Alnı kölgəlilərin qara mətbuatı

20 Noyabr 2012 16:56 (UTC+04:00)

Məqalənin adı radikal müxalifətin sinonim adlarındandır. Və bunu özündə gözəl ehtiva edir. Bir də görürsən ki, radikal müxalifət qəzetlərində yekəqulaq bir yazı gedib. Normal insan məntiqinə sığmayan bir yazı..Üstəgəl, yazıda yeri düşəndə, o da qeyd olunur ki, "ordakı mənbəmizə əsasən..." Görəsən, bu, hansı mənbədir!? Oxuyandan sonra aydınlaşır ki, bu, sadəcə, şəxsi fikirlər və qərəzli münasiibətdir.

Tutaq ki, bir deputatın evinin yanından bir at keçir. Bu vaxt da "Azadlıq" qəzetindən kimsə ordan keçirmiş, həmin adam dərhal gəlib qəzetdə yazır ki, "DEPUTAT AT İLXISI SAXLAYIR." Və ya bir məmur hansısa bir işdən ötrü bankdan çıxır. Ordan keçən müsavatçı jurnalist həmin dəqiqə "Yeni Müsavat" qəzetinə yazır ki, "MƏMUR TƏZƏ BANK ALDI. HƏZRƏT ABBAS HAQQI İNDİ GÖRDÜM."

Ya da ki, "Azadlıq" qəzetinin əndrəbadi siyasi təhlillərinin şahidi oluruq. Elə yazırlar ki, elə bil ki, ikinci bir yol yoxdur. Tutaq ki, bir rayonda 5-6 nəfər ruhi xəstə çıxıb səsini atıb başına. Müxalifətçilər yazır ki, rayonda "üsyan qalxıb" Onları qınamıram, necə ki, 15-20 nəfərlə küçəyə çıxıb "azadlıq" axtarırlar, onların "analizi" də bundan artıq olmayacaqdı ki!

Zalım uşaqları Rusiyanın, ABŞ-ın xarici siyasətinin gizli məqamlarından söhbət açırlar. KÜL ABŞ-IN, RUSİYANIN BAŞINA Kİ, "AZADLIQ" QƏZETİ ONLARIN SİRRİNİ BİLİR. Guya super-dövlətlər dünyanı dəyişirlər və "Azadlıq", "Yeni Müsavat" qəzetlərinə də məktub yazıblar ki, "baxın, dünyanı dəyişirik haaa, xəbəriniz olsun!" Putin iclasda kiməsə laqeydliklə baxırsa, həmin dəqiqə bizim "qəzet dühaları" yazırlar ki, Putin bununla Azərbaycana "işarə edib." Üstündən bir az keçir, Putin həmin adama daha böyük vəzifə verir və bizimkilərin şərhi fuflo olur. Amma bizim qəzetçi politoloqlar yenə də proqnoz verməkdən həya etmirlər.

Bir müddət vergi işçiləri müxalifətçi yazarlar üçün yaxşı yemə çevrilmişdi. Hardansa vergi işçilərindən birinin nömrəsini tapıb zəng edirdilər ki, siz rüşvət almısız və bizim "müqəddəs" redaksiyaya bu haqda məlumat daxil olub. Yazıq vergi işçisi də əl-ayağa düşüb ona "hörmət" etməyə məcbur olur. Çünki nahaqqdan adı qəzetdə çıxsa, bu, onun üçün biabırçılıq olardı. Bu metod da köhnəlib, çünki bir neçə il əvvəl zibilləri açılmış oldu, indi "haqqın yoluna" gəliblər.

"Şərin biri bir qəpikdən" prinsipi radikal müxalifət mətbuatının ana xəttini təşkil edir. Şəxsən mən bir anlıq da olsa yalanla yaşamaq istəsəm, dərhal açıb "Azadlıq", "Yeni Müsavat", "Bizim Yol" və digər qəzetləri oxuyuram. Arabir yalana da qulaq asmaq lazımdır.

Mənim diqqətimi həmişə bir nəsnə çəkir. Yəni radikal qəzetlərin yazılardakı "mənbəmizə əsasən" fikri məni çox düşündürür. Məsələn, Rauf Arifoğlu cəsarət edib o "etiabarlı mənbə"lərindən birinin adını açıqlasın görək, nə olan şeydir bu.!? Və ya o, necə etibarlı mənbədir ki, bir dəfə "etibarlı" məlumat vermir? Deməli, bu qəzetlərin gündəlik mövzuları belə seçilir: Otururlar çayxanada, biri deyir ki, "filan məmurun 2 dənə villası var, atam canı, görmüşəm, özü də dəniz qırağında. Biri deyir ki, bu gün gördüm ki, filan deputatın oğlu Bakının yarısını pul verib aldı, biri də lap zilə çıxıb ərz edir ki, mən bu gün Nostradamusu nazirliyin qabağında gördüm, əlində də kitab-dəftər və sairə... Sən öl, sonra da politoloqları elə bufasonda başlayırlar şərh verməyə. Funksionerləri də çıxıb qışqırır ki, "axı filan məmurun niyə 2 dənə villası var, Nostradamus Bakıya nazirliyə niyə gəlib?"

Radikallara təzə bir mövzu verim: Qaradağ rayonunda 4 nəfər dəli 4 gün əvvəl yolu kəsmişdi. Gedin yazın ki, "Qaradağda inqilabdır." Daha fikirləşməyin ha, həmin bu 4 nəfər 4 həftədir ki, 4 saylı dəlixanadan qaçıb!