. Qarın qalınlığı o qədər çoxalıb ki, Bakıdan Qubaya və yaxud Rusiya istiqamətinə getmək istəyənlər saatlarla yolda qalıblar.

Güclü qar Siyəzəndən Giləzi istiqamətindəki dövlət əhəmiyyətli yolda 4 saata kimi tıxac yaranıb. 1000-ə yaxın avtomobil tıxaclarda qalıb. Bakıdan Qubaya getmək istəyənlər 6-7 saat vaxt sərf etməli olublar.

Yağan qar səbəbindən tıxacın yaranmasına səbəb qonşu Rusiyaya gedən TIR-ların çox olmasıdır. Rusiya vətəndaşı Mixail Voronev deyib ki, Rusiyadan Bakıya ehtiyat hissələri aparır: "Ancaq yağan qar mənə mane olur, avtomobilimi idarə edə bilmirəm. 2 gündür yolda qalmışam. İndi maşınımı yolun qırağında saxlamağa məcburam.

Qar birdən-birə güclənib, gecə və səhər saatlarında bölgənin bütün rayonlarına qar yağmağa başlayıb. Quba Regional Hidrometeorologiya Müəssisəsindən verilən məlumata görə, bölgədə ən çox qar yağıntısı (22 sm.) ən ucqar yaşayış məntəqəsi olan Xınalıq kəndində qeydə alınıb. Quba şəhərinə 20 sm, Qusara isə 25 sm qalınlığında qar yağıb. Ən çox yağıntı Xızı zonasına düşüb - 80-90 sm. Ən aşağı temperatur göstəricisi də Qusarda qeydə alınıb. Bakı-Quba-Rusiya sərhədi yolunda isə qarın qalınlığından sürücülər avtomobillərinin idarə edə bilmir.

***

İndi də güclü qar yağır, yağan qarın hündürlüyü 80-90 sm-ə çatıb. Bakıdan Quba istiqamətinə gedən sürücülər yol kənarındakı kafe və restoranlarda qalmağa məcbur qalıblar.

Sürücülər deyir ki, ilk dəfədir belə qarı görürlər. Yaranan çətinliklərə görə, bəzi sürücülər avtomobillərini yolda qoyaraq 4x4 markalı avtomobillərlə getməyə məcburdurlar. Avtomobillərini qoyub gedən sürücülərin maşınları isə qarın içində artıq görünmür.

***

Qar güclü yağdığına görə, Siyəzən 4 saylı yol istismar idarəsi də hərəkətə keçib. səhər saatlarından başlayaraq yağan qar onları da qorxuya salıb. Fasiləsiz iş başında olan yol işçiləri hələ də yolu tam təmizləyib qutara bilməyiblər.

Bölgədəki bütün avtomobil yolları buz bağlayıb. Qeyri-sabit hava şəraiti Qubanın Qırız, Buduq, Xaltan, Söhüb, Qarxun kimi ucqar yaşayış məntəqələrinin rayon mərkəzi ilə avtomobil əlaqəsini çətinləşib. Sakinlər bu gündən etibarən təqribən 10 km-lik məsafəni ya piyada, ya da atla getmək məcburiyyətindədir. Adıçəkilən ərazilərə avtomobillərin hərəkətinin yalnız qar tamamilə əridikdən sonra mümkün olacağı bildirilir.

Emin Kərimov, Siyəzən