Noyabrın 22-də bölgəyə səfər edən ATƏT-in Minsk qrupunun həmsədrləri ilk görüşlərinin Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanla keçiriblər. Daha sonra İrəvana səfər edən həmsədrlər ölkə rəsmiləri ilə görüşüblər. İrəvanın ardınca vasitəçilər Bakıya gələcəklər. Onlar noyabrın 26-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və prezident İlham Əliyevlə görüşəcəklər.
Dekabrın 6-7-də İrlandiyanın paytaxtı Dublində isə ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.
Müharibənin başlama ehtimalı
Erməni mətbuatı hakimiyyət elitasının danışıqlarına istinadən yazır ki, bu səfər çərçivəsində ehtimal ki, tərəflərə hansısa sənəd təqdim olunacaq. Guya razılıq əldə olunsa, dekabrın 7-də Dublində ATƏT-in Nazirlər Şurasının iclası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü zamanı həmin sənəd imzalana bilər.
Yəqin rəsmi İrəvan bu cür söz-söhbətlərlə Azərbaycanın mövqeyini öyrənməyə çalışır. Azərbaycanın mövqeyi isə açıq şəkildə ortadadır. İşğal altında olan ərazilərimiz azad olunmayana qədər Ermənistanla hər hansı bir sülh sazişindən söhbət gedə bilməz.
Erməni mətbuatındakı xəbərlərə münasibət bildirən politoloq Ərəstun Baxşəliyevin fikrincə, bu informasiyaların nə dərəcədə doğru olması, ümumiyyətlə bu tip yazılar rəsmi Bakının o qədər də maraq dairəsində deyil: "Bu gün Azərbaycanı bir fakt maraqlandırır ki, məsələ tezliklə öz həllini tapsın və işğal olunmuş torpaqlardan işğalçı qüvvələr çıxsın. Bu gün tərəflər anlamalıdırlar ki, Qarabağda hər an müharibənin başlaya biləcəyinin ən mühüm siqnalı ölkə konstitusiyasına edilən son dəyişikliklər olmuşdur. Ölkə hazırda müharibə şəraitindədir. Ancaq bu real müharibə vəziyyəti ilə eyni deyildir. Məhz buna dayanaraq deyə bilərik ki müharibənin başlaya biləcəyi olduqca real görünür".
Ermənistanı gözləyən fəlakət
Qərb ekspertləri də düşünür ki, Dağlıq Qarabağ münaqişəsi ətrafında status-kvonun uzanmasına maraqlı tərəflər olsa da bu, yaxın gələcəkdə Ermənistana fəlakət gətirə bilər. Hətta Birləşmiş Ştatların İsraildəki keçmiş səfiri Edvard Cerecyan bildirib ki, işğal edilmiş ərazilər Azərbaycana qaytarılmayacağı təqdirdə 2014-cü ildə müharibə başlayacaq və Ermənistan uğur qazanmayacaq.
Son dövrlərdə bölgədə vəziyyət olduqca aktiv bir fazaya daxil olduğunu diqqətə çatdıran Ərəstin Baxşəliyev sözlərinə görə, həm Rusiyanın Cənubi Qafqaz siyasəti, həm də Qərbin Cənubi Qafqazla bağlı sərgiləmiş olduğu siyasət bugünkü qədər aktiv olmamışdır: "Yaxın Orta Şərqdə cərəyan edən hadisələr də bu proseslərə birmənalı olaraq təsir edir. Çoxları bunun belə olmadığını söyləsələr də, ancaq bu heç də onların fikirləşdiyi kimi deyil. Bu gün rəsmi Bakının münaqişənin tezliklə həlli üçün atmış olduğu addımlar ortadadır. Cənubi Qafqazdakı bu problem tez bir zamanda danışıqlar yolu vasitəsilə həll olunmazsa, müharibə faktı birmənalı olaraq qaçılmaz olacaqdır".
Vəziyyət nəzarətdən çıxarsa
Dağlıq Qarabağ münaqişəsi üzrə nüfuzlu beynəlxalq ekspert Denis Sammut hesab edir ki, ATƏT-in Minsk Qrupu ictimaiyyətə danışıqların gedişinə dair daha aydın mənzərə təqdim etməlidir və bütün danışıqlar prosesi ərzində geniş ictimaiyyətlə təmasların məhdud olması Minsk Qrupunun ən zəif tərəfi olub.
Ekspert Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində gərginliyin artmasını danışıqlar prosesinin dalana dirənməsi ilə əlaqələndirir: "Vasitəçilərin bütün səylərinə baxmayaraq, 2011-ci ilin avqustundakı Kazan görüşündən sonra atəşkəsin pozulması halları intensivləşib. Təkcə 2011-ci ildəki insidentlər zamanı 20 nəfər həlak olub. Rusiya və Avropa İttifaqı tərəflər arasında etimad yaratmağa daha çox diqqət ayırmalıdır, əks halda, vəziyyət nəzarətdən çıxa bilər".
Aparılan analizlər göstərir ki, rəsmi Bakının mövqeyi bu gün kifayət qədər sərt və konkretdir. Politoloq Ərəstun Baxşəliyev deyir ki, hər zaman məsələnin sülh yolu ilə həllinə can atan rəsmi Bakı bu gün bu prosesin hər cəhdlə sonlanmasına çalışır: "Ölkə prezidenti İlham Əliyevin: "Kimlərsə danışıqların ancaq müharibəni əngəlləməyə xidmət edəcəyini düşünürsə, yanılır" fikri bunu bir daha təsdiq edir.
Bəli, bu gün ortada bir fakt var. Azərbaycan torpaqları işğal altındadır və bu torpaqlar şərtsiz olaraq boşaldılmalıdır. Azərbaycan artıq münaqişə tərəfi kimi status-kvonun bu həddə qalmasını istəmir və tezliklə bu problemin həllində hər hansı bir yeniliyə nail olmaq üçün ciddi cəhdlə səy göstərir. Əks təqdirdə Azərbaycanın özü status-kvonun dəyişdirilməsi istiqamətində beynəlxalq hüququn yol verdiyi vasitələrdən istifadə edəcək ki, bu da birmənalı olaraq nəticəsi Ermənistan üçün fəlakətlərə səbəb olacaq müharibə deməkdir. Minsk qrupunun vasitəçiləri özləri də yaxşı bilirlər ki, süründürməçi danışıqlar prosesi problemi həlli etməyəcək və ya uzatmalara imkan tanımayacaq".
Hər an başlaya bilər
Təsadüfi deyil ki, Minsk qrupu çərçivəsində aparılan danışıqlarda bir ilə yaxındır fasilənin verildiyi və regiondakı son hadisələrdən sonra vəziyyətin daha da gərginləşdiyi bir vaxtda Amerikanın nüfuzlu beyin mərkəzlərindən olan Atlantik Şurası Mərkəzində belə, "Rusiyanın Dağlıq Qarabağda maraq və prioritetləri" mövzusunda keçirilən dinləmələr zamanı ABŞ Xarici Əlaqələr Şurasının elmi işçisi və Pentaqonun keçmiş yüksək vəzifəli rəsmisi olan Uayan Merri müharibənin hər an başlaya biləcəyini bildirərək bu prosesin qarşısının alınmasında nə ABŞ-ın, nə Fransanın, nə də ki, digər bir qüvvənin hər hansı bir təsir mexanizminə sahib olmayacağını xüsusi olaraq vurğulamışdır.
Politoloqun fikrimcə, bölgədəki durumdan hər bir tərəf kifayət qədər xəbərdardır: "Bunu Ermənistan və onu himayə edən tərəflər də gözəl bilir. Məhz bunun nəticəsidir ki, Azərbaycana qarşı artan təzyiqlər bu gün limit tanımamaqdadır. Azərbaycan Prezidentinin son bəyanatları da buna əyani misaldır".