“Ermənistan Azərbaycanın ÜTT-yə üzvlüyünə mane ola bilməyəcək”

12 Dekabr 2012 13:49 (UTC+04:00)

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü ilə bağlı danışıqlar normal məcrada davam edir. SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.

Onun sözlərinə görə, noyabr ayında bununla bağlı aparılan danışıqlar səmərəli keçib: "Növbəti görüşün tarixinin Azərbaycandan asılıdır. Buna qədər ÜTT çərçivəsində danışıqlar aparan ölkələrin təqdim edəcəyi suallar cavablandırılacaq. Ermənistanın Azərbaycanın ÜTT-yə üzvlüyünə mane olacağına inanmıram. Ermənistan ÜTT-yə üzv olarkən gələcəkdə Azərbaycanın bu təşkilata üzv olacağına mane olmayacağını ifadə edən məktub təqdim edib. Bizim işçi qrupunun iclasına Ermənistan nümayəndələri də gəlir və oturub müzakirələri dinləyirlər. Ancaq suallar vermirlər".