Yaponiyanın hücumunda ABŞ-ın təxribat izi
Deyilənə görə, ABŞ 1945-ci ilin avqustunda Yaponiyaya atom bombası atanda məhz bu hadisənin intiqamını alırmış. Bu gün həmin olayın baş verməsindən 71 il keçir. Mətləbi çox uzatmayaraq deyək ki, söhbət Yaponiyanın 1941-ci il dekabrın 7-də Birləşmiş Ştatların Havay adalarındakı ən böyük hərbi bazalarından olan Pyorl-Harboru bombardıman etməsindən gedir.
Üzərindən xeyli müddət keçdikdən sonra dəhşətli hadisənin əslində ABŞ siyasətçilərinin təxribat əməllərinin nəticəsi kimi meydana çıxdığı versiyası gündəmə gəlir. Bunu məşhur yapon diplomatı, politoloq, Yaponiyanın siyasi texnologiyalar institutunun direktoru, beynəlxalq münasibətlər sahəsinə həsr olunmuş onlarla kitabın müəllifi Kadzuxiko Toqo deyir. Onun babası Siqenori Toqo 1941-ci ilin oktyabrından 1942-ci ilin sentyabrınadək və 1945-ci ilin aprelindən avqustunadək Yaponiyanın xarici işlər nazir olub. Yeri gəlmişkən, həmin müddət ölkə tarixinin ən çətin dövrlərindən biri kimi xarakterizə olunur. Siqenori məsul vəzifəyə birinci dəfə təyin olunanda bu gün 71-ci ili tamam olan Pyorl-Harbor hadisəsi baş verdi. Onun ikinci nazir dönəminin sonunda isə Yaponiyaya atom bombası atıldı.
Yaponiyanın Pyorl-Harbora hücumu ilə ölkənin İkinci Dünya Müharibəsinə necə deyərlər, triumfal girişi dönəminə tarixi ekskurs edən K.Toqoya anasının söhbətlərindən məlumdur ki, babası heç də müharibə tərəfdarı olmayıb. Bunu nazir Siqenorinin sonralar, dəqiq desək, 1945-ci ildə Stalinin vasitəçiliyi ilə sülh yaratmaq istəklərinin mövcudluğu da göstərir. Amma məlum olduğu ki, bu niyyət də baş tutmamış qaldı. XİN rəhbəri isə Tokio prosesində hərbi cinayətkar kimi mühakimə olundu. Amma onun barəsində gözlənildiyi kimi, ölüm hökmü çıxarılmadı. Həmin vaxt məhz SSRİ-nin məsələyə müdaxiləsindən sonra Siqenoriyə ömürlük həbs cəzası da verilmədi. Yalnız 20 il müddətinə azadlıqdan məhrum olundu ki, bu da olduqca yumşaq qərar sayılır.
Bəs, ABŞ-ın təxribatı nədə idi? Məsələyə diqqət yetirən Kadzukixo bildirir ki, Amerikanın müharibəni ilk olaraq Yaponiyanın başlaması arzusunda olduğunu təsdiqləyən nəzəriyyə var. Birləşmiş Ştatların prezidenti Franklin Delano Ruzvelt Hitlerin dünya, elə ABŞ üçün də təhlükəli olduğunu yaxşı anlayırdı. Onu da yaxşı bilirdi ki, nasist liderini aradan götürmək üçün hərbi yoldan başqa çarə yoxdur. Bunun üçün Stalinlə birləşmək və Hitlerin üzərinə getmək lazım idi. Amma, politoloqun sözlərinə görə, Amerika cəmiyyətində tamam başqa ab-hava hökm sürürdü. SSRİ-nin yaranmasından sonra bolşevizmə münasibətdə açıq hiddət kursu götürən Ağ Ev dairələri əhalini də anti-sovet ideologiyasına yökləmişdilər. Birdən-birə Sovetlər Birliyi ilə çiyin-çiyinə verib eyni cəbhəni bölüşmək Amerika ictimai rəyində ideallara xəyanət kimi dəyərləndirilə bilərdi. Almanların SSRİ-yə hücumu isə Birləşmiş Ştatlar cəmiyyəti üçün kommunizmin məhvinə yönələn göydəndüşmə aksiya idi. Həmin vaxt Vaşinqton siyasiləri Hitlerin imperialist niyyətlərindən artıq ehtiyatlanmağa başlamışdılar: "İki il idi, müharibə gedirdi. Hitlerin hücum etmədiyi yer qalmamışdı. Ancaq ABŞ müharibəyə girə bilmirdi, çünki ictimai rəy məsələnin əksinə idi. Deməli, onu dəyişməyə ehtiyac yaranmışdı. Dəyişikliyin isə Yaponiyanın Birləşmiş Ştatlara hücumundan yaxşı yolu ola bilməzdi. O zaman Amerika ictimai rəyinin başqa çıxış yolu qalmayacaqdı. Burada hesablama düzgün aparıldı. ABŞ Dövlət Departamentinin o zamankı katibi Kordel Helin tarixə "Xelin notası" kimi düşən notasının "rolu" böyük oldu. Sənəddə Yaponiyadan Hind-Çində və Çində olan bütün qoşunlarını çıxarmaq tələb olunurdu. Ultimatum səciyyəsi daşıyan bu gediş Yaponiyanı müharibəyə təhrik etməli idi və öz məqsədinə çatdı. Ən pisi isə odur ki, yapon siyasətçiləri, o cümlədən mənim babam da vəziyyətin əsirinə düşdü. Mövcud durumda onlara hansısa mənada bəraət qazandırmaq mümkünsüzdür. Ancaq başqa çıxış yolları da qalmamışdı".
Üzərindən 70 ildən də artıq vaxtın keçməsinə baxmayaraq, Pyorl-Harborda baş verənlərin bir çoxu hələ də müəmma olaraq qalır. Araşdırmaçıların müəyyən qismi Yaponiyanın hücumunun ABŞ üçün gözlənilməz olması fikri ətrafında mübahisəyə girişir. Bununla belə qeyd etmək lazımdır ki, hələ 1940-cı ilin sonlarına doğru Vaşinqtona Yaponiyanın diplomatik kodları bəlli idi. Əslində ikincinin fəaliyyətində hər hansı məxfilik də nəzərə çarpmırdı.
Alimlərin digər hissəsi isə Amerika donanmasının ciddi itkilər verməsinə baxmayaraq, bombardıman zamanı yaponların əsas hədəfinin Pyorl-Harborda olmadığına diqqət çəkirlər. Hədəflər isə bazadakı qırıcı təyyarə daşıyan iki gəmi idi. Dekabrın 7-də onlar hadisə yerində nə üçünsə yox idilər. "Bütün bunlara görə belə fikir formalaşır ki, ABŞ Yaponiyanın hücumu barədə əvvəlcədən məlumata malik olub. Amma məndə bu barədə informasiyalar yetərsizdir. Bizə məlum deyil ki, amerikalıların yaponların planları barədə informasiyaları nə qədər olub. Anlaşılmaz məqamlar da var. Məsələn, elə qırıcı təyyarə daşıyan gəmilərin bazadan çıxarılması", - deyə K.Toqo vurğulayır.
Digər maraqlı məqam Böyük Britaniyanın Yaponiyanın hərbi dəniz qüvvələri barədə məxfi məlumatlara malik olduğu halda həmin informasiyaları Birləşmiş Ştatlarla bölmək istəməməsidir. Hər halda o dövrün müttəfiqliyi üçün mövcud hal istisnadır. Yekunda bu faktlar Ruzveltə və İngiltərənin baş naziri Uinston Çerçilə qarşı ittihamları şərtləndirir. Bildirilir ki, onlar Pyorl-Harbora hücuma imkan verməklə ABŞ-ı müharibəyə cəlb etdilər.
Bəli, qeyd etdiyimiz kimi, Yaponiyanın Pyorl-Harbora hücumu ABŞ-ın ictimai rəyini dəyişdi. Amma Ruzveltə növbəti hədiyyəni Yaponiyanın bürokratik sistemi etdi. K.Toqo bu məsələyə də aydınlıq gətirir. "Tokio hücum barədə yarım saat öncədən məlumat verməli idi. Lakin bürokratik maneələr səbəbindən Vaşinqtondakı Yaponiya səfirliyinə informasiya hücumdan yarım saat sonra verildi", - deyən politoloq deyir ki, belə bir halın yaşanması hücumun mahiyyətini də dəyişdirdi. Bütün qaydalardan kənar akt Ruzveltə daha təşəbbüskar olmaq üçün bəhanə də verdi.
İmperiya ambisiyalarına malik ABŞ-la Yaponiyanın maraqlarının toqquşması 1941-ci ilin 7 dekabr tarixinədək də müşahidə olunmuşdu. Amma K.Toqo babasının təcrübəsinə əsaslanaraq bildirir ki, müharibədən qaçmaq mümkün idi. Həmin vaxt xarici işlər naziri S.Toqo qüvvələr nisbətinin də Yaponiyanın xeyrinə olmadığını yaxşı anlayırdı. Buna görə onun başçılıq etdiyi dövlət qurumu ABŞ-la münasibətlərin tənzimlənməsinə dair plan da hazırlayıb. Diplomat onlardan birinin hətta Amerikanın maraqlarına tam uyğun gəldiyini də vurğulayıb. Amma Yaponiyanın təklifinin müqabilində ortaya az öncə haqqında söz açdığımız "Helin notası" çıxır ki, həmin sənədin şərtləri ilə razılaşmaq Yaponiya üçün tarixi nüfuz dairəsindən imtina anlamına gəlirdi. Təbii ki, ultimatum cavabsız qala bilməzdi.
Ümumən indi də tarixçilər "Helin notası" barədə yekdil fikrə gələ bilməyiblər. ABŞ və Yaponiya alimləri məsələ ilə bağlı tam əks mövqeləri bölüşürlər. İkincilər vurğulayırlar ki, Yaponiyanın Çindən qoşunlarını çıxarması 1940-cı ilin sentyabrında ölkənin Almaniya və İtaliya ilə imzaladığı Üçlər paktına əsasən mümkünsüz idi. Buna görə də yapon tərəfi "Helin notası"nı danışıqları davam etdirməmək niyyəti kimi dəyərləndirməkdə haqlı mövqe tutdu. Amma bu məsələ ilə əlaqədar K.Toqonun öz baxışları var: "Mənim anam Siqenori Toqonun qızı idi və Xarici İşlər Nazirliyinin igamətgahında yaşayırdı. Anam mənə deyib ki, "Helin notası"nadək atası sevinirdi. Bir diplomat kimi onun üçün ölkəsini müharibədən qurtarmaq çox böyük məsələ idi. Mövcud istiqamətdə var gücü ilə işləyirdi. Amma "Helin nota"sını alan axşam evə gələndə çox pis vəziyyətdə idi. Çünki sənədin müharibə olduğunu anlayırdı".