Münaqişənin həllinə kim liderlik etməlidir?

3 Dekabr 2012 17:20 (UTC+04:00)

1994-cü ildə imzalanan atəşkəsə baxmayaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud status-kvo, həlli dalana dirənən problem bu gün bölgə üçün potensial təhlükə olaraq böyüməyə davam edir.

Vaşinqtondakı Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin (CSİS) ekspertləri düşünür ki, problemin həllində rəsmi Ankara və Moskvanın rolu daha təsirli ola bilər. Onlar Cənubi Qafqazdakı müttəfiqləri üçün qərarlı bir mövqe nümayiş etdirməli və münaqişənin həllini bölgədəki digər siyasi sürtüşmələrdən daha prioritet bir mövzu olaraq gündəmdə saxlamalıdırlar. Ekspertlər Azərbaycanın hərbi imkanlarını işğalçı Ermənistanla müqayisədə çox yüksək dəyərləndirirlər. Azərbaycan 2013-cü il üçün müdafiə xərclərinə 3,7 milyard dollar ayırıb. Bu, Ermənistanın ümumi dövlət büdcəsindən çox olmaqla yanaşı, hərbi büdcəsinin də dörd qatına bərabərdir. Prezident İlham Əliyev də status-kvo ilə bağlı səbrinin məhdud olduğunu dəfələrlə dilə gətirərək qarşı tərəfi xəbərdar edib.

CSİS-in Qafqaz regionu üzrə mütəxəssisi Jeffrey Mankov deyir ki, münaqişənin böyümə təhlükəsinin yaşandığı bu dövrdə bölgədəki güc balansının Ermənistan əleyhinə çevrilməsinə baxmayaraq, daxildə baş verənlər rəsmi İrəvanın konstruktiv mövqe nümayiş etdirməsini məhdudlaşdırır: "Qarabağ əsilli siyasətçilərin təsiri ucbatından Ermənistanın Qarabağ mövzusunda güzəştə getmə meyli də maneələrə rast gəlir. Mövcud vəziyyət hazırda İrəvandakı yeni nəsil siyasətçilərlə Serj Sarkisyan və eks-prezident Robert Koçaryanın təmsil etdiyi Qarabağ klanı arasında siyasi gərginlik yaradıb. Bu səbəbdən daxili siyasətdə pis ab-hava hökm sürür. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü və Rusiyanın möhkəm bir müttəfiqi kimi əksəriyyəti Gümrüdəki 102-ci hərbi hissə olmaqla, torpaqlarında 5 min heyəti olan rus hərbi hissəsini saxlayır. Bununla yanaşı, müttəfiq Rusiya Ermənistana "S-300" hava hücumundan müdafiə raketləri ilə yanaşı, üstün xüsusiyyətli silahlar da transfer edib".

Bir çox erməni rəsmisinə görə rus qoşunlarının Ermənistan torpaqlarında yerləşdirilməsi və Moskva ilə birgə hərbi ittifaqda təmsil olunması, bu ölkənin boyunduruq altına alınması ilə yanaşı, həm də əsas müdafiə kartıdır. Rusiyanın bu ölkədəki varlığı rəsmi İrəvanın Qarabağ mövzusundakı inadçılığını artırmaqla bərabər, eyni zamanda Ermənistanın Qərb ölkələri və Türkiyə ilə əməkdaşlığını məhdudlaşdırır. Qısacası Ermənistan Rusiyanın peyki kimi istənilən şəkildə istifadə olunur.

Jeffrey Mankov bildirir ki, Bakı və İrəvanda səslənən bəyanatlar, həmsədrlərin nəticə verməyən səfərləri Dağlıq Qarabağdakı təhlükəni daha artırır. Son aylarda Ermənistan-Azərbaycan sərhədi boyunca təmas xəttində yaşanan hadisələr dəhşətli nəticələr doğurub. Məsələn, 2011-ci ilin əvvəllərindən 2012-ci ilinin ortalarına qədər təmas xəttində ölən insan sayı rəsmi məlumatlara görə 63-ə çatıb.

CSİS-in eksperti Məmməd Fatih Öztarsunun sözlərinə görə, son bir neçə ildə sərgilənən müvəffəqiyyətsiz diplomatiya Ermənistanın işğalçı güclərini Dağlıq Qarabağdan çəkməsini təklif edən Madrid prinsipləri təməlində reallaşa biləcək həlli variantını çox təəssüf ki, kağız üzərində saxlayıb.

Ekspert münaqişənin həlli yolunda ABŞ, Fransa və Rusiyanın həmsədri olduğu ATƏT-in Minsk qrupunun fəaliyyətinin heç bir fayda verməyəcəyini deyir: "Minsk qrupu 1992-ci ildən bəri çalışsa da, qurumun fəaliyyətində indiyə qədər heç bir müsbət irəliləyiş əldə olunmayıb. 2000-ci ildən etibarən iki həmsədr dövlət ABŞ və Fransa əvvəlki illərə müqayisədə prosesdə o qədər aktiv iştirak etmədilər və yalnız Moskvanın bu istiqamətdəki fəaliyyətini izləməklə kifayətləndilər. Bu gün isə Dağlıq Qarabağ problemi Avro bölgəsindəki böhran, ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması prosesi və ərəb ölkələrindəki üsyanlar kimi olayların yanında kiçik, əhəmiyyətsiz bir problem olaraq dəyərləndirilir".

Fatih Öztarsunun fikrincə, nə Paris, nə də Vaşinqtonun hələ uzun müddət yeni bir həll variantı təklifi üçün ipləri ələ alacağı real görünmür: "Geriyə, üçüncü həmsədr ölkə Rusiya və bölgənin yaxın gələcəkdəki ən əhəmiyyətli aktyorlarından olan Türkiyə qalır. İşə müsbət tərəfdən baxsaq Rusiya önəmli enerji resurslarına malik və iqtisadiyyatı sürətlə böyüyən Azərbaycanla əlaqələrini daha da inkişaf etdirmək istəyir. Türkiyənin isə Xəzər Dənizi ilə Avropa arasında körpü olma səyləri Türkiyə-Ermənistan sərhədinin açılması ilə sürət qazana bilər. Bundan başqa Türkiyənin "ərəb baharı cığırında" can verən diplomatik gücü də Cənub Qafqazdakı sabitlikdən, inkişafdan faydalana bilər".

Ekspertin qənaətinə görə, Rusiya Ermənistanı Madrid prinsiplərini qəbul və onu icra etməyə məcbur etməlidir: "Azərbaycan da məqbul uzlaşma təkliflərinə açıq olmalı və müzakirələrə yönəlik daha əlverişli mühit yaratmaq üçün müharibə bəyanatlarını azaltmalıdır. Türkiyə Ermənistanın beynəlxalq hüquq çərçivəsində öhdəliklərini yerinə yetirməsi və işğal etdiyi Dağlıq Qarabağ və ətrafındakı 7 rayondan çəkilərək Azərbaycanın torpaq bütünlüyünə hörmət göstərməsini tələb etməklə yanaşı, türk-erməni münasibətlərinin yaxşılaşdırılması üçün də tələblərini yumşaltmalıdır. Tərəflər status-kvonun davam etməsini təhlükəli olduğunu və müharibə yenidən başlayacağı təqdirdə hər kəsin itirən tərəfdə olacağını qəbul etməlidir".