Türkiyə-Ermənistan münasibətləri və ABŞ-ın vasitəçilik missiyası

24 Noyabr 2012 16:17 (UTC+04:00)

Son zamanlarda region mətbuatında Türkiyə və Ermənistan arasında 10 oktyabr 2009-cu ildə imzalanmış protokolların yenidən gündəmə gətiriləcəyi haqqında informasiyalar verilməkdədir. Bu məsələnin ABŞ tərəfindən gündəmə gətiriləcəyinin vurğulanması isə xüsusi maraq doğurur. Bu barədə ABŞ-ın Ermənistandakı səfiri Con Xeffern 7 noyabr 2012-ci ildə məlumat verib.

ABŞ-ın Türkiyə-Ermənistan arasındakı problemlərin həll edilməsində vasitəçilik təşəbbüsü əlbəttə təqdirə layiqdir. Ancaq bu zaman vasitəçilik missiyasının ədalət və beynəlxalq hüquq prinsipləri çərçivəsində həyata keçirilməsi olduqca əhəmiyyətlidir. ABŞ-ın son illərdəki bu təşəbbüsünə nəzər saldıqda isə ədalət anlayışının və beynəlxalq hüquq prinsiplərinin vasitəçilik missiyasında qətiyyən ehtiva olunmadığı bəlli olur. ABŞ Ermənistan müstəqilliyini elan etdikdən sonra qarşılaşdığı iqtisadi və sosial problemlərin həll edilməsində Türkiyənin Ermənistana birbaşa yardım etdiyini, digər dövlətlərin bu ölkəyə etdiyi humanitar yardımların Türkiyənin hava sahəsi üzərindən keçməsinə icazə verdiyini bilir. ABŞ eyni zamanda Türkiyənin bütün bu yardımları və xoş niyyətinə rəğmən Ermənistanın 20 ildir Türkiyəyə qarşı qondarma erməni soyqırımı təbliğatına davam etdiyini də bilir. ABŞ Türkiyəyə heç bir şey vermədən:

- Ermənistan ilə diplomatik münasibətlər qurmağı;

- sərhədləri açmağı, iqtisadi münasibətlər qurmağı və genişləndirməyi;

- dəmir yolu xəttini açmağı tələb edir.

Əlbəttə, iki dövlət arasında problemlər həll edilərkən tərəflər qarşılıqlı güzəştə getməyin labüd olduğunu anlamalıdır. Ancaq maraqlı budur ki, nə Ermənistan, nə də ABŞ qarşılıqlı güzəştə getməkdən əsla bəhs etmirlər. ABŞ tərəflər arasında vasitəçilik missiyasını davam etdirəcəksə, Türkiyədən etdiyi tələblərə qarşılıq Ermənistandan:

- qondarma erməni soyqırımı təbliğatından;

-Türkiyədən təzminat və torpaq tələbindən əl çəkməsini;

-Müstəqillik Bəyannaməsinin 12-ci maddəsində qeyd olunan "Ermənistan Respublikası 1915-ci ildə Osmanlı Türkiyəsi və Qərbi Ermənistanda ermənilərə qarşı təşkil edilən soyqırımı tanıyır və beynəlxalq aləm tərəfindən də tanınmasına çalışır" ifadəsini çıxarmağı;

- Türkiyənin ərazi bütövlüyünü təsdiq edən Kars və Moskva müqavilələrini tanımağı;

- protokollarla bağlı Ermənistan Konstitusiya Məhkəməsinin qərarını ləğv etməsini;

- Türkiyə və xarici ölkələrdə erməni diaspor təşkilatlarının qondarma erməni soyqırımı təbliğatını dayandırmasını;

- Türkiyə sərhəddinə 16 km uzaqlıqda olan və ciddi təhlükə mənbəyi olan Metsamor atom elektrik stansiyasının fəaliyyətinin dayandırılmasını;

- işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz geri çəkilməsini tələb etməlidir.

Bu zaman ABŞ-ın tərəfsiz vasitəçilik etdiyindən kimsənin şübhəsi olmaz. Ancaq ABŞ nəinki Ermənistandan bunları tələb edir, əksinə ölkəsindəki erməni diaspor təşkilatlarının qondarma erməni soyqırımı təbliğatlarına müsbət cavab verərək əyalət məclislərində qondarma erməni soyqırımını tanıyan qərarlar qəbul edilməsinə mane olmağa cəhd etmir. Əksinə bu məsələyə siyasi mahiyyət qazandıraraq, Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edir.

Ermənistanın Türkiyəyə yönəlik həyata keçirdiyi xarici siyasət konsepsiyası günümüz reallıqları ilə qətiyyən üst-üstə düşmür. Ermənistan son 20 ildə həyata keçirdiyi militarist siyasətinə görə, regionda gerçəkləşən böyük iqtisadi layihələrdən kənarda qalmışdır. İqtisadiyyatı hər gün bir az daha kiçilməkdə, xarici borcu beş milyard dollara yaxınlaşmaqdadır. Belə bir şəraitdə sağlam məntiq Ermənistanın bütün qonşuları ilə münasibətlərini qaydaya salmağa və region ilə bütünləşməyi tələb etməkdədir. Ancaq Ermənistan Prezidenti Serj Sərkisyan bütün bu problemləri həll etməkdənsə, gənc nəslə "Qarabağı biz aldıq. Qərbi Ermənistandakı torpaqlarımızı da (Türkiyənin şərq əyalətlərini) sizlər alacaqsınız" deyə nəsihət verir. Türkiyə və Azərbaycanın Ermənistan qarşı embarqo tətbiq etdiyini iddia edən Sərkisyan, son 20 ildir ölkəsinin militarist siyasət həyata keçirdiyi üçün özlərini regionda həyata keçirilən böyük iqtisadi layihələrdən təcrid etdiklərini anlamır. Beynəlxalq təcrübədə region və beynəlxalq təhlükəsizliyi təhdid edən dövlətlərə qarşı siyasi, iqtisadi sanksiyalar tətbiq olunur. Bu sanksiyaları mütəmadi olaraq tətbiq edənlər isə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının beş daimi üzvü olan dövlətlərdir. Bu dövlətlər İrana, Suriyaya, Belorusa və digər dövlətlərə qarşı müxtəlif sanksiyalar tətbiq edərkən, digər dövlətlərdən də bu sanksiyalara qoşulmağı tələb edirlər. Amma nədənsə Ermənistanın İran ilə hər gün bir az daha genişlənən iqtisadi və siyasi əməkdaşlığından, Ermənistanın İrandan təbii qaz almasından, Araz çayı üzərində ortaq hidroelektrik stansiyası tikməsindən, nüvə silahı komponentlərinin Ermənistandan İrana ötürülməsindən əsla narahat deyildirlər. ABŞ və Qərb dövlətləri Ermənistanın regionda Rusiyanın silah anbarı olmasından da narahat deyildir və bu ölkə ilə hərbi əməkdaşlıqlarını ikitərəfli və NATO çərçivəsində davam etdirirlər.

Yuxarıda sadalanan bu faktorlar nəzərə alınmadan ABŞ-ın Türkiyə-Ermənistan arasında münasibətləri qaydaya salmaq üçün vasitəçilik missiyasının müsbət nəticə vermə ehtimalı zəifdir.

Dr. Hatəm Cabbarlı