Ölkəmizdə "2009-2013 cü illər Regionların sosial-iqtisadi Dövlət Proqramı"na uyğun olaraq Lənkəranda da həyata keçirilən tədbirlər göz oxşayır. Xüsusən də 2012-ci ili Lənkəran şəhərinin və kəndlərin qazlaşdırılması istiqamətində dönüş ili kimi qeyd etmək olar.
Noyabrın 23-də Lənkəran rayonun 7 kəndində uzun fasilədən sonra mavi alov yenidən şölələnib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, əvvəlcə rayonun Girdəni kəndində bu münasibətlə açılış mərasimi keçirilib. ARDNŞ rəsmilərinin, kənd ictimaiyyətinin qatıldığı tədbirdə çıxış edən Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov son illər ölkəmizdə sosial-iqtisadi sahələrdə qazanılmış uğurlardan, Prezident İlham Əliyevin rəhbərliyi ilə bölgələrdə, o cümlədən Lənkəranda həyata keçirilən iri həcmli layihələrdən söz açıb, bu layihələrin rayonda sosial infrastrukturun yeniləşməsinə, nəticə etibarilə insanların yaşam tərzinin yaxşılaşmasına xidmət etdiyini söyləyib. İcra başçısı qeyd edib ki, son illərdə rayonun kənd yaşayış məntəqələrinə təbii qazın verilməsi istiqamətində ardıcıl işlər görülüb. Rayonun qazlaşdırılması sahəsində ötən illərlə müqayisədə bu il əhəmiyyətli dərəcədə fərqlənir. Əgər indiyə kimi cəmi 6 yaşayış məntəqəsində qazdan istifadə edirdilərsə, təkcə bu gün 7 kənddə qazın verilişi bərpa olunub. Və ilin sonuna kimi daha 13 kənddə təbii qazın verilməsi nəzərdə tutulub.
Tədbirdə ARDNŞ-nin vitse-prezidenti Xalik Məmmədov çıxış edən kəndlərə qazın yenidən verilməsini Ölkə başçısı İlham Əliyevin regionlara göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi qiymətləndirib. Bu işin ardıcıl olaraq davam etdiriləcəyini, əhalinin həyat şəraitinin yaxşılaşdırılması üçün bütün tədbirlərin görüləcəyini vurğulayıb. ARDNŞ rəsmisi həmçinin kənd sakinlərini qurumun prezidenti Rövnəq Abdullayevin adından təbrik edərək onlara xoş, firavan həyat arzulayıb.
Sonra təbii qazın verilməsinin rəmzi olan məşəl alovlandırılıb. İcra başçısı Taleh Qaraşov və qonaqlar kənd sakininin evində qonaq olub ailənin yaşayışı ilə tanış olublar.
Sonra ARDNŞ-nin vitse-prezidenti X.Məmmədov və ŞİH-nin başçısı T.Qaraşov təbii qazın verilişini bildirən rəmzi məşəli alovlandırıblar.
İstisu qəsəbəsində keçirilən mərasimə ARDNŞ-nin rəsmiləri, Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, İcra başçısının müavinləri, rayonun hüquq mühafizə oqrqanlarının rəhbərləri,kənd sakinləri toplaşıblar. Tədbirdə çıxış edən icra hakimiyyətinin başçısı T.Qaraşov hazırda ölkədə böyük infrastruktur layihələrin həyata keçirildiyini bildirərək cənab prezident İlham Əliyevin ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılması üçün boyük planları həyata keçirdiyini diqqətə çatdırıb. Bildirib, bu gün cənab prezident İlham Əliyev əsas məqsədlərindən biri ölkə iqtisadiyyatını gücləndirmək, vətəndaşların həyat səviyyəsini Avropa ölkələrinin həyat səviyyəsinə çatdırmaqdır. Bu gün kənd və qəsəbələrin qazlaşdırılması da həmin planların tərkib hissəsidir. İcra başçısı bu işlərin ardıcıl olaraq davam etdirilcəyini bildirdi və bütün sakinləri uzun fasilədən sonra qəsəbəyə təbii qaz verilişi münasibətilə təbrik edib.
ARDNŞ-nin vitse-prezidenti Xalik Məmmədov öz çıxışında qəsəbə sakinlərini qəsəbəyə qazın yenidən verilməsi münasibətilə təbrik edərək əlavə edib ki, Yeni ilə kimi 13, gələn il Novruz bayramına kimi isə daha 18 kəndin qazlaşdırılması nəzərdə tutulub.
Kənd sakinləri adından çıxış edən Maşallah Talıbov, Elsevər Həsənov və başqaları əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə sakinlər adından Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Vurğulayıblar ki, 2013-cü il Prezident seçkilərində yekdilliklə ulu öndər Heydər Əliyev siyasi kursunun uğurlu davamçısı İlham Əliyevə səs verəcəklər.
Sonda qazın verilişini ifadə edən rəmzi məşəl alovlandırılıb.
Sərraf Mirsəfəroğlu