Rusiyanın region müharibəsi

19 Noyabr 2012 10:31 (UTC+04:00)

Son dövürlərdə Rusiyanın Cənubi Qafqazdakı fəallığı özünü daha çox biruzə verməyə başlayıb. Əslində bütün bunlar gözlənilən idi də. Belə ki, hələ bir müddət öncə Rusiyada Vladimir Putinin hakimiyyət başına gəlməsi ilə bərabər Rusiyanın keçmiş postsovet ərazisində də yenidən fəallaşacağı ilə bağlı bəlli siqnallar gəlməyə başlamışdı. O zaman "Avrasiya İttifaqı" adlı yeni bir İttifaqın formalaşdırılması üçün taktiki addımlar da atıldı. Maraqlıdır ki, bütün bunlar isə qlobal miqyasda iri güclərin daha qabarıq bir şəkildə qarşı-qarşıya durduğu bir zamana təsadüf etmişdi.

Bəs görəsən bu aktivliyin arxasinda nə dayanır? 2009-cu ildə Rusiyanın strateji önəm kəsb edən milli təhlükəsizlik konsepsiyası işlənib hazırlanmışdı ki, burada da 2020-ci ilə kimi ölkənin qarşısında duran hədəflər, gözləntilər, Rusiyanın dünyada oynadığı önəmli rol, mümkün təhlükələr və onlardan müdafiə olunmaq üsulları, təhlükələr qarşısında atılacaq addımlar kimi önəmli məsələlər öz əksini tapmışdı. Sənədin ən dəyərli hissəsi isə rusiyalı analitiklərin növbəti onillikdə baş verə biləcək hadisələrlə bağlı irəli sürdükləri bir qism proqnozlar olmuşdur. Və burada göstərilirdi ki, cox da uzaqda olmayan bir dövrdən başlayaraq dünyada enerji mənbələrinə nəzarət uğrunda mübarizə həddən ziyadə kəskinləşməyə başlayacaq. Bu mübarizənin əsas obyektləri isə

a) Yaxın Şərq,

b) Barens dənizi şelfi,

c) Arktikanın digər regionları,

d) Xəzər hövzəsi və

e) Mərkəzi Asiya regionu olacaq.

Təsadüfi deyildir ki, son dövrlərdə yaşadığımız və yaşamaqda olduğumuz hadisələr də bir daha onu göstərdi ki, Rusiya əslində bu kimi regionlarda baş verən proseslərə biganə deyil, tam tərsi olaraq məsələlərdə mümkün qədər öz mövqeyini ortaya qoyaraq, onu daha da möhkəmlətməyə can atır. Bu kimi addımlar isə təbii və birmənalı olaraq keçmiş Sovet ölkələri üçün ciddi və təhlükəli xarekter daşıyır.

Bəzi analitiklərə görə, əslində bu kimi təhdidlərin artan xətt ilə gedəcəyi öncədən də proqnazlaşdırılmışdıdı. Bu gün dünyada baş verən proseslər-Avropanın iqtisadi böhran içində boğulması, ABŞ-ın hələ ki, məsələlərə əvvəlki kimi müdaxilə edə bilməməsi və bunların fonunda Türkiyə kimi bölgəsəl güc mərkəzinin formalaşması, rəsmi Bakının isə haqlı olaraq müharibənin başladılmasına yönəli cəhdləri, təbii olaraq Rusiyanı narahat edən ən ümdə məsələrdən biridir. Bunlar bu gün üçün adi görünə bilər. Ancaq real olan odur ki, aysberqin görünməyən tərəfi ilə bağlı irəli sürülən iddialar, getdikcə daha çox ortaya çıxmaqdadır.

Qərb artıq öz köhnə problemlərdindən qurtularaq, yeni və özü üçün gözlənilməz nəticələr doğura biləcək yeni problemlərin həllində maraqlıdır. Təsadüfü deyildir ki, Belçikada NATO-nun mənzil qərərgahında Qərbin marqlarına xidmət edəcək yeni bir toplantının keçirilməsi də məhz bu amilə xidmət etmişdir. Bu gün həm Qərb, həm də Rusiya problemli bölgələrdə fəallıqlarını daha çox artırmaq istəyirlər. Və deyərdim ki, bunda israrlıdılar da. Əgər bu belə olmazsa son nəticədə bu dövlətlərin itirəcəkləri mövqelər və yeni dünya düzənin formalaşması qaçılmaz olacaqdır. Avrasiya İttifaqı konsepsiyasına bu gün ən yaxın dövlət Türkiyədir. Çünki, bu gün bu dövlətin istər Yaxın Orta Şərq regionundakı, istər Cənubi Qafqaz və Orta Asiyadakı, istərsə də Rusiya daxilində yer alan Türk Muxtar qurumlarındakı nüfuz dairəsi durmadan genişlənməkdədir. Türkiyənin belə bir nüfuz sahibi olmasında isə Cənubi Qafqaz ölkəsi olan və Xəzər vasitəsilə Orta Asiya ölkələrindəki enerji resurslarına qapı aça biləcək Azərbaycanın yeri danılmazdır. Rusiyada o zaman bu konsepsiya işlənərkən, 2020-ci ilə kimi dünyanın müxtəlif bölgələrində mövcud olan münaqişə ocaqlarının yenidən qızışacağı və bu faktın beynəlxalq duruma neqativ təsir göstərəcəyi ehtimal edilirdi. O zaman hazırlanmış olan bu konsepsiyanın tezisləri sırasında Azərbaycanla bağlı yeganə məqam - Xəzər hövzəsinin beynəlxalq aləmdə enerji mənbələrinə çıxış əldə etmək uğrunda mübarizənin əsas obyektlərindən birinə çevriləcəyi ilə bağlı ifadənin daha qabarıq formada göstərilməsi idi. Bu gün Rusiyanın siyasi planları sırasında Xəzər hövzəsinin enerji mənbələri uğrunda bu kimi rəqabətə girişməsi və bu rəqabətin fonunda həm Xəzər hövzəsindəki hərbi qüdrətini artırması, həm terroru dəstəkləyən Ermənistana hərtərəfli şəkildə dəstək göstərməsi, digər yandan bütün bunlar azmış kimi regionda yaşayan xalqları bir-birləri üzərinə qaldırmağa səy göstərməsi də əslində gözlənilən idi.

Təbii olaraq bu gün Azərbaycanın düşmüş olduğu bu durumdan faydalanmaq istəyən başqa bu kimi dövlətlər də olacaqdır. Ancaq yürüdülən siyasətdə vəziyyətə uyğun çevik addımların atılması bu gün üçün olduqca və olduqca mühümdür. İnsanlarımızın və mediamızın, bir sözlə bu vətən üçün çalışan hər bir şəxsin və qurumun boynuna bu gün ən ağır yük düşür. Fikrimcə bizlər bu kimi provakasiyaların qarşısın almaq üçün ilk növbədə dövlətin yanında olub, onunla bərabər addımlamalıyıq. Ölkə müxalifəti isə bu durumdan hansısa öz ambisiyaları üçün yararlanmamalıdır. Bu gün ölkə müstəqilliyinə, onun ərazi bütövlüyünə qarşı yaranmış hər hansı bir təhlükə təbii olaraq, son da hər birimiz üçün qəbuledilməz nəticələr doğura bilər.

Ərəstun Baxşəliyev, Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin elmi əməkdaşı, politoloq