Satıcıları IPad əvəz edəcək
Hal-hazırda dünyanın bir çox inkişaf etmiş ölkələrində mağazalarda məhsulların satışı IPad vasitəsilə aparılır. İstehlakçılar almaq istədikləri məhsulu IPadda axtarışa verirlər və həmin qurğu da onun cavab almaq istədiyi istənilən sualını cavablandırır. Bu isə onu göstərir ki, artıq yeni inkişaf mərhələsi başlayıb və internetin sürətli inkişafı bir çox sahədə insanlar deyil, kompyuterdən istifadəyə gətirib çıxaracaq.
10 il sonra internetin inkişafı insanlar üçün dünya ilə bağlı bir çox sirləri açacaq
Əvvəllər internet vasitəsilə insanlar ancaq xəbərləri oxuya bilirdilərsə, indi nəinki xəbərləri, eləcə də musiqiləri, videoları, kitabları, televiziyada yayımlanmış proqramları, serialları və s. bu kimi informasiyaları əldə edə, hətta iş də tapa bilirlər. 10 il sonra isə internetin inkişafı daha çox materialı, daha sürətlə və daha böyük kütləyə ötürməyə imkan verəcək və bunun nəticəsində dünyada baş verən bir çox proseslər haqqında gözlənilməz sirlər açılacaq.
İnternetin inkişafına mane olan qüvvələr var
Hal-hazırda internet sisteminin sürətli inkişafının qarşısını alan bəzi qüvvələr var. Çünki, internet bütün dünyada monopoliyanı öz əlinə keçirib, istənilən biznesi inkişaf etdirməyə və ya süquta yetirməyə qadirdir.
Kitab, dəftər əvəzinə IPadlardən istifadə ediləcək
İnternet təhsil sistemini də ələ keçirməyə başlayıb. Belə ki, elektron kitabxanalar, elektron təhsil, elektron kurslar vasitəsilə artıq internetdən təhsil almaq da mümkündür. 10 il sonra isə dünyada tələbələr dərs vəsaiti kimi IPadlardan istifadə edəcəklər və hətta kitab və dəftərlərdən imtina edəcəklər. Çünki IPad vasitəsilə həm kitab oxumaq, həm də yazı yazmaq daha asandır.
İnternetin inkişafı iqtisadiyyata təsir edəcək, qiymətləri aşağı salacaq
İnternetdən alış-veriş daha ucuzdur. Çünki internetdə məhsul satışa çıxaran şirkətlər kommunal xərc, vergi, kirayə və s. bu kimi ödənişlər etmədikləri üçün məhsulun satışı da daha ucuz başa gəlir və bu da gələcəkdə bir çox məhsulların qiymətinin aşağı düşməsi ilə nəticələnəcək.
10 il sonra sosial şəbəkələr nə cür olacaq? Facebook bağlanacaqmı?
10 il sonra sosial şəbəkələr daha da inkişaf edəcək və yeni şəbəkələr yaradılacaq. Amma Facebook bazarda liderliyini qorumağı bacaracaq və daha böyük axtarış sisteminə çevriləcək. Hətta gələcəkdə Facebook ilə Google-ın fəaliyyətinin birləşəcəyi və Google-a Facebook vasitəsilə axtarış verməyin mümkün olacağı da gözlənilir.
Hamı internet TV və radioları izləyəcək
Zaur Darabzadə internet TV və radioların da gələcəyi ilə bağlı proqnoz verdi ki, "Biz Azərbaycanda ilk internet radiosu Day.Az radionu yaradanda bir çox insanlar soruşurdu ki, əgər evdə, maşında radio dinləmək olursa, internet radioya kimlər qulaq asacaq? Zaman keçdikcə, intermet radioya maraq durmadan artdı və bizi qınıyanlar başa düşdulər ki, əksər radioları Bakı və Bakı ətrafı ərazilərdə dinləmək mümkün olduğu halda, internet radionu, internet olan dünyanın istənilən yerində eşitmək mümkünür. 10 il sonra isə internet radiolar o qədər inkişaf edəcək ki, insanlar fm dalğalara deyil, ancaq internet radiolara qulaq asacaq".
İnternetin 10 il sonrakı mövcuduğu ilə bağlı növbəti proqnozları öyrənmək üçün isə PR texnologiyalar və KİV üzrə expert Əli Hacızadəyə müraciət etdik. Ekspert bildirdi ki, 10 ildən sonra internetin necə olacağını 100 faiz əminliklə heç kim deyə bilməz, biz bu haqda yalnız mülahizələr yürüdə bilərik.
Hamı sürətli internet istifadəçisi olacaq
Hal-hazırda dünyada mövcud olan prosesləri nəzərə alsaq, deyə bilərik ki, internet istifadəçilərinin sayı durmadan artacaq, daha çox insan surətli internetə qoşulma imkanı əldə edəcək ki, bu da onların internetdən faydalanma imkanlarını qat-qat artıracaq.
İnternet üzərindən ticarət atracaq
Güman etmək olar ki, 10 ildən sonra internet üzərindən olan ticarətin həcmi dəfələrlə artacaq, insanlar daha çox sayda xidmətdən bəhrələnə biləcək.
Xəbərləri yalnız internet KİV-lərdən alacaqsıznız
10 ildən sonra internetin surətli inkişafı KİV-lərə də öz təsirini göstərəcək, belə ki, indiki dövrdə onlayn KİV-lərə rəqabətdə uduzan dövri nəşrlərin 10 ildən sonra tamanilə tarixə qovuşacağını gözləmək olar.
TV-yə baxmayacaqsınız
İnternetin surətli inkişafı digər ənənəvi KİV-lərlə yanaşı, televiziyanı da əhatə edəcək, belə ki, surətli internet çıxışı olan istifadəçilərin bir çoxu artıq TV-yə kompyuter və ya telefon vasitəsilə baxır. Bu isə o deməkdir ki, 10 ildən sonra internetdə yayımlanan televiziya kanalları ənənəvi kanalları sıxışdırmağa başlayacaq.
Noutbukları atıb, ancaq mobil telefon istifadə edəcəksiniz
Mobil internetin inkişaf tendensiyasına nəzər salsaq, deyə bilərik ki, 10 ildən sonra mobil internet istifadəçilərinin sayı qat-qat artacaq. Mobil telefon istehsal edən şirkətlərin get-gedə öz məhsullarını təkmilləşdirməsi də mobil internet istifadəçilərinin artmasına təsir edir.
İnternet daha təhlükəli olacaq
Bir faktı da nəzərdən qaçırmayaq ki, 10 ildən sonra internet təhlükəsizliyi, ya da bəzi mütəxəssislərin dediyi kimi internetdə təhlükəsizlik məsələsi daha da aktual olacaq.