Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası Qusar rayonunda olub. "Sağlam həyat uğrunda" humanitar aksiyası çərçivəsində Rayon Mərkəzi xəstəxanasında təşkil edilən müayinə və əməliyyatlarda 250 qusarlı iştirak edib.
Müayinə prosesində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin 8 əməkdaşı iştirak edib. İlkin müayinədə əksər xəstələrdə gözün diaqnostikası təyin olunub və onlara lazımi məsləhətlər verilib. Peşəkar oftalmoloqlardan ibarət həkim heyəti aksiyada 250 xəstəni müayinə edib. Əsasən katarakta xəstələrinin müayinə və müalicəsinə üstünlük verilib. Müayinə nəticəsində əməliyyata cəlb olunan 15-dən çox xəstənin gözünə bulanlı büllurun əvəzinə süni büllur qoyulacaq. Müasir avadanlıqla təchiz olunmuş klinikanın mütəmadi olaraq keçirdiyi aksiyaların məqsədi onların gözlərində yaranan patoloji dəyişiklikləri aşkara çıxararaq müalicə etməkdir.
Qeyd edək ki, bu fəaliyyət çərçivəsində respublika rayonlarının əhalisinə təmənnasız yüksəkixtisaslı oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün oftalmoloji səyyar klinikada hər bir şərait yaradılıb. Burada yüksək dərəcədə steril olan cərrahi otaq, geniş imkanlara malik müasir diaqnostik və cərrahi avadanlıq, o cümlədən fakoemulsifikasiya üsulu ilə kataraktanın ekstraksiyasının aparılması üçün xüsusi aparatlar var. Həmin klinika ölkəmizin müxtəlif rayonlarına gedərək, artıq müntəzəm şəkildə fəaliyyət göstərir, yüksəkixtisaslı, müasir texnologiyalı oftalmoloji yardımı ən ucqar kəndlərdə yaşayan xəstələrə yaxınlaşdırır və bu cür xidməti belə xəyalında da görməyən insanlar üçün mümkün edir. Bununla da Zərifə xanım Əliyevanın arzularından biri həyata keçir.
Qeyd etmək lazımdır ki, bu günədək səyyar klinikada 3000-dən artıq xəstə müayinə olunmuş və 600-dən artıq xəstə üzərində cərrahi əməliyyat aparılıb.
Emin Kərimov, Qusar