Dekabrın 5-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB ölkələri dövlət başçılarının zirvə toplantısı baş tutub. Azərbaycan bu tədbirdə baş nazir səviyyəsində təmsil olunurdu. Sammitin gündəmində iqtisadi, regional və humanitar sahələrdə regional əməkdaşlığın dərinləşdirilməsi, təhlükəsizliyin təmin olunması və digər istiqamətlərə dair 20-yə yaxın sənəd daxil edilmişdi. Tədbirdə ticarət-iqtisadi, valyuta, mədəniyyət, ekologiya və təhlükəsizlik məsələləri müzakirə edilib, qarşılıqlı maraq doğuran beynəlxalq problemlər haqqında fikir mübadiləsi aparılıb.
Müqaviləyə imza atmayanlara çağırış
Toplantı ərəfəsində mətbuat nümayəndələrinə açıqlama verən Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib ki, hazırda Rusiya, Belarus, Ermənistan və Ukraynada azad ticarət zonasına dair müqavilə qüvvədədir. Qazaxıstan və Moldova da həmin müqaviləni imzalayıb, bu ölkələr üçün müqavilə dekabrın 8-də və 9-da qüvvəyə minəcək.
"Azərbaycan və Özbəkistanın da bu müqaviləyə qoşulması məsələsi qoyulub, sənəd bu ölkələrin imzalaması üçün açıqdır", - deyə Uşakov bildirib.
V. Putin sammitdəki çıxışı zamanı Özbəkistanın MDB çərçivəsində azad ticarət zonası haqqında müqaviləyə qoşulmaq istəyini alqışlayıb. O, müqaviləyə imza atmayan digər MDB ölkələrini də belə mövqe tutmağa çağırıb.
V. Putin bildirib ki, Rusiya xidmətlərin azad ticarəti haqqında sazişin hazırlanmasına başlanmasını müsbət qiymətləndirir: "Bu, bizim ukraynalı həmkarımızın təşəbbüsüdür. Hesab edirəm ki, bu təklifin həyata keçirilməsi hər ölkənin xeyrinə olacaq. Bu gün iqtisadi əlaqələrin möhkəmləndirilməsi yolunda daha bir addım atılıb. Söhbət MDB-nin inteqrasiya olunmuş valyuta bazarının təşkili sahəsində imzalanmış sazişdən gedir. Bunun praktikada həyata keçirilməsi bizim milli valyuta sahəsində kommersiya planlarımızı həyata keçirməyə və regionda stabil makroiqtisadiyyatın möhkəmlənməsinə kömək edəcək".
Rusiya prezidenti bu addımın Gömrük İttifaqı və Vahid İqtisadi Məkanda inteqrasiya səylərinin dərinləşməsi üçün şərait yaradacağını vurğulayıb.
Yeni ittifaq uğurlu heç nə vəd etmir
MDB nəzdində Azad Ticarət Zonasının yaradılması əslində Putinin ideya müəllifi olduğu Avrasiya İttifaqının ilkin və əsas təməlidir. Putinin hələ baş nazir olduğu dönəmdə ortaya atdığı yeni ittifaq ideyasının Avropaya inteqrasiyaya xidmət etdiyini göstərməyə çalışsa da, Qərbdə onun ideyasını SSRİ-nin bərpasına yönəlmiş yeni cəhdlər adlandırdılar. Putin baş nazir postunda olduğu vaxtda onun prezidentlik kürsüsünə əyləşdikdən sonra MDB ölkələrini Moskvanın ətrafında daha "sıx birləşdirməyə" yönələn aqressiv addımlar atacağı əvvəlcədən proqnozlaşdırılmışdı. Hətta bunun üçün ölkələrə qarşı əlində olan təsir vasitələrindən istifadə edəcəyi deyilirdi. Məsələn, bu ilin yayından başlayaraq Rusiyada Azərbaycana qarşı bir-birinin ardınca təzyiq rıçaqları işə düşüb. Bura Qarabağ münaqişəsi, Qəbələ RLS, MDB-daxili inteqrasiya və s. daxildir.
Məlum məsələdir ki, rəsmi Bakı Putinin Avrasiya İttifaqı ideyasını dəstəkləmir və Azərbaycan MDB azad ticarət zonası barədə müqaviləni imzalamaqdan imtina edib, bunda maraqlı deyil. Ekspertlər bu istiqamətdə Azərbaycanın qərarını düzgün qiymətləndirir.
Burada söhbət yalnız iqtisadi məsələlərindən getmir, həm də siyasi maraqlar rol oynayır. Onsuz da bölgə ölkələri ilə bir birliyə daxil olmağa ehtiyac yoxdur, Azərbaycan MDB ölkələri ilə ticarət əlaqələrini ikitərəfli müqavilələrlə də davam etdirə bilər. Mütəxəssislər iddia edir ki, həmin müqavilənin imzalanması məhz Rusiyanın fəaliyyəti sayəsində hazırda Azərbaycanla problemləri olan Ermənistanın məhsullarının Azərbaycan ərazisinə daxil olmasına şərait yaratmaqla yanaşı bəzi qardaş ölkələrin daha keyfiyyətli məhsullarının ölkə bazarından sıxışdırılıb çıxarılmasına zəmin yaradar.
Təhlilçilər ittifaqda Azərbaycan üçün perspektiv görmür. Azərbaycanın müstəqil siyasət həyata keçirməsi isə ölkə iqtisadiyyatının daha da möhkəmləndirilməsinə xidmət edir. Buna görə də xüsusilə qeyd edilir ki, Avrasiya ittifaqına daxil olma Azərbaycan üçün o qədər də çəkili əhəmiyyətə malik deyil. Bundan başqa, Azərbaycanın belə ittifaqlarla müəyyən məsafə saxlamasının ölkə üçün faydalı tərəfləri var.
Avrasiya ittifaqında perspektivlərə gəlincə, o qədər də uğurlu heç nə vəd etmir. MDB bunun bariz nümunəsidir. Burada təmsil olunmuş dövlətlərin başçıları hansısa bir problemi həll etməyərək sadəcə toplantı naminə bir yerə yığışır. Buna nümunə kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də həllinin tapmamasını göstərmək mümkündür.
Azad ticarət Rusiyanın çiçəklənməsinə şərait yaradacaq
Rusiya prezidenti Putin azad ticarət zonası haqda müqaviləni MDB çərçivəsində ticarət-iqtisadi münasibətlərin yeni fundamentlərini yaradacağını deyir. Sənəd MDB ölkələri arasında ticarətdəki bütün baryerləri aradan qaldırmağa hesablanıb. Rusiya prezidentinin sözlərinə görə, azad ticarət zonası yaranandan sonra MDB ölkələri arasında qarşılıqlı ticarət dövriyyəsi kəskin artacaq. Bazarlar hamı üçün açılacaq və deməli, mallar daha ucuz qiymətə əhaliyə çatacaq, nəticədə yeni imkanlar açılacaq. Razılaşmaya əsasən, idxal və ixrac bir çox mallarda rüsum haqqını aradan qaldırır.
Azərbaycanlı siyasi müşahidəçilərin fikrincə, Azad Ticarət Zonası MDB məkanında tam parametrlərlə həyata keçirilməsi mümkün olmayan bir ideyadır. Politoloqların rəyinə əsasən, Rusiya çalışacaq ki, Azad Ticarət Zonasını öz ərazisində yaratsın. Başqa ölkələrin təbii ehtiyatlarını, istehsal məhsullarını buraya cəlb etməklə öz ərazisinin çiçəklənməsinə şərait yaratsın. Odur ki, Azərbaycan hökumətinin müqaviləni imzalamamasını təqdir edirlər.