Ümummilli lider Şirvanda da anıldı FOTOLAR

12 Dekabr 2012 12:32 (UTC+04:00)

Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin əbədiyyətə qovuşmasının 9 il dönümü Şirvan şəhərində qeyd olundu. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, 12 dekabr Anım Gününə qədər Şirvan şəhərinin təhsil ocaqlarında, müəssisə və təşkilatlarda silsilə tədbirlər keçirilib. Dahi şəxsiyyətin respublikamıza rəhbərlik etdiyi dövr təhlil edilib, araşdırılıb gənc nəsillərin diqqətinə çatdırılıb. Tədbirlərdə Ulu Öndər Heydər Əliyevin XX əsrin sonu XXI əsrin əvvələrində Azərbaycanın əldə etdiyi müstəqilliyin banisi olduğu xüsusi vurğulanıb. Bu günkü qüdrətli, müstəqil Azərbaycan dövləti Heydər Əliyevin şah əsəri kimi dəyərləndirilib.

Ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmək üçün bu gün səhər saatlarından başlayaraq Şirvan şəhər sakinləri dahi insanın abidəsini ziyarət etməyə başlayıblar. Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, sadə vətəndaşlar Ulu Öndərin abidəsi önünə gələrək gül dəstələri qoyub, ruhuna dualar oxuyublar. Heydər Əliyev adına muzeydə Dahi Rəhbərin həyat və yaradıcılığını əks etdirən foto guşəyə baxış olub. Gün ərzində bu səpkili tədbirlər davam olunacaq.

İqbal Mikayılov