Elşən Musayev: "Əli Kərimli özü kiməsə pul versə ki, gəl məni vur, yenə ona baş qoşan olmaz"
Bir neçə gün öncə AXCP sədri Əli Kərimli mətbuata açıqlama vermişdi ki, guya ona sui-qəsd təşkil edilib. Amma sonradan məlum oldu ki, bu Ə.Kərimlinin növbəti fırıldağı imiş. Məsələ ilə bağlı "Səs" qəzetinə açıqlama verən Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev bildirib ki, Əli Kərimlinin düzənlədiyi bu primitiv oyun çox gülməlidir.
"Gerçəkdən gülməli bir durumdur. Bilirsinizmi, yadıma "Evrovision-2012"nin finalına bir gün qalmış Əli Kərimlinin düzənlədiyi şou düşdü. Əgər xatirinizdədirsə, onda da səs-küy qaldırdı ki, guya bunu həbs etmək istəyirmişlər. Mətbuata palaz-palaz müsahibələr, açıqlamalar verdi, jurnalistləri qapısının önünə qədər yığdı, ittihamlar səsləndirdi. Hansı ki, adama sadəcə, hüquqi prosedura uyğun olaraq polis bölməsinə gəlmək üçün bildiriş göndərilmişdi. İndi də eyni vəziyyətdir. Ortada olan mənzərə isə o gerçəkliyi özündə ehtiva edir ki, demək bu insan artıq öz kölgəsindən də qorxacaq bir hala gəlib. Ya da növbəti şou düzənlənmələrinin vaxtı yetişib", - deyə E.Musayev bildirib.
Partiya sədri vurğulayıb ki, bu təkəbbürün, hallusinasiyanın hiper həddidir: "Gündəmdə qalmaq üçün ciddi bir mövzu qıtlığı yaşanır. Bütün ənənəvi üsullardan istifadə ediblər, qalıb bu cür "eksklüziv" variantlar. Əli Kərimliyə deyən lazımdır ki, sən kimə lazımsan? Sənin nə gücün, nə fəaliyyətin, nə nüfuzun var ki, hələ səndən ehtiyat da edilsin, səninlə bağlı zorakı metoda əl atılsın? Əli Kərimli özü kiməsə pul versə ki, gəl məni vur, mənə qəsd elə, yenə ona baş qoşan olmaz. Amma söylədiklərimə rəğmən yenə də düşünürəm ki, ətrafında barı bir adam bu Kərimliyə başa salmalıdır ki, nəyisə edəndə də, "ağını çıxarma". Planladığın bir işi də üzünə-gözünə bulaşdırmadan həyata keçir. Qurduğun tamaşaların az da olsa inandırıcı, təbii oynanılan səhnələri olsun".
Bununla yanaşı E.Musayev dağıdıcı müxalifətin dekabrın 10-da keçirdiyi qanunsuz aksiyasına da münasibət bildirib. O qeyd edib ki, müxalifətin sonuncu aksiyası sözün əsl mənasında biabırçılığın son həddi idi: "Yenə əvvəllər 30-50 nəfəri bir yerə yığmaq iqtidarında idilər. İndi həmin rəqəmdən sıfır da çıxıb, yerdə qalıb 3-5 nəfər binəva. Onlarınsa tək bir adı var - Siyasi kamikadzelər! İstiqamət yox, məzmun yox, məqsəd yox, hədəf yox. Belə bir durumda isə gediləcək ünvan da olmayacaq. Çünki 20 il öncəki sima dəyişilməlidir. Müxalifət düşərgəsindəki "siyasi defisit" problemi həllini tapmalıdır. Yeni nəfəslər, yeni liderlər yetişməlidir. Əbədi, eyni zamanda uğursuz başqanların, sədrlərin yanında yer alanlar isə ömürlərinin sonuna qədər nağıl qəhrəmanı olmağa davam edəcəklər".
Babək Hacıyev