Bu gün "insan haqları" ilə bağlı dünyanın əksər ölkələrinə irad tutan bəzi Qərb dövlətləri və onların maraqlarına xidmət edən bəzi təşkilatların görəsən bu ölkələrin özündə bu sahədə baş verənlərdən, real vəziyyətdən xəbərləri varmı? Və yaxud yaydıqları məlumatları nə qədər əsassız olduğunu dərk edirlərmi? Halbuki indiyə qədər ortaya çıxarılan faktlar konkret olaraq Qərb ölkələrində insan haqları ilə bağlı ciddi və daha qlobal miqyaslı problemlər olduğunu açıq şəkildə göstərir.
20 ildən çoxdur Azərbaycan Ermənistanın təcavüzünə məruz qalsa da, işğalçı dövlət dünya birliyinə, BMT-yə meydan oxuyur. Azərbaycan illərdir dünyaya haqq səsini, qaçqın və köçkünlərinin səsini çatdırmaq istəyir. Onların nüfuzlu mətbuatı, televiziyaları, insan hüquqlarının "müdafiəsi" ilə məşğul olan təşkilatları isə yüz minlərlə qaçqın və məcburi köçkünümüzün taleyi və pozulmuş insan hüquqları, ermənilərin çoxsaylı vandalizm cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq əvəzinə hansısa bir qanun pozuntusuna görə həbs olunmuş insana siyasi məhbus adı verib, onu azadlığa buraxılmasını tələb edir. Bunları da əsas gətirib yazırlar ki, Azərbaycanda demokratiya, insan haqları pozulur.
"Fridom Hous", "Human Rayts Votç" və başqa bu kimi beynəlxalq qurumlar ölkəmizə qarşı zaman-zaman qara piardan istifadə edirlər. Görünür bu təşkilatlar öz fəaliyyətlərində reallıq hissini itirib, həqiqəti əks etdirməyən informasiya mənbələrinə istinad edirlər, ya da onlara bu cür sərf edir.
Qərbdə vəziyyət nə yerdədir ?
ABŞ-da insan haqlarının 30 fəal qrupunun apardığı hesabata əsasən, ABŞ cinayəti bildirilmədən Quantanamo və Baqramda 800 nəfəri həbs edib. Dustaqlara tibbi yardım göstərilməyib, onların dindirilməsi zaman bir çox üsullar, o cümlədən su ilə süni boğmadan istifadə etməklə insan haqları pozulub. Bu məhbuslardan bəzisinin azadlıq hökmünün mövcud olmasına baxmayaraq, onlar hələ də həbsdədirlər, Əfqanıstanda hətta 600 dustaq naməlum vəziyyətdə saxlanılır. Həbsxanaların ümumi vəziyyətin araşdırmalarına görə, ABŞ əhalisinin sayına görə daha çox məhbusa malikdir. Həmçinin ABŞ dünyada uşaqlar üçün ömürlük həbs hökmünü çıxaran yeganə ölkədir. Azlıqların hüquqlarının pozulması ilə bağlı araşdırmalar qaradərililər kimi yerli qrupların mənzil, gəlir yeri, ibadət məkanı, qəbiristanlıq, məktəb və ictimai mərkəzlərinə hücumun davam etdiyini göstərir. ABŞ-da xarici vətəndaşlara qarşı irqçilik, azlıqlara, xüsusilə də meksikalı və ispan əsilli, habelə müsəlman və yəhudilər kimi azlıqlara qarşı dinofobiya hərəkətləri geniş şəkildədir.
2011-ci ilin sentyabrında ABŞ-da başlayan "Wall Street"i işğal et" hərəkatı zamanı
nümayişlərdə minlərlə insan həbs olunub, jurnalistlər təzyiqlərə məruz qalıb. BPS-nin müxbiri Con Farley, "Milwaukee Journal Sentinel"in müxbiri Kristina Vents-Qraf Viskonsin, "Nashville Scene"in müxbiri Conatan Midor, "The Sentinel"ın müxbiri Alisen Redmond və "The Signal"ın müxbiri Cudis Kim aksiyalar haqqında məlumatları yaydıqlarına görə polislər tərəfindən həbs ediliblər. Minlərlə nümayişçinin olduğu düşərgələr çevik polis qüvvələri tərəfindən dağıdılıb.
ABŞ-da baş verən etirazlar əsasən sosial şəbəkələr vasitəsilə yayıldığından hökumət rəsmi səviyyədə sosial şəbəkə rəhbərliklərindən (xüsusən Facebook) nümayişlər barədə ən çox məlumat yayan, insanları nümayişlərə təşviq edən istifadəçilərin siyahısını istəyib.
Yoxsulların sayı 50 milyona çatıb
Azərbaycan İnsan hüquqları haqqında Bəyannaməni ratifikasiya edib və Konstitusiyamızda ölkəmizin söykəndiyi insan haqları ilə bağlı prinsiplər ümumi Bəyannamədən irəli gələn müddəaları özündə əks etdirir. Maraqlı fakt ondan ibarətdir ki, 1948-ci ildə qəbul edilən və 30 maddədən ibarət olan bu sənəd ABŞ Konqresi tərəfindən hələ də ratifikasiya edilməyib. Birləşmiş Ştatlar nə Uşaq Konvensiyasını, nə Sosial Konvensiyanı, nə də insan hüquqları ilə bağlı digər sənədləri qəbul etməyib.
ABŞ-da insan hüquqları ilə yanaşı, sosial durum da ürək açan deyil. Varlılarla kasıblar arasında fərqə görə ABŞ hazırda Qərbin bütün inkişaf etmiş ölkələrindən öndədir. Bu fərq son illərdə ABŞ-da rekord həddə çatıb. ABŞ əhalisinin 1 faizi ölkənin bütün var-dövlətinin 90 faizinə sahibdir. Əhalisinin ən kasıb 40 faizinin payına ABŞ var-dövlətinin yalnız 0,3 faizi düşür. 1 faiz kapitalistin sərvəti 50 faizlik orta sinfin ümumi sərvətindən 8 dəfə çoxdur. Amerikada ölkə əhalisinin yarısı bank əmanətlərinin cəmi 1 faizinə sahibdir. 20 il ərzində Amerikada yoxsulların sayı 3 dəfə artaraq 50 milyona çatıb. Ölkə əhalisinin 30-35 faizinin öz evi yoxdur və onlar dünya üzrə ən bahalı qiymətlərlə kirayələrdə yaşamağa məcburdurlar. Amerikanların əmək haqqının yarısı kirayəyə, 25 faizi də kommunal ödəmələrə sərf olunur. Qalan cüzi vəsait isə normal yaşamağa kifayət etmir. Halbuki 700 milyardlıq hərbi büdcəsi olan ABŞ-ın 170 ölkədə 1000-dən artıq bazası var. Hər halda bu pullar Amerika xalqının "boğazından kəsilib". Görəsən bunlar amerikalıların hüquqlarının pozulması demək deyil?
Burada gözlənilmədən evsiz və ya küçədə qala bilərsən
Almaniyanın nüfuzlu "Die Zeit" qəzetində dərc edilən yazıya görə, ABŞ-da insan haqları terrorizmlə mübarizə və milli təhlükəsizliyin müdafiəsi adı ilə kəskin şəkildə pozulur. Qəzet qeyd edir ki, Buş tərəfindən 11 sentyabrdan sonra qəbul edilmiş anti-terror qanunu polislərə, anti-terror təşkilatlarına və bir sıra hərbçilərə insanların şəxsi həyatına qədər müdaxilə etməyə imkan verir.
Elə Almaniyanı özündə də insan haqları ilə bağlı ciddi problemlər var. 100-dən artıq hüquq müdafiə təşkilatının olmasına baxmayaraq Almaniyada insan hüquqları çox tez-tez kobud şəkildə pozulur. Terrorizmlə mübarizə məsələsi insan haqlarını bu ölkədə təhdid edir. Ekspertlərin sözlərinə görə, 2001-ci ildən indiyə qədər Almaniyada bu cür insan haqlarının pozulması halları 10 minə çatıb. Bu sırada alman yoxsullarının hüquqlarının pozulduğu tez-tez qeyd edilir. Varlı sayılan alman cəmiyyətində gözlənilmədən evsiz və ya küçədə qala bilərsən ki, buna da süni səbəblərin olması göstərilir. Belə ki, alman hüquq müdafiəçiləri olan ekspertlərin bildirdiyinə görə, Almaniyada insan təbii kataklizmlər, bədbəxt hadisələr nəticəsində yox, iqtisadi səbəblərə görə küçədə qala bilər. Almaniyada elə insan qrupları var ki, onların hüquqları dərisinin rəngi, əcnəbi ləhcə, səliqəsiz görkəmə görə pozulur.
"Pro-Asyl"ın nümayəndəsi Günter Burkhardt hökuməti irqçilik probleminə biganə yanaşmaqda ittiham edir. O qeyd edir ki, Almaniyadakı irqçiliyə aid layihələrin hamısı kampaniya xarakteri daşıyır və qısamüddətlidir.
Son zamanlarda Almaniyada faşizmin və nasizmin yenidən baş qaldırdığı və kəskinləşdiyinə dair çoxlu faktlar üzə çıxır. Məsələn, yaxınlarda, "Nasional Sosialist Yeraltı Şəbəkəsi" adlı neonasist hücrəsinin 2000-ci ildən bu yana 14 bank soyulması, Kölndə türklərin yaşadığı məhəlləyə bombalı hücum, səkkizi türk, biri yunan, bir alman polisin öldürülməsinə görə məsuliyyət daşıdığı anlaşılıb. Maraqlı odur ki, bu şəbəkənin Almaniya təhlükəsizlik orqanı olan Federal Konstitusiyanı Qoruma Dairəsi və bu qurumun əyalətlərdəki şöbələri ilə əlaqələri olduğu üzə çıxıb. BMT İşgəncəyə Qarşı Mübarizə Komissiyası Almaniyadan "polis terroru" səbəbi ilə edilən şikayətləri göstərən statistika tələb etsə də Almaniya illərdir bu barədə məlumat təqdim etmir.
Bütün bunlar bir daha sübut edir ki, ABŞ, Almaniya kimi ölkələrdə insan haqlarının pozulması daha genişmiqyaslı və daha ağır bir hal alıb. Belə ki, burada təkcə sosial məqamlara görə yox, eyni zamanda milli, dini, irqi fərqlərə görə çoxçeşidli insan haqları pozuntuları baş verir. Yaxşısı budur onlar başqasının gözündə çöp axtarmaqdandırsa, öz gözlərindəki tiri görsünlər.