Hələ bir müddət əvvəl Rusiya Hava-Kosmik Müdafiə Qoşunlarının komandanı, general-mayor Oleq Ostapenko Armavirdəki stansiyanın Qəbələ RLS-nin vəzifələrini çox yüksək səviyyədə yerinə yetirə biləcəyini demişdi. Rusiyalı general Azərbaycandakı Qəbələ Radiolokasiya Stansiyasından imtinanın Rusiya dövlətinin təhlükəsizliyinə zərər vurmayacağını bildirmişdi. General əlavə etmişdi ki, Rusiyanın desimetrlik və metrlik diapazonlarda çalışan "Voronej" kimi yeni stansiyaları Qəbələ RLS-in yoxluğunu tam kompensasiya edə bilər.
İlin sonuna qədər məsələ həllini tapmalıdır
Yaxın günlərdə Azərbaycanda qonaq olan Rusiyanın "Yediyana Rossiya" Partiyası Ali Şurasının Rəyasət Heyətinin üzvü Andrey Klimov isə söylənən fikirlərin əksinə olaraq stansiyanın Rusiya üçün böyük önəm daşıdığını deyib: "Aydındır ki, Qəbələ RLS Rusiya üçün strateji əhəmiyyətə malikdir və xarici hərbi obyektlərin sizin ərazinizdə yerləşməsi məsələsini həll etmək Azərbaycanın suveren hüququdur. Bu məsələdə konsensus axtarıb tapmaq lazımdır". O bildirib ki, bu məsələyə üç aspektdən yanaşmaq lazımdır – siyasi, hərbi-texniki və maliyyə: "Mən hesab edirəm ki, bizim çatmaq istədiyimiz "qızıl orta" bu nöqtələrin arasındadır".
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qəbələ RLS-lə bağlı təmasların davam etdiyini, müəyyən qədər qapalı formatda olsa da, müzakirələrin aparıldığını deyib. O bildirib ki, bu ilin sonuna qədər məsələ həllini tapmalıdır, çünki Qəbələ RLS-in icarəsinə dair Rusiya ilə Azərbaycan arasındakı müqavilənin müddəti dekabrda başa çatır.
Razılıq olmayacağı təqdirdə
Ümumiyyətlə Qəbələ RLS təkcə Bakı və Moskva arasında münasibətləri müəyyənləşdirmir, eyni zamanda demək olar ki, daha qlobal müstəvidə müzakirə mövzusuna çevrilib. Belə ki, Qəbələ RLS ABŞ-Rusiya münasibətlərində, ABŞ-ın Avropada raket əleyhinə müdafiə (RƏM) sistemi yerləşdirməsi məsələsində diqqət yetirilən əsas obyektlərdən biridir.
Moskvanın stansiyanı ABŞ-a uduza biləcəyi qorxusu da var. Bu, diqqəti çəkən əsas məqamlardan biridir. Rusiyanın Qəbələ RLS mövzusunda Azərbaycanla razılığa gələ bilməyəcəyi təqdirdə stansiyanı ABŞ-a qapdırma ehtimalı böyükdür. Ekspertlərin fikrincə, hər nə qədər rəsmi Vaşinqton, Pentaqon rəhbərliyi zaman-zaman artıq bu obyektin onların maraq dairəsində olmadıqlarını desələr də, son vaxtlar Yaxın Şərqdə cərəyan edən hadisələr ABŞ-ın stansiyaya marağını artırıb. Mövcud vəziyyət, eləcə də bölgədəki gələcək hərbi və siyasi planları nəzərə alındığında ABŞ üçün bu stansiyanı icarəyə götürmək olduqca cəlbedici görünür. Çünki bu region üzərində nəzarəti ələ keçirmək, perspektivdə özünün raket əleyhinə müdafiə vasitələrini mümkün təhlükələrə qarşı yönəltmək ABŞ-ın maraq dairəsindədir.
Regionda etibarlı və effektiv informasiya mənbəyi
Bir sözlə, Rusiyanın "Daryal" stansiyasından əl çəkməsindən sonra Qəbələ RLS-i ABŞ icarəyə götürə bilər. Çünki Vaşinqton da yaxşı bilir ki, RLS yaranmış vəziyyətdə bu regionda daha etibarlı və effektiv informasiya mənbəyidir. Xüsusən də nəzərə alınsa ki, stansiya İranın lap yaxınlığında yerləşir.
Digər tərəfdən, Rusiya olmadan ABŞ stansiyanı istismar edə bilərsə, onu müasir hərbi texnika ilə də modernləşdirə bilər. Elə ABŞ faktoru da Rusiyanı bu stansiyadan daha bərk yapışmağa vadar edir. Hər halda ABŞ və NATO-nun fəaliyyətinin izlənməsi baxımından Qəbələ RLS mühüm əhəmiyyətə malikdir. Yəni, Qəbələ RLS Rusiyanın gələcək siyasi və hərbi planlarında önəmli yer alır.
Məlumdur ki, Rusiya Tehran və Pekinlə alternativ birgə raket əleyhinə müdafiə sistemlərinin yaradılması ilə bağlı danışıqlar davam edir. Sözügedən dövlətlər hesab edir ki, NATO əslində RƏM sistemlərini onlara qarşı yönəldib. İran, Rusiya və Çinin birgə alyans yaratması fonunda Qəbələ RLS-in də buraya daxil ediləcəyi heç bir şübhə doğurmur. Nəzərə alsaq ki, Qəbələ RLS böyük kəşfiyyat imkanlarına malikdir, o zaman onun bu imkanlarından faydalanmağa, Rusiya ilə yanaşı, Çin və İranın da maraqları böyük olacaq. Bu isə o deməkdir ki, İran, Rusiya və Çin birgə RƏM alyansı formalaşdıracağı halda Qəbələ RLS-dən Qərb dövlətlərinə, o cümlədən NATO-ya, ABŞ-a qarşı istifadə olunacaq. Bu isə Rusiyaya Qərblə münasibətlərində "bazarlıq" üçün əlavə imkanlar açır.
Müddətin uzadılması labüddür
Türkiyənin Suriya ilə sərhədlərində "Patriot" hava hücumundan müdafiə (HHM) sistemi yerləşdirməsi qərarı gözlənildiyi kimi, Rusiya tərəfindən qıcıqla qarşılanıb.
Ekspertlər hesab edir ki, Moskva buna qarşı müəyyən cavab addımları atacaq. Bu fonda isə artıq belə fikirlər səslənir ki, Moskva Türkiyə ərazisini daha yaxşı nəzarətdə saxlaya bilmək üçün Qəbələ RLS-in icarə müddətini mütləq uzatmağa çalışacaq.
Bundan başqa, qeyd olunan raket sistemlərinin hərəkət trayektoriyasının izlənməsi Moskvanın xüsusi maraq dairəsindədir. Bunun üçün isə ən yaxşı vasitə məhz Qəbələ RLS-dir. Moskva Türkiyə-Suriya sərhədlərini nəzarətdə saxlamaq üçün rəsmi Bakının şərtləri ilə razılaşa bilər
Rusiyadan konkret addımlar tələb edilməlidir
Qəbələ RLS-in Rusiya üçün xüsusi əhəmiyyəti nəzərə alınaraq, Moskvadan qısa müddətdə Qarabağ münaqişəsinin həllində konkret addımlar atmasına dair üzərinə öhdəlik götürməsinə nail olunmalıdır. İlk baxışda Qəbələ RLS-lə Dağlıq Qarabağ münaqişəsi arasında hansısa qarşılıqlı əlaqənin olmasını görmək çətindir. Lakin Qəbələ RLS-dən istifadəni davam etdirməyin Moskvanın indi xüsusi maraq dairəsində olduğu aydın görünür. Belə bir şəraitdə Azərbaycan Qəbələ RLS-i Rusiyaya uzunmüddətli icarəyə verəcəksə, Moskvadan da müttəfiqi olan Ermənistanı Dağlıq Qarabağ və onun ətrafında işğal altında saxladığı 7 rayondan çıxarmağa vadar etməyi tələb etməlidir. Hətta rusiyalı ekspertlər də hesab edir ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının sürətləndirilməsi üçün RLS-lə bağlı danışıqlardan istifadə edə bilər. Rusiyalı ekspertlər bildirir ki, "Daryal" Azərbaycanın lehinə olan arqumentdir. Bununla Azərbaycan Moskvanı Qarabağ məsələsində bir qədər özünə tərəf çəkə bilər.