İt qudaları

15 Noyabr 2012 16:54 (UTC+04:00)

Məşhur Britaniya yazıçısı, ötən əsrin 30-cu illərində ingilis kəşfiyyatının görkəmli nümayəndələrindən olmuş Uilyam Somerset Moem deyirdi ki, insanın özünə məqbul həyat tərzi keçirməyi öyrənməsindən yaxşı heç nə yoxdur. Böyük alman filosofu İmmanuil Kantın fikrincə isə, düşüncəsiz və əxlaqsız həzz üzərində qurulmuş insan həyatının hər hansı mənası ola bilməz.

Dahilərin fikirlərinə müraciətim heç də təsadüfi deyil və əslində bunları bir gün öncədən qələmə almaq istəyirdim. Amma hörmətli Səbuhi Məmmədli "kulis.az" saytında getmiş "İt qudaları" yazısı ilə məni müəyyən mənada həm qabaqladı, həm də bir anlığa olsa da, fikrimdən yayındırdı. Elə düşündüm ki, ağızlarından çıxanlarla insanın meymunun timsalında heyvandan əmələ gəldiyini iddia edən Çarlz Darvinin fikir ortaqları olduqlarını isbatlayanlara layiqli cavab verilib. Amma elə həmin gün eşitdim ki, belə demək mümkünsə, "it qohumluğu" məsələsi başqalarını da vəcdə gətirib. Sevgilisinin bağışladığı itin haradasa qohumluq perspektivinin olması barədə digər itbazlara eyham vuranın meydana atıldığını gördüm. Çox güman, özünə oxşayanların məzələnmələri barədə eşidib və ya həmin səhnəni izləyib. Heç geri qala bilərmi?! Yəqin, söhbətin kimdən getdiyini anladınız. Bilməyənlər də başlarını yormasınlar, bu şarlatanların hamısı tale, bəxt anlayışları baxımından bir-birilərinə o dərəcədə bənzəyirlər ki, məsələnin konkret şəkildə kimlə əlaqədarlığının əsla fərqi yoxdur.

Fikirlərimə aydınlıq gətirmək üçün Folknerin "Avqust işığı" romanındakı bir məqama diqqət çəkmək istərdim. Əsərin qəhrəmanı olan Lina hər dəfə araba ilə şəhərə çatanda atasından faytonu dayandırmağı xahiş edir. Özü isə yol boyu ayağına keçirmədiyi ayaqqıbısını geyinərək düşüb daş döşənmiş hamar küçələrdə hərəkətə başlayır. Atası elə bilir ki, piyada gəzmək qızının xoşuna gəlir. Əslində isə Linanın məqsədi başqa olur - qızcığaz yanından keçənlərin onun şəhərli olmasını düşünmələrinə çalışır.

İndi ölkəmizin şou-biznes aləminin təmsilçiləri də özlərini eynilə Lina kimi aparırlar. Hərçənd balaca qızın kiçik dünyasının böyük bəşəriliyinə heç vaxt çatmayacaq qədər avam və dayazdırlar. Bəli, bu adamlar ciddi cəhdlə ümumiləşdirilmiş formada desək, şəhərli olmağa çalışırlar. Özlərini yüksək zümrənin nümayəndələri kimi apardıqlarını zənn edirlər. Hələ hər addımlarında yaranma mənbəyi qaranlıq qalan dünyalarını qorumağa da cəhd göstərir, yarımçıq təfəkkürləri ilə həmin dünyaya qarşı yönələn hətta azacıq təhlükənin belə qarşısında sipər olmağa çalışırlar. İstənilən əks fikri mənəvi deqredasiyalı aləmlərinin gətirdiyi keyfi, eyş-işrəti tarimar edə biləcəyini düşünüb ona qarşı cəbhə açırlar. Çox arsızcasına hər cür ədalətsizliyə, haqsızlığa, natarazlığa məntiqi don geydirmək yolu tuturlar. Elm adamlarının qul bazarlarında çürüdükləri dövrə labüd qanunauyğunluq kimi yanaşdıqlarını dilə gətirməkdən, normal həyat tərzi sürə bilməyənlərə fərsiz damğası vurmaqdan çəkinmirlər. O de qadın müğənnilərimizdən biri ANS telekanalının efirindən deyir ki, professordur, dolana bilmir, getsin, daş daşısın. Budur, heyvana məhəbbət görüntüsü yaradanların mutant qayəsi!

Əlbəttə, geridə qalmış atların güllələnməli olduqları əxlaqa söykənən yaramazlar nəyin və kimin hesabına irəlidə olduqlarının iyrənc mahiyyətinə qətiyyən varmayacaq vəziyyətdədirlər. Dəvə başını samanlığa soxan kimi başlarını restoranlara, əyləncə mərkəzlərinə, şəxsi toplantılara, məclislərə və daha haralarasa soxurlar. Heç olmasa, düşünmürlər ki, bu cəmiyyətə verəcəkləri ən böyük xeyir dürtüldükləri həmin o deşiklərdən çıxmamaları, ağızlarına gələni dillərinə gətirməmələridir.

Bu bəşər övdalarına deyən lazımdır ki, ay balam, bildik, siz şəhərlisiniz, zəngin, təmtəraqlı həyat tərzi keçirirsiniz, maşınlarınızı, evlərinizi göstərib millətin evsizlərini, maşınsızlarını tamarzı halına salmağı düşünürsünüz. Bu, sizə ləzzət edir. Amma camaatın günahı nədir ki, yaşayış imkanı onların əhəmiyyətli qisminin ailə qura bilməsini müşkilə çevirdiyi bir vaxtda itlərinizi evləndirməkdən danışaraq əclaflığın son həddinə baş vurursunuz?! Axı, zavallı insanlar neyləyib ki, hislərinə toxunursunuz!

Sizə demirlər ki, gündə birini dəyişməyi qaydaya çevirdiyiniz sevgililərinizin, ağalarınızın tör-töküntüləri hesabına qurduğunuz səltənətə kimisə ortaq edin! Baxın, zəmanə elə gətirib ki, hədsiz problemlər məngənəsində sıxılan insanlar gözəl qız olub əjdahanı sevməyə məhkumlar kimi sizləri sevməyə öyrəncəklidirlər. Daha nə istəyirsiniz, dərdlərini, azarlarını unudub adət halına saldığınız evlənmələrinizə sevinib, biabırçılığa çevirdiyiniz boşanmalarınızdan təəssüf hissi keçirirlər. İtinizi-küçüyünüzüdəmi sevsinlər?! Yaxşı insanlara hörmət etmirsiniz, barı özünüzə hörmət edin! Qısqanmırsınızmı ki, birdən sizə olan sevgiləri itlərinizə keçər?! A, təmiz unutmuşdum, sizlər qısqana bilmirsiniz axı, sevmək də təbiətinizə yaddır…

Sevən adam insana dəyər verən, onun zəhmətini qiymətləndirən adamdır. Ömrünü-gününü elmə sərf etmiş birisini rahatlıqla daş daşımağa göndərə bilirsinizsə, sevməyi bacarmanız sadəcə mümkünsüzdür. Sizlər heç itlərinizi də sevmirsiniz. Sadəcə it-pişikdir, bunları saxlamaq dəbdəbənizdə, özünüzü kübar təbəqə kimi göstərmək cəhdinizdə sonuncu mərhələdir. Hər şeyi var, hətta iti də - bunu eşitmək istəyirsiniz. Başdan ayağa saxtakarlıqla yoğrulmuş həyat fəlsəfənizi bir növ, tamamlamağa çalışırsınız. Amma inanın ki, alınmayacaq. Bir qədər irəli gedib heyvanlara konsert vermək arzusuna düşənlərinizdə də, dördayaqlılarınızı cəmiyyətə göstərərək sizləri etalon kimi gözə soxub çörəyini bu cür naqisliklərdən çıxaranlarda da heç nə alınmayacaq! Çünki sizlər və sizin kimilər böyük hesabla həyatı alınmayanlarsınız.

Gedin, it, pişik, timsah, meymun, pələng, Allah xətrinə lap begemot da saxlayın. Amma özünüzə yaxşı-yaxşı baxın. Kim olmayıb, nə olduğunuzun fərqinə varın. Qətiyyən unutmayın ki, bizlər filosoflardan birinin söylədiyi kimi, nə vaxtsa yüz yaşdan tez ölməyin utanclıq gətirəcəyi zamanın yetişəcəyinə inanırıq. Sizlər də inanın. Nə vaxtsa utana biləcəyinizə inanın! İçərinizdə bir az insani hiss varsa, utancınızın ömrünün itlərinizin ömrü qədər olması ilə barışmayın. UTANIN!