Serj Sarqsyan: geosiyasi proseslərin burulğanında

1 Dekabr 2012 13:02 (UTC+04:00)

Karen Akopcanyan "7or.am" saytında yazır ki, Serj Sarqsyan R.Koçaryandan kimlərisə qorxutmaq üçün istifadə edir. O, "bir insan və rəhbər kimi özünü artıq xərcləyib" (1). Ermənistan prezidentinin ölkə daxilində hörmətinin son dərəcə aşağı düşməsi təsadüfi deyil. Siyasətşünaslar onun təbliğat maşınının səmərəsizliyinə işarə edirlər.

Sosial aspektdə isə məsələ daha dərin səbəblərə bağlıdır. Ermənistan cəmiyyət olaraq tənəzzüldədir. Ölkəni insanlar tərk edir, iqtisadi böhran dərinləşir. Bunların fonunda S.Sarqsyanın hakimiyyət kürsüsü uğrunda hərisliklə mübarizə aparması, təbii ki, vətəndaşları qıcıqlandırır.

Lakin beynəlxalq aləmdə Ermənistanın düşdüyü vəziyyət daha acınacaqlıdır. Serj Sarqsyan sözün həqiqi mənasında geosiyasi burulğanda çabalayır. Pərdəarxasından onun ipini kim hansı istiqamətə çəkirsə, ona uyğun mövqe tutur. İndi ABŞ və Rusiya bu kuklanı daha tez-tez oynadırlar.

"The Wall Street Journal" qəzetinə verdiyi müsahibədə S.Sarqsyanın kim olduğu aydınca görünür. O, həmin müsahibədə daxil məsələlərdə olduğu kimi, geosiyasi maraqların təbliğində də özünü tamamilə xərclədiyini təsdiqləyib. Yenə də Azərbaycanın Dağlıq Qarabağ əhalisini guya məhv etməyə hazırlaşdığını və bunun qarşısında "qüdrətli erməni hərbi qüvvələrinin durduğunu" ucuz məntiqi ilə ifadə edib. Axı hamı bilir ki, Dağlıq Qarabağ əhalisini öz yurdundan didərgin salanların başında duranlardan biri məhz Serj Sarqsyandır. Bəs onda niyə o, cəfəngiyat danışır?

Səbəbi məlumdur. S.Sarqsyan Ermənistan daxilində itirdiyi nüfuzunu Dağlıq Qarabağ münaqişəsi ətrafında absurd fikirlər söyləməklə bərpa etməyə çalışır. Ancaq onun bu planına, güvəndiyi dövlətlərin bəzi addımları mane olur. Buna görə də müxtəlif ibarələrlə etirazlarını havadarlarına çatdırmaq istəyir. Qlobal geosiyasətdə cərəyan edən proseslərin fonunda Ermənistan prezidentinin bu cəhdləri əsassız və gülünc görünür.

Onu deyək ki, Azərbaycanda bəzi media yazarları erməni tərəfinin bu kimi ucuz şoularına aldanaraq, yanlış nəticələr çıxarırlar. O cümlədən, rəsmi Bakının münaqişə ilə bağlı atdığı addımların mənasını düzgün olmayan formada şərh edirlər.

Təbii ki, hazırda Azərbaycanın geosiyasi mövqeyi elədir ki, Dağlıq Qarabağla bağlı hər bir situasiyada öz mənafeyini aktiv müdafiə edə və qarşı tərəfə təzyiq göstərə bilər.

Reallıq ondan ibarətdir ki, S.Sarqsyan hansısa xarici dövlətə təzyiq etmək imkanından məhrumdur. O, böyük dövlətlərin apardıqları böyük geosiyasi oyunun piyadasıdır. Ermənistan rəhbərliyinin regionla əlaqəli baş verən geosiyasi prosesləri qiymətləndirməsi bu qənaəti tam təsdiq edir.

ABŞ və Rusiyanın Cənubi Qafqaz siyasəti: Ermənistana passiv rol

Hər iki böyük dövlətin regionla bağlı siyasətinə nəzər salsaq, orada faktiki olaraq Ermənistana elə bir rolun verilmədiyini görərik. Bütün ciddi geosiyasi planlarda bu kiçik ölkə kölgədə qalır. Yerevana hansısa regional geosiyasi proqramda aparıcılıq rolu verilmir. O cümlədən, İranla bağlı məsələlərin müzakirəsində Ermənistanın dövlət olaraq oynaya biləcəyi roldan danışan yoxdur.

Məhz buna görə, S.Sarqsyan süni surətdə İran məsələsini Ermənistanın regiondakı "əhəmiyyətli geosiyasi funksiyası" aspektində vurğulamağa çalışıb. O, İrana hərbi zərbələrin endirilməsinin Ermənistanla Azərbaycan arasında müharibəyə gətirib çıxaracağını iddia edir. Bundan əvvəl isə Azərbaycanın hərbi əməliyyatlara hazırlaşdığından bəhs edirdi. Ancaq "qüdrətli erməni ordusu" ifadəsini işlətməyi də unutmur.

Diqqət etsəniz, S.Sarqsyanın məntiqi tam dolaşıq və müəmmalıdır. Birincisi, əgər Azərbaycan müharibəyə hazırlaşırsa, İran məsələsinin bura elə bir aidiyyəti yoxdur. Çünki Bakı öz ərazisini işğaldan azad etmək üçün kiminsə kiməsə hücum etməsinə ehtiyac görmür. İkincisi, Ermənistan hərbi cəhətdən güclüdürsə, Azərbaycandan niyə qorxur?

Belə çıxır ki, İrana qarşı hərbi əməliyyat Ermənistanın xeyrinədir, çünki onda "güclü erməni ordusu" yeni ərazilər işğal edə bilər. Ancaq S.Sarqsyan böyük dövlətlərə üz tutur ki, müharibənin başlamasına imkan verməsinlər və Ermənistan "qarşılıqlı güzəştlərə getməyə hazırdır" (2).

Erməni prezidentin özünü itirməsinin səbəbləri aydındır. ABŞ və Rusiya regionla bağlı siyasətlərində daha ehtiyatlı davranmağa məcburdurlar. Onlar Azərbaycanın maraqlarını nəzərə almalıdırlar. İran məsələsinə gəldikdə isə, burada Ermənistan faktorunun təsiri minimumdur. Çünki elə bir geosiyasi səbəb yoxdur ki, ABŞ və ya Rusiya Ermənistanı ciddiyə alsın. Əvəzində, hər ikisi üçün erməni amilinə yanaşmada bir xüsusiyyət özünü göstərir. Bu da Ermənistandan forpost kimi istifadə etməkdən ibarətdir.

S.Sarqsyanı çətin vəziyyətə salan əsas məqam Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu durmadan artırmasıdır. Bakı regionla bağlı çox perspektivli sosial-iqtisadi və mədəni proqramlar həyata keçirir. Təcrübə göstərir ki, Azərbaycanın yeritdiyi regional siyasət digər bölgə dövlətlərindən daha səmərəlidir. Gürcüstanın yeni rəhbərliyinin son vaxtlar atdığı addımlar fonunda bu məqam daha aydın görünür.

Ermənistan isə bu kontekstdə olduqca pis vəziyyətdədir. Heç bir regional layihə təklif edə bilməyən rəsmi Yerevan, qonşulara böhtan atmaqdan başqa bir iş bilmir. Onun özünü təcrid etməsi ölkəni tamamilə çıxılmaz geosiyasi vəziyyətə salıb.

Vaşinqton və Moskvada Yerevanın real geosiyasi dəyərini çox yaxşı bilirlər. ABŞ və Rusiya yalnız bu "yağsız tikəni" daha rahat necə udmaq haqqında düşünə bilərlər. O məqsəd isə regionda əsas geosiyasi proseslər başa çatandan sonra aktuallaşacaq. Mübarizənin gedişində Ermənistanın hər hansı fəallığı müşahidə edilə bilməz.

S.Sarqsyan öz kürsüsünü qorumaq üçün "siyasət əjdahası" pozasını ala bilər. Bununla erməni seçiciləri aldada da bilər. Lakin real siyasət başqa şeydir – o, yalançı obrazları qəbul etmir. Növbəti Paris səfəri də bunu təsdiqlədi.

Erməni mətbuatının yaydığı informasiyaya görə, S.Sarqsyanın səfəri haqqında Fransanın əksər ciddi mətbuat orqanı heç nə yazmadı. "Aykakan Jamank" qəzeti prezident Fransua Ollandın S.Sarqsyana bədnam "erməni soyqırımı" ilə bağlı köhnə vədini təkrarlamaqdan başqa yeni bir fikir söyləmədiyini vurğulayıb (3).

Rəsmi məqamlar S.Sarqsyanın sağlam olduğunu diqqətə çatdırıblar. Ola bilər ki, onun fiziki cəhətdən elə bir problemi yoxdur. Hətta "1in.am" elektron nəşrinin vurğuladığı kimi, "siyasi striptiz" də göstərə bilir (4). Ancaq bunun marionet siyasətçi olmağa heç bir maneçiliyi yoxdur. Hər halda, S.Sarqsyan bu iki cəhəti özündə birləşdirə bilir.

Newtimes.az