Tarixi şəxsiyyətlərin zamanında dedikləri aforizmlər hər zaman insanları düşünməyə və düşündürməyə vadar edir. Bəzən elə olur ki, bu aforizmdən nəticə çıxaran insan öz həyatını və fəaliyyətini müsbət yöndə qurmaq imkanı əldə edir. Ölməz şairimiz Səməd Vurğun demişkən:
Kim bilir neçədir dünyanın yaşı,
Tarixin nə qədər yazısı vardır,
Hər saxsı parçası, hər məzar daşı,
Nəsildən nəsilə bir yadigardır.
Bu mənada bir həqiqət var, keçmişi nə qədər çox öyrənsən bir o qədər gələcəyini qura bilərsən. Atalar demişkən: "Keçmişə güllə atsan, gələcəyin topa tuş gələr." Hər kəs bu reallıqla barışsa, günü daha firavan və rəvan keçər. Hətta düşünürəm ki, qonşu xalqların və dövlətlərin də, tarixinə, keçmişinə hörmətlə yanaşılıb, öyrənilməlidir. Təbii ki, söhbət erməni tarixinin öyrənilməsindən gedə bilməz. Çünki ermənilərin tarixi heç zaman olmayıb. Mövcud diqqəti cəlb edən erməni tarixi fraqmentləri olubsa, bu da yalnız Azərbaycan dövləti və azərbaycanlılarla bir yerdə yaşanan tarix olub. Bu mənada daha sivil və mədəni xalqların tarixinin öyrənilməsindən söhbət gedir. Deyək ki, bizə dost, qardaş olan Türkiyə dövlətinin tarixi. Bu bir həqiqətdir ki, Türkiyənin çox zəngin və şərəfli bir tarixi var. Yalnız Osmanlı tarixini nəzər, diqqətdən keçirsək bu tarixin ümumi Avropa ölkələrinin tarixindən daha zəngin olduğunu görmək olar. Düzdür, bu gün bəzi türk senaristləri pul qazanmaq xatirinə Türkiyə tarixini aşağılayan filimlər çəkirlər. Osmanlı imperiyasının fatehlərindən olan Sultan Süleymanın sultanlıq dövrünü əks etdirən "Möhtəşəm yüz il" filmi türk senaristlərinin ən bəsit və zəif tarixi filimlərindən olduğunu söyləməyə əsas verir. Filmin zəif olması heç də ulu babamız Şah İsmayıl Xətainin və onun varisi Şah Təhmasibin aşağılanması deyil. Düzdür, Şah Təhmasibin Sultan Süleymanın vəziri İbrahim tərəfindən "dəyus" adlandırılması bugünkü Türkiyə-Azərbaycan qardaşlığına ziddir. Yəqin ki, filmin yönəltməni Yağmur Taylon bunun fərqində deyil. Amma yönəltmən dərk etmir ki, Sultan Süleyman kimi tarixi bir fatehin müəyyən maraqlar xatirinə filmdə cılızlaşdırılması türk tamaşaçıları kimi Azərbaycan tamaşaçılarını da narahat edir.
Filmin süjet xəttində Sultan Süleymanın dövlət idarə etməsindən çox gününü daha çox qadınlarla keçirməsinin nümayiş etdirilməsi Osmanlı imperiyasının dar çərçivədə təqdim edilməsi anlamı yaradır. Hürrəm obrazını yaradan Meryem Ülürli hər fürsətdə sarayda hakim mütləq rolunda təqdim olunur. Yəni Hürrəm Sultan Süleymana yaxınlaşmağa çalışan bütün qadınları məhv edir. Bu azmış kimi filmin qurucuları Sultan Süleymanın övladlarını da, qadın düşkünü kimi təqdim etməyə çalışırlar. Saray çəkişmələri Sultanın vəziri rolunu ifa edən Oxan Yalabekin timsalında ən dramatik formada təqdim olunur. Filmdə nümayiş olunan səhnələrdən belə başa düşülür ki, 1520-ci ildən 1566-cı ilə qədər Osmanlı imperatoru olan Sultan Süleymanın işi-gücü yalnız eyş-işarət məclislərində gün keçirməkdən ibarət olub. Halbuki dünya tarixində ədalətli hökmdarlardan ən ədalətlisi Sultan Süleyman hesab olunur. Onun qanuni Süleyman olmasını dəyərləndirən əksər xalqlar bu gün də onun portretini iş yerlərində və yaşadıqları mənzillərində başları üzərində asırlar. ABŞ Konqresinin Nümayəndələr Palatasında iki tarixi şəxsiyyətin - Corc Vaşinqtonun və Sultan Süleymanın portreti asılıb. Görən, "Möhtəşəm yüz il" kinofilminin yönəltməni bunu bilirmi? Bilirsə, o zaman Sultan Süleyman kimi tarixi şəxsiyyəti nəyə görə son dərəcə aşağılamağa çalışıb?