Rusiya əhəmiyyətli bir enerji mərkəzi olan və iqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycanla əlaqələrini daha da inkişaf etdirmək istəyindədir. Türkiyənin isə Xəzər hövzəsi ilə Avropa arasında körpü olmaq marağı vardır.
Rusiya və Türkiyənin ayrı-ayrılıqda Cənubi Qafqazda maraqları araşdırma tələb edən bir məsələdir. Rusiyanın özü Qafqaz ölkəsidir. Bu baxımdan, bu ölkənin Cənubi Qafqazda gedən proseslərdə marağının olması başadüşüləndir. Türkiyə isə bu region ilə həmsərhəddir və burada gedən proseslərin ona birbaşa təsiri vardır.
Amma bu iki ölkələrin maraqlarından danışarkən, onaların regionun maraqları ilə uzlaşması düşünülməlidir. Sağlam maraqlar həmişə dəstəklənən maraqlardır. Rusiyanın regionla tarixi yaxınlığı vardır və o burada nüfuzunun olmasında, baş verən proseslərdə iştirak etməkdə maraqlıdır. Rusiyanın Ermənistanda hərbi bazasının olması da bu ölkənin Cənubi Qafqazı diqqətdə saxladığını göstərir.
Rusiyanın Azərbaycan torpaqlarını işğal edən Ermənistanla strateji müttəfiq olması, əlbəttə ki, məsələyə müəyyən çalarlar gətirir. Rusiyanın Azərbaycanla da ciddi dostluq münasibətləri vardır. Amma Azərbaycan çox istəyərdi ki, Rusiya müttəfiqi Ermənistandan beynəlxalq hüquq normalarına riayət etməsini ciddi şəkildə tələb etsin.
Həm həmsərhəd olması, bundan əlavə isə Türkiyənin təbii müttəfiqi olan Azərbaycanın Cənubi Qafqazda yerləşməsi, bu ölkəni regionla bağlayan ciddi amillərdəndir. Müstəqil olduğu iyirmi il ərzində Azərbaycan problemlərinə həllinə həmişə Türkiyədən dəstək alıb, beynəlxalq aləmdə birgə fəaliyyət göstərmək mümükün olub. İki dövlət arasında bütün sahələrdə yüksək münasibətlər olmasına baxmayaraq, münasibətlərin daha da dərinləşməsi üçünhələ də kifayət qədər böyük potensial vardır. Rusiya və Türkiyənin regiondakı sağlam maraqları həm indiki proseslərin gedişatına təsir edən, həm də gələcəkdəki proseslər üçün vacib olan elementlərdən biridir.
Bütün bunlara baxmayaraq bu gün Rusiya və Türkiyə arasında kəskin qarşıdurma, yaxud bir-birinin maraqlarını pozmaq halları müşahidə edilmir. Buna ehtiyac da yoxdur. Qafqazda bu iki dövlətdən başqa, digər dövlətlərin də maraqları var və bu maraqlar sağlam istiqamətdədirsə, əlavə problemlər də yaratmayacaq. Rusiyanın Türkiyə ilə münasibətlərinin yeni səviyyədə qurulması prosesi gedir. Hesab edirəm ki, Rusiya və Türkiyə arasında yaxın münasibətlərin olması region ölkələri üçün də faydalıdır.
Rusiya müəyyən dairələri çox istəyərdi ki, Azərbaycanın, ümumilikdə Xəzər hövzəsi ölkələrinin enerji ehtiyatları onun ərazisindən dünya bazarına çıxarılsın. Bəzən Türkiyənin alternativ marşrutlar təklif etməsi, Moskva və Ankara arasında maraqları toqquşması kimi başa düşülür.
Ancaq burada toqquşan maraqlar yox, maraqların daha yaxşısının seçilməsiimkanı vardır. Kim daha yaxşı variant təklif edirsə, həmin varianta üstünlük verilir. Bu, təkcə regionla, enerji ehtiyatları ilə bağlı deyil, biznesin bütün sahələrində belədir. Azərbaycan və digər Xəzər hövzəsi ölkələri daha sərfəli variantlar axtarışındadır.Ona gör də bu prosesə normal baxmaq lazımdır.
Rusiya Türkiyənin Cənubi Qafqazda maraqlarının təmin olunmasının hansı formada uzlaşmasını isə zaman və şərait göstərəcəkdir.
Kremldən yayılan məlumata görə, dekabrın 3-də Türkiyəyə səfər edəcək Rusiya prezidenti Vladimir Putinin gündəliyində Cənubi Qafqazdakı münaqişələr də vardır. Sual oluna bilər Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Rusiya və Türkiyənin birgə səyləri nə dərəcədə səmərəli olar bilər. Tərəflərin bu məsələyə münasibət bildirməsinin özü, problemin daim dünya gündəmində qalmasını göstərir. Əks halda problem dərinləşər, onu beynəlxalq hüquq normaları çərçivəsində həlli düyünə düşərdi. Azərbaycanla müttəfiqliyini nəzərə alaraq, Türkiyə tərəfinin Dağlıq Qarabağ problemini Rusiya prezidenti qarşısında daha ciddi şəkildə qoyacağını gözləmək olar.