Müstəqil xarici siyasət suverenliyin təminatıdır. Qlobal və regional miqyasda geosiyasi mənzərənin sürətlə dəyişdiyi bir vaxtda bu məsələ daha da aktuallaşır.
Dövlətin maraqlarını məharətlə müdafiə etmək üçün xarici siyasətin qarşısında duran vəzifələr düzgün müəyyənləşdirilməlidir. Eyni zamanda, məqsədə çatmaq üçün səmərəli və müasir diplomatik mexanizmlərdən yararlanmaq gərəkdir. Xarici siyasət kursunun prioritetləri bu prosesdə istiqamətverici rol oynayır.
Azərbaycanın xarici siyasət kursunun prioritetləri dövlətin maraqları ilə müasir geosiyasi vəziyyətin xüsusiyyətlərini maksimum dərəcədə nəzərə almağa əsaslanır. Ulu öndər Heydər Əliyev ölkənin xarici siyasətinin prioritetlərini ən incə məqamları belə nəzərə alaraq müəyyənləşdirib. Ötən illərin təcrübəsi göstərdi ki, ümummilli liderin formalaşdırdığı siyasət kursu zamanın bütün tələblərinə cavab verir və çox perspektivlidir.
Hazırda Azərbaycanın daxili və xarici siyasət kursu region dövlətləri üçün nümunədir. Ölkə bütün sahələr üzrə davamlı inkişaf edir, beynəlxalq aləmdə onun nüfuzu durmadan artır. Xarici siyasətin prioritet istiqamətlərində əldə edilən uğurlar ümumiyyətlə, daha dinamik diplomatik fəaliyyət göstərməyə imkan verir.
Həmin kontekstdə xarici siyasətin prioritetlərini mütəmadi olaraq nəzərdən keçirməyə ehtiyac yaranır. Çünki sürətlə dəyişən geosiyasi mühitdə çevik adaptasiya qabiliyyətinə malik diplomatiya milli maraqları təmin etmək işində mühüm rol oynayır.
Bütövlükdə Azərbaycanın xarici siyasətinin prioritetləri məlumdur. Burada ikitərəfli əlaqələrə böyük diqqət yetirilir. Bunlarla bərabər, beynəlxalq təşkilatlarda diplomatik fəaliyyəti gücləndirməyə çox əhəmiyyət verilir. Lakin müasir mərhələdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli xarici siyasətin əsas vəzifəsi hesab olunur.
Ermənistan Azərbaycan ərazisinin bir hissəsini işğal etməklə ölkənin suverenliyi üçün ciddi təhlükə yaradıb. Ona görə də ilk növbədə bu problem həllini tapmalıdır. Azərbaycan Prezidenti dəfələrlə məsələnin bu aspektini vurğulayıb. Cənab İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpası üçün güclü diplomatik addımlar atıb.
Məhz bu fəaliyyətin nəticəsidir ki, hazırda Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq təşkilatlar tanıyır. BMT, ATƏT, Avropa Şurası, NATO, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı kimi qurumlar bununla bağlı qərar və qətnamələr qəbul ediblər. Son illər ölkə həmin istiqamətdə daha böyük uğurlar əldə edib.
Bu kontekstdə hər şeydən əvvəl Azərbaycanın BMT TŞ-yə üzv seçilməsini göstərmək lazımdır. Ölkə bu nailiyyəti güclü siyasi-diplomatik fəaliyyət nəticəsində əldə edib. Ermənistan rəqabətə dözə bilməyərək mübarizədən çəkildi. BMT-də Azərbaycanın lehinə 155 üzv dövlət səs verdi. 2012-ci ilin may ayında isə Təhlükəsizlik Şurasında Azərbaycan Respublikasının Prezidentinin sədrliyi ilə terrorizmlə mübarizəyə həsr olunmuş yüksək səviyyəli iclasın keçirilməsi əlamətdar bir hadisə oldu. Azərbaycan Qoşulmama Hərəkatında aktiv fəaliyyət göstərir. Dövlətin geosiyasi mövqeyinin möhkəmlənməsində bu işlərin ciddi rol oynadığı danılmazdır.
Azərbaycanın iqtisadi qüdrətini artırması beyəlxalq aləmin diqqətini çəkdi. Bakı Meksikada keçirilən Böyük 20-lik ölkələrinin 2012-ci ilin fevralında keçirilən tədbirinə dəvət edildi. Bundan bir ay sonra isə Azərbaycan Koreya Respublikasının paytaxtı Seul şəhərində təşkil olunan Nüvə təhlükəsizliyi üzrə zirvə toplantısında iştirak etdi.
Bunlarla yanaşı, Azərbaycan özü beynəlxalq tədbirlərə ev sahibliyi etməkdədir. 2011-ci ildən başlayaraq Bakıda "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu" keçirilir (iki ildə bir dəfə). Azərbaycan "Beynəlxalq Humanitar Forum" kimi mötəbər bir platformanın təşəbbüskarıdır. Bakı şəhəri 2009-cu ildə "İslam mədəniyyətinin paytaxtı" oldu və nəhayət, 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsi Bakıda keçirildi.
İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyin Azərbaycana keçməsini ayrıca qeyd etmək gərəkdir. Bu təşkilatın Bakıda keçirilən son zirvə görüşündə iştirak edən üzv dövlətlərin rəhbərləri Azərbaycanın daxili və xarici siyasətdə əldə etdiyi uğurlardan danışdılar. Cənubi Qafqazda bu miqyasda səmərəli xarici siyasət yeridən ikinci bir dövlət yoxdur.
Xarici siyasətin prioritetləri sırasında beynəlxalq iqtisadi təşkilatlarla əməkdaşlıq, enerji layihələrinin hazırlanması və reallaşması, iki qitə arasında nəqliyyat dəhlizi funksiyasını yerinə yetirmək kimi istiqamətlər vacib yer tutur. Azərbaycan bu sahələr üzrə sistemli proqramlar həyata keçirən yeganə Qafqaz ölkəsidir.
TransAnadolu təbii qaz boru xətti (TANAP) adlı enerji layihəsinin timsalında isə Bakı müstəqil enerji siyasəti aparmağa tam hazır olduğunu nümayiş etdirdi. Azərbaycan bu sahədə öz maraqlarını qətiyyət və inamla qorumağa qadirdir. bp şirkətinin, yol verdiyi səhvlərə görə, ölkə rəhbəri tərəfindən kəskin tənqid olunması bunun bariz nümunəsidir.
Azərbaycan yeni beynəlxalq enerji layihələri hazırlamaqla Avropa ilə Asiya arasında sülh və əməkdaşlıq körpüsü rolunu oynamağa qadir olduğunu nümayiş etdirir. Bu, ölkənin xarici siyasətinin regional inteqrasiyaya böyük töhfələr verdiyini təsdiqləyir. Yeni enerji layihələrinin reallaşması Azərbaycanın regional təşkilatlarda aktiv diplomatik fəaliyyəti fonunda baş verir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ABŞ, Avropa ölkələri, Rusiya, Türkiyə və İranla ikitərəfli əlaqələrin inkişaf etdirilməsi vacib rol oynayır. Bu istiqamətlərin hər biri üzrə milli maraqlara tam uyğun kurs həyata keçirilir. Onun əsas xüsusiyyəti ölkə rəhbərliyinin bütün hallarda Azərbaycanın maraqlarına uyğun addımlar atmasından ibarətdir.
Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu əsasda əməkdaşlıq edir. Diqqətçəkən haldır ki, güclü dövlətlər Azərbaycanın ədalətli mövqeyi ilə hesablaşmalı olublar. Bu, xarici siyasətdə əhəmiyyətli bir məqamı ifadə edir.
Məsələ ondan ibarətdir ki, Azərbaycan Cənubi Qafqazın yeganə dövlətidir ki, tarazlı xarici siyasəti uğurla həyata keçirir. Bakı böyük dövlətlərin regiondakı maraqlarını məharətlə tarazlaşdırır. Azərbaycan bununla milli maraqlara cavab verən geosiyasi dividend əldə edir. Həmin məqamı "çevik alyanslar" strategiyasının vacib tərkib hissəsi kimi qəbul etmək lazımdır. Son iki ildə ölkə rəhbərliyi bu aspektdə ciddi nəticələr əldə edib.
ABŞ və Avropa ilə əməkdaşlıq münasibətləri yeni səviyyəyə qalxıb. Enerji və təhlükəsizlik sahələrində əlaqələr daha da dərinləşib. Prezident İlham Əliyevin Böyük Britaniya və Fransaya səfəri zamanı əldə edilən razılaşmalar bunun təsdiqidir. Avropa İttifaqı Azərbaycanın beynəlxalq terrorla mübarizədə, enerji təhlükəsizliyinin təminində xüsusi rolunu bir daha etiraf etdi.
Avropa İttifaqı qarşılıqlı əlaqələrin yeni səviyyəyə qalxmasında maraqlı olduğunu göstərdi. Bu təşkilatla münasibətlər müstəvisində Azərbaycan Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı formatında fəal iştirakını davam etdirir. Parisdə Azərbaycan mədəniyyətinin təbliği və öyrənilməsi ilə bağlı tədbirlərin təşkili bu kontekstdə çox əhəmiyyətli hadisə oldu. Bakı həm də İslam mədəniyyətinin layiqli təmsilçisi olaraq qəbul edildi.
Ölkənin xarici siyasətində MDB, İslam Əməkdaşlıq Təşkilatı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası istiqamətlərində diplomatik fəaliyyət yeni səviyyəyə yüksəlib. Azərbaycan həmin qurumlar çərçivəsində fəaliyyətini Avropa və Avroatlantik strukturları ilə əməkdaşlıqla tam uyğunlaşdıra bilib.
Hazırda Azərbaycanın xarici ölkələrdə 74 diplomatik nümayəndəliyi və konsulluğu, o cümlədən 55 səfirliyi, 5 beynəlxalq təşkilat yanında missiyası, 9 baş konsulluğu və 5 fəxri konsulluğu fəaliyyət göstərir. Azərbaycanda isə 53 dövlətin səfirliyi, 3 baş konsulluq, 12 fəxri konsulluq və 20 beynəlxalq təşkilatın nümayəndəliyi mövcuddur.
Müasir dövrdə postsovet məkanında belə bir sistemli diplomatik aktivliyə malik ikinci bir ölkə hələlik yoxdur. Bunlara səmərəli diplomatik fəaliyyətin həyata keçirilməsi nəticəsində nail olunub.
Bu baxımdan, son bir neçə il ərzində erməni lobbisinin mənfur və riyakar səylərinə qarşı Azərbaycanın fəaliyyətinin güclənməsi heç də təsadüfi deyil. Xocalı soyqırımının Meksika, Kolumbiya və Pakistanın parlamentləri tərəfindən rəsmən tanınması diplomatiyanın mühüm nailiyyətidir. Bu istiqamətdə Azərbaycan aktiv fəaliyyətini davam etdirir.
Burada Azərbaycan üçün xarici siyasət kursunun səmərəliliyi aspektində vacib olan bir məqamı vurğulamaq gərəkdir. Məsələ ondan ibarətdir ki, Cənubi Qafqaz kimi mürəkkəb bir regionda tarazlı siyasi kursu sistemli və ya yeni geosiyasi reallıqlar müstəvisində həyata keçirmək təcrübəsini yalnız Azərbaycan nümayiş etdirir. Bunu da bölgənin diplomatiya tarixində irəliyə doğru atılmış bir addım kimi qəbul etmək lazımdır.
Xarici siyasətin bu aspekti ölkəyə olan inam və bunun nəticəsində qazandığı beynəlxalq nüfuz baxımından olduqca əhəmiyyətlidir. Çünki hazırda regional miqyaslı təşkilatlardakı fəaliyyətlə qlobal qurumlar çərçivəsindəki fəaliyyəti uzlaşdırmaq suverenliyin təminində həlledici rol oynayır. Azərbaycan regionda sistemli və çoxvektorlu xarici siyasət kursunu həyata keçirən nümunəvi dövlət halına gəlib.
Bütün bunlar ölkənin xarici siyasət kursunun səmərəliliyi və uzaqgörənliyini təsdiq edir. Ulu öndər Heydər Əliyev Azərbaycanın xarici siyasətinin əsaslarını bütün müasir tələbləri nəzərə alaraq hazırlayıb. İndi onun təməlini qoyduğu bu çətin və şərəfli iş uğurla davam etdirilir.
Newtimes.az